Şəmsəddin Hacıyevin deputat mandatı geri alına bilər - Vəkildən açıqlama

img

21-09-2017 [14:25]


Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 18 may 2012 ildən 1 aprel 2014-cü ilədək təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borcların uçotdan yayındırılmasını nəzərə alaraq, qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialları Baş Prokurorluğa göndərib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş materialı araşdırıb.

İlkin araşdırma zamanı qeyd olunanlarla bağlı əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, 2012-2014-cü illərdə İqtisad Universitetinə deputat Şəmsəddin Hacıyev rektorluq edib. Bu araşdırma Şəmsəddin Hacıyevin həbsi ilə nəticələ bilərmi?

Modern.azsaytı Milli Məclisin adı çəkilən deputatının məsələyə münasibətini öyrənə bilməyib. Şəmsəddin Hacıyev hələ ki telefon zənglərinə cavab vermir.

Tanınmış vəkil Adəm Məmmədov Modern.az-a deyib ki, bu maddələrlə açılan işlər ağır cinayətlər kateqoriyasına aiddir:

"Maddələr üzrə təqsirli şəxs və ya şəxslər 7 ildən 12 ilədək, eyni zamanda, 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Vəkil qeyd edib ki, cinayətdə təqsiri sübuta yetirilərsə, deputatın mandatı geri alına bilər:

"Əgər istintaq zamanı belə hallar müəyyən olunarsa, Baş prokurorluğun təqdimatı, Milli Məclisin qərarı ilə şəxsin deputatlıq toxunulmazlığına xitam verilə və məsuliyyətə cəlb oluna bilər”.



Digər xəbərlər
SON XƏBƏRLƏR