“Space”də maaşlar 4 aydır kəsilib? - Telekanaldan iddialara cavab

img

20-09-2017 [17:12]


"Space” telekanalının işçiləri Facebook sosial şəbəkəsində maaşların verilməməsindən şikayətləniblər. Telekanal əməkdaşlarının sözlərinə görə, "Space”də 4 aydır - may ayından bəri maaşlar verilmir. 

Qeyd olunur ki, rəhbərlik problemi teleşirkətin büdcəsində pulun olmaması ilə əlaqələndirir. 

Yeri gəlmişkən, bu haqda açıq danışmaqda çəkinən telekanal əməkdaşları nazarılıqlarını sosial şəbəkədə gizli profillərdən bəyan ediblər.

Əhməd Məmmədov adlı əməkdaş isə qeyd edib ki, televiziyaya reklam yerləşdirən şirkətlər də artıq reklam verməkdən imtina edir.

İşçilər yaranmış vəziyyətdən bezdiklərini, problem həll olunmasa, tezliklə işdənçıxmanın qaçılmaz olduğunu vurğulayıblar. 

Onu da qeyd ediblər ki, "Space" rəhbərliyinin bu məlumatları rəsmən təkzib edəcəyi istisna deyil.

Modern.az saytı məsələyə aydınlıq gətirmək üçün Space telekanalı ilə əlaqə yaradıb. 

Kanalın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Eldəniz Elgün yayılan informasiyaların həqiqətə uyğun olmadığını bildirib:

"Sosial şəbəkədə Əhməd Məmmədov adlı şəxs bu cür məlumatlar paylaşıb. Halbuki, "Space”də bu adda şəxs işləmir. Bunlar sadəcə təxribat xarakterli informasiyalardır. Təkcə bu məsələ deyil, başqa mövzularda da eyni addım atanlar olub. Bu məlumatlarla bağlı ciddi araşdırma aparıldı, lakin Əhməd adlı işçimizin olmadığı məlum oldu. Kanalda işləməyən biri buradakı vəziyyətdən necə agah ola bilər?!”.

E.Elgün işçilərin maaş probleminin olmadığını vurğulayıb:

"Hazırda kanalda hər şey qaydasındadır. Adətən sentyabrda yeni mövsümün başlanğıcı olduğu üçün bu cür təxribatlara əl ataraq kanalların nüfuzuna xələl gətirmək istəyirlər. Biz də bu kampaniyalardan birinin qurbanı olmuşuq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR