Uşaqların ölkədaxili qatarla səyahət etməsi üçün etibarnamə qərarı qanunaziddir - Hüquqşünas

img

19-09-2017 [21:28]


Hüquqşünaslar azyaşlıların ölkədaxilində qatarla valideynsiz səyahəti zamanı onu aparan şəxsdən sənəd tələbini "qanunsuz" hesab edirlər.

Bu barədə etirazlar Azərbaycan Dəmir Yolları QSC-in azyaşlıların ölkədaxilində səyahəti zamanı onları müşayiət edən şəxsdən etibarnamə tələb etməsinə dair qərarından sonra yaranıb.

Məlumatı BBC Azərbaycancaya təsdiqləyən qurumun sözçüsü Sevinc Qədirova bildirib ki, qatarla yol gedən uşağın yanında ya valideynlərindən biri olmalıdır, ya da onu müşayiət edən şəxsə valideynləri tərəfindən etibarnamə verilməlidir.

Sevinc Qədirova qeyd edib ki, bu qərar 10 yaşa qədər uşaqlara şamil edilir:

"Nəvələrini özləri ilə rayona aparmaq istəyən nənə-babalar, yaxud digər qohumlar qatara bilet almaq istəyərkən, onlardan valideynlərin icazə kağızı tələb edilir. Əsas məsələ uşaqların təhlükəsizliyidir. Cəmiyyətdə uşaq oğurluğu, qaçırılması, valideyndən alınıb aparılması kimi xoşagəlməz hallar olur. Bu səbəbdən belə bir tələb zəruri idi".

Sevinc Qədirova əlavə edir ki, bu qayda beynəlxalq istiqamətdə fəaliyyət göstərən qatarlarda çoxdan tətbiq olunur.

Qərarı "qanunazidd" sayan hüquqşünas Fariz Namazlı deyir ki, Miqrasiya Məcəlləsinə görə, azyaşlının səfəri üçün valideyndən notariusda təsdiqlənmiş etibarnamə tələbi yalınız ölkəxarici səfərlərə şamil edilir:

"Miqrasiya Məcəlləsində göstərilir ki, azyaşlı valideynsiz yalnız ölkəxaricinə çıxa bilməz. Amma Məcəllədə uşağın ölkədaxili səyahəti ilə bağlı valideyn razılığı tələbi ilə bağlı hər hansı müddəa yoxdur. Valideyn, ya valideynin etibar etidyi şəxs azyaşlını, məsələn, təyyarə ilə Naxçıvana apara bilər. Bu zaman hər hansı razılıq sənədi tələb olunmur".

Sevinc Qədirova bu qərarın sərnişindaşıma qaydalarına əsasən verildiyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR