Şriftin ölçüsü / 456 dəfə oxunub

"Qələbənizin çox böyük əhəmiyyəti, mənası var" İlham Əliyev “Qarabağ”ın heyətini qəbul edib - FOTOLAR

24 Avqust 2017 [17:33]
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də "Qarabağ” futbol klubunun heyətini qəbul edib.

Mia.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Görüşdə Prezidenti İlham Əliyev çıxış edib:

"Dünən ölkəmizin futbol tarixinin yeni səhifəsi açılmışdır. "Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdır. Bu tarixi qələbə münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Siz Azərbaycan xalqına qələbə sevinci bəxş etdiniz. Siz gərgin mübarizədə bir daha göstərdiniz ki, Azərbaycan idmançısı, Azərbaycan vətəndaşı öz xalqına, dövlətinə bağlıdır, güclüdür, peşəkardır və ölkəmizi beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir".

İlham Əliyev vurğulayıb ki, bu tarixi qələbə eyni zamanda ona görə önəmlidir ki, bu qələbəni hamımız üçün doğma və əziz olan "Qarabağ” komandası qazanıb:

""Qarabağ” komandası Qarabağ adını daşıyır. "Qarabağ” komandası işğal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə də sizin qələbənizin çox böyük əhəmiyyəti, mənası var. Bu, sadəcə olaraq idman qələbəsi deyil. Bu, dövlətimizin qələbəsidir. Azərbaycan gəncliyinin, vətənpərvər insanların qələbəsidir. Biz döyüş meydanlarında da, idman meydanlarında da qələbələr qazanırıq. Necə ki, keçən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri qəhrəmanlıq, şücaət göstərərək torpaqlarımızın bir hissəsini işğaldan azad etdilər. O torpaqlarda indi həyat qaynayır, vətəndaşlar işğaldan azad edilmiş torpaqlara qayıdıblar, indi orada yaşayır, qurur, yaradırlar. O torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır.

Siz də dünən Azərbaycan bayrağını futbol sahəsində yüksəklərə qaldırmısınız. Əminəm ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı və xaricdə yaşayan milyonlarla azərbaycanlı sizin qələbənizə ürəkdən sevinirdi, fəxr edirdi ki, Azərbaycan komandası, xüsusilə Qarabağ adını daşıyan komanda bu gün dünyanın, Avropanın ən güclü komandaları arasında yer tutub".

Prezident bildirib ki, bu qələbə eyni zamanda Azərbaycanda futbolun inkişafının təzahürüdür: "Mən çox şadam ki, dünyanın ən populyar idman növü olan futbol Azərbaycanda inkişaf edir. Biz bu inkişafı çoxdan gözləyirdik. Futbolçularımızın qələbələrini səbirsizliklə gözləyirdik. Və hesab edirəm ki, bu gün bunun şahidiyik. Çünki həm klublar, həm də milli yığma komandamız yaxşı nəticələr göstərir, ləyaqətli oyun göstərir, əzmkarlıq, iradə, vətənpərlik göstərir".



SON XƏBƏRLƏR