"General ondan Əli Nağıyevin əleyhinə ifadə almağa çalışırmış" - Məhkəmədə sensasion ittihamlar səsləndi

img

21-09-2017 [13:06]


Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev  və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində 70 saylı Notarial Kontorunun notariusu Nadir Fərhadov ifadə verib.

O, zərərçəkmiş Əsgər Əliyevin epizodu üzrə danışaraq qeyd edib ki, orda torpaq alqı-satqısı hüquqi sənədlərlə həyata keçirilib. Şahid bu müqavilənin imzalanmasında MTN-də işləmiş Heydər adlı şəxsdən göstəriş aldığını da deyib.

Prokuror Fəhmin Hümbətov şahidin ifadəsində bəzi ziddiyyətlər olduğunu bildirib. Qeyd olunub ki, ibtidai istintaqa verilən ifadədə göstərilib ki, N. Fərhadov alqı-satqı müqaviləsini MTN-dən gələn tapşırıqla həyata keçirib.

Daha sonra Elçin Quliyevin vəkili vəsatətlə çıxış edərək, alqı-satqı müqaviləsinin məhkəməyə təqdim olunmasını istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Zərərçəkmiş Mətləb Mustafayev epizodu üzrə şahid qismində Əbülfəz Məmmədov ifadə verib. O, M. Mustafayevin qardaşı, intihar etmiş MTN polkovniki Malik Mustafayevlə yaxın dost olduğunu deyib.

Şahid M. Mustafayevə  E. Quliyev tərəfindən təzyiq edildiyini deyərək, onun ölümündə MTN generalını ittiham edib: "Ölümündən bir gün əvvəl Maliklə görüşdüm. O, özünü öldürəcəyini deyirdi. Rəis Elçin Quliyev tərəfindən qardaşı Mətləb Mustafayevə görə təzyiq olunduğunu bildirirdi. Mənə dediyinə görə, Elçin Quliyev onun qardaşından Əli Nağıyevin əleyhinə ifadə almağa çalışırmış".

Bu zaman E. Quliyev şahidə etiraz edib və onu yalan danışmaqda ittiham edib: "Siz heç Əli Nağıyevi tanıyırsınız? Əlİ Nağıyevlə bağlı Mətləbdə nə məlumat ola bilərdi ki, mən onu almaq istəyim? Siz özünüz Malik Mustafayevin ölümündən dərhal sonra istintaqa ifadə vermisiniz. Heç orda mənim adımı çəkməmisiniz. İndi niyə adımı hallandırırsınız? Deməli, bu şahid təzyiqlə ifadə verir və onun ifadəsi qərəzlidir. Orda sənə kimsə hədə-qorxu gəlirdi ki, səni öldürəcəyik, başını kəsəcəyik?".

Şahid isə "o qədər baş kəsməyə öyrəşmisiniz ki", deyə E. Quliyevə cavab verib.

Hakim şahiddən istintaqda E. Quliyevin adını niyə çəkmədiyini soruşub. Şahid bunun səbəbini deməyib.

Daha sonra M. Mustafayevin epizodu üzrə keçmiş MTN-in Təhqiqat İdarəsinin rəisi olmuş Mövsüm Əsgərov ifadə verib. O, ifadəsində M. Mustafayevin evindən silah tapıldığını deyib.

Prosesdə fasilə elan olunub.

Fasilədən sonra hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə E. Quliyev bildirib ki, iclasa gələn şahidlər öyrədilib. Bu, zərərçəkmiş Maqsud Mahmudovun narazılığına səbəb olub. M. Mahmudov deyib ki, E.Quliyev kimi generallar MTN-i dağıdıblar.

Bu zaman E. Quliyev zərərçəkmişləri "dələduz" adlandırıb. Tərəflər arasında mübahisə yaranıb. Onlar bir-birlərinin ünvanına təhqiramiz sözlər işlədiblər.

M. Mahmudov stəkandakı suyu E. Quliyevə atıb. Bundan sonra hakim M. Mahmudovun zaldan çıxarılmasına göstəriş verib.

Proses sentyabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.   Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR