Lapşin niyə intihar etdi? - Penitensiar Xidmətdən açıqlama

img

11-09-2017 [15:42]


"Aleksandr Lapşin ekstradisiya məsələlərinin uzanmasını bəhanə gətirərək intihara cəhd edib".

Mia.az xəbər verir ki, bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2 və 52.1 maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş Lapşin Aleksandr Valeryeviç cəza çəkdiyi müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hüquqlarla tam təmin edilib: 

"Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan A.Lapşinə bu səfirliklərin ölkəmizdə akkreditə olunmuş nümayəndələri, habelə ailə üzvləri ilə dəfələrlə görüşlər təqdim edilib. İstintaq dövrü ərzində həbsdə saxlanılan A.Lapşin mütəmadi olaraq həkim nəzarətində olmuş, tələb olunan səviyyədə tibbi müayinə və müalicə ilə təmin edilmişdir. 10 sentyabr 2017-ci il tarixdə A.Lapşin ekstradisiya məsələlərinin uzanmasını bəhanə gətirərək intihara cəhd etmişdir. Lakin saxlanıldığı istintaq təcridxanası əməkdaşlarının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınmış və A.Lapşinə lazımi tibbi yardım göstərilib”.

Bildirilib ki, sentyabrın 11-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq Lapşin Aleksandr Valeryeviçin əfv edilməsi haqda Sərəncam imzalayıb. Sərəncama əsasən A. Lapşin qanunvericiliyin tələblərinə uyğun olaraq cəzasının qalan hissəsini çəkməkdən azad ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR