"Nazirə zəng etdim ki, bağıma minaaxtaranlar göndərsin" - Qudası Şeyxin biznesi haqda

img

14-09-2017 [14:28]


Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, Milli Məclisin sabiq deputatı Qalib Salahzadə Şeyxin Çexiyada özünə mülk alıb, böyük biznes qurması barədə yayılan məlumatlara münasibət bildirib.

Mia.az xəbər verir ki, Q.Salahzadə "Ölkə.Az”-a açıqlamasında deyib ki, Şeyxin heç bir ölkədə biznesi yoxdur:

"Ötən gün məni qaralayan xəbər yayılmışdı. İndi də Şeyxi qaralayan xəbərlər yayılıb. Bütün bunlar böhtandır. Məgər Şeyxin vaxtı var, bizneslə məşğul olsun? Şeyx bütün günü Rusiyaya gedib-gəlir, Qarabağ probleminin həllinə çalışır. Onun bu Vətən üçün xidmətləri böyükdür. İndi Allahşükür Paşazadəni kimlərsə hədəfə alıblar, bu cür şərləməyə çalışırlar”.

Q.Salahzadə xarici ölkələyə gedib-gəlməkdə qəbahət görmədiyini də söyləyib:

"Şeyx nə vaxtsa Karlovı Varıya gedib bir stəkan su içib. İndi deyirlər ki, onun Çexiyada biznesi var. Birincisi, Şeyxin Karlovı Varıda biznesi yoxdur. Lap olsa nə olar? Məgər biznesi olmaq eyibdir? Mən bir daha söyləyirəm ki, bütün bunlar Şeyxə qarşı böhtandır. Bunun arxasında kimlər dayanırsa, Allah onların cəzasını verəcək”.

Şeyxin qudası zaman-zaman özünün də bu cür şər-böhtanlara məruz qaldığını bildirib:

"2000-ci ildə məni polisə sillə vurduğum üçün həbs etmişdilər. Boynuma da ağır maddə qoymaq istəyirdilər. Deyirdilər ki, guya 8 nəfər adam öldürmüşəm. Həbsdə üç ay yatandan sonra ulu öndər Heydər Əliyev xəbər tutmuşdu. Maraqlanıb soruşmuşdu ki, Hacı Qalibi nə səbəbə həbs etmisiniz? Demişdilər ki, polisə sillə vurub. Allah rəhmət etsin, Heydər Əliyev də tapşırmışdı ki, Hacı Qalibi dərhal azad edin. O vaxtı ulu öndər məni həbsdən qurtarmışdı. Bir neçə il öncə isə bağımdan silah tapmışdılar. Deyirdilər ki, guya Hacı Qalib silah gəzdirir və sairə. Mən də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova zəng edib xahiş etdim ki, bağıma minaaxtaran əməliyyatçılar göndərsin. Sağ olsun Eldar Mahmudov, kişi adamdır. O da göndərmişdi. Gəlib bağı yoxlamışdılar, ancaq heçnə tapılmamışdı. Deməyim odur ki, vəzifədə olan bəzi məmurlar üçün adamı şərləmək çox asandır. Hörmətli Şeyximizi də şərləmək istəyirlər”.

Xatırladaq ki, Allahşükür Paşazadənin Çexiyanın Karlovı Varı bölgəsində biznesinin olması barədə sənədlər yayılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR