Dollara tələb artacaq - Ekspertdən proqnoz

img

20-09-2017 [11:19]


"Mərkəzi Bankın son açıqlamasından sonra bizə manatın məzənnəsinin yaxın zamanlarda daha da möhkəmlənməsinin mümkünlüyü ilə bağlı suallar verilir. Əvvəlla, Mərkəzi Bankın uçot stavkasını dəyişməməsi onun mövcud status-kvotanı saxlamaq istəyi kimi də dəyərləndirilə bilər. Son aylar bankların milli valyuta üzrə depozit faiz dərəcələrini azaltması manatla əmanətlərin həcminə təsir göstərə bilər. Belə ki, ilin əvvəlində manatla əmanətlərə 15-18 faiz divident təklif edən banklar artıq milli valyutanı 10-12 və hətta bəziləri bir rəqəmli faizlə cəlb edirlər. Mərkəzi Bankın uçot stavkasının dərəcəsinə toxunmamasının səbəblərindən biri də depozitlərin strukturunda manatla yığımların artımını davam etdirmək məqsədidir".

Mia.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Manatın məzənnəsinin necə dəyişəcəyinə gəldikdə isə, ekspert qeyd edib ki, son aylar təşkil edilən hərracların nəticələri göstərir ki, Mərkəzi Bank milli valyutanın daha da möhkəmlənməsində deyil, mövcud məzənnəsinin qorunub saxlanmasında maraqlıdır:

"Bəzi hərraclarda satışa çıxarılan dolların yarıdan çoxunun satılmamasına baxmayaraq, Mərkəzi Bank rəsmi məzənnəni, demək olar ki, dəyişməməsi də məhz bu istəkdən xəbər verir. Baş Bankın son açıqlamasında da manatın məzənnəsinin, həmçinin ixrac imkanları və iqtisadiyyatın diversifikasiyası aspektindən qiymətləndirilməsi də ondan xəbər verir ki, Mərkəzi Bank bahalı manatda maraqlı deyil. Çünki möhkəm milli valyuta bahalı ixrac deməkdir. Bahalı ixrac məhsullarının isə rəqabət imkanları məhdud olur. Əslində, biz hələ 2015-ci ildə ərzaq idxalının birbaşa və ya dolayı subsidiyalaşması, eləcə də xarici valyutalardakı kreditlərə güzəştin tətbiq edilməsi yolu ilə manatın bazar məzənnəsinin müəyyənləşdirilməsini təklif edirdik. Bu ixrac imkanlarının artırılması baxımdan daha məqbul olardı. Bütövlükdə, Mərkəzi Bankın son açıqlaması ondan xəbər verir ki, manatın möhkəmlənməsi deyil, indiki məzənnənin qorunub saxlanması priortitetdir. Buna görə də, hətta dollara tələb azalsa belə, Mərkəzi Bankın manatı daha da bahalaşdıracağı gözlənilən deyil".

Kursa gəldikdə isə, iqtisadçının fikrincə, prosesə təsir göstərmək imkanlarına malik əsas qurum yenə də Mərkəzi Bankdır: "Dekabr ayında dollara tələbin artacağı gözlənilir. Həmin ay idxalın artması, dövlət və özəl müəssisələrinin xarici borc öhdəliklərini yerinə yetirməsi və xarici səfərlərin sayının artması dollara tələbi artırır. Bunun manatın məzənnəsinə necə təsir göstərəcəyi birbaşa Mərkəzi Bankdan asılı olacaq. Mərkəzi Bank indidən dekabr ayında artan tələbə hazır olmalı, bazara daha çox valyutanın çıxarılmasını təmin etməlidir. Öncədən proqnozlaşdırdığımız kimi, avqust ayında dollara tələb artdı. Bu, özünü valyuta hərraclarının nəticələrində də göstərdi. Buna baxmayaraq, manatın məzənnəsi dəyişmədi. Çünki Mərkəzi Bank bazara tələb olunan dolların çıxarılmasını təmin etməklə stabilliyi və intervalı qoruyub saxladı".

Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, Azərbaycan hökuməti manatın məzənnəsi üçün xüsusi risk görmür: "Manatın məzənnəsini bazar həll edir. Sadəcə olaraq, hökumət, Mərkəzi Bankı düşünməlidir ki, bütövlükdə manatın möhkəmlənməsi nə dərəcədə ölkədə həyata keçirilən iqtisadi strategiyaya uyğundur, xüsusi ilə də ixracın şaxələnməsi, ixracın dəstəklənməsi nə dərəcədə doğrudur. Hələlik biz əsaslı qorxu görmürük".

Baş bankirin sözlərinə görə, bu gün manatın məzənnəsi üzən məzənnə rejimindədir: "Müsbət trend adətən tədiyə balansının cari əməliyyatlar hesabının profisiti hesabına formalaşır. Yəni biz cari hesabın profisitinin təqribən 1,5 - 2 milyard dollar təşkil edəcəyini gözləyirik. Mühüm məsələ ondadır ki, manatın möhkəmlənməsi iqtisadi strategiyaya nə dərəcədə uyğun olacaq. Lakin biz hələ ki belə risklər görmürük".

E.Rüstəmov qeyd edib ki, iqtisadiyyatda cari trendlər hələ hökuməti qane edir: "Bu gün məndən mümkün devalvasiya barədə soruşdular. Mən çox təəccübləndim və sarsıldım ki, devalvasiya ilə bağlı hələ də belə fikirlər qalır".


Digər xəbərlər
SON XƏBƏRLƏR