"Xəstəliyi olan anaların hamısının övladının qüsurlu doğulacağını iddia etmək düzgün deyil" - Həkim

img

24-08-2017 [14:28]


"Xəstəliyi olan anaların hamısının övladının qüsurlu doğulacağını iddia etmək düzgün deyil".

Bu sözləri Mia.az-a yeni doğulmuş uşaqların hansı səbəbdən ürək qüsurlu olmasına aydınlıq gətirən Bioloji Təbabət Klinikasının həkimi, tibb elmləri namizədi, mama-ginekoloq Gülnara Sultanqızı deyib. O, döl zamanı ürək qüsurlarının müxtəlif səbəblərdən yarandığını bildirib:

"Birinci, genetik faktor rol oynaya bilər. Hətta bəzi revmatik, ürək-qan damar, ağciyər xəstəlikləri, ürək çatışmazlığı və s. bu kimi xəstəlikləri daşıyan ananın övladının xəstəliklə doğulması mümkündür. Ancaq bu o demək deyil ki, xəstəliyi olan ana sağlam uşaq dünyaya gətirə bilməz. Əslində, belə anaların sağlam uşaq dünyaya gətirməsi mümkündür”.

Mama-ginekoloq bildirib ki, xəstəlik ana bətnində müəyyən edilərsə, aradan qaldırıla bilər:

"Hamiləliyin 28-29-cu həftəsində belə halları aşkarlamaq mümkündür. Feton-exokardioqrafiya deyilən müayinə növü var ki, həmin müayinə ilə ana bətnində olan dölün ürəyinin fetan-exokardioqrafiyası çıxarılır və ürək xəstəlikləri təyin edilir. Hər bir qadına hamilə qalmadan öncə Kardiovaskulyar panel (CVD paneli) analizini yoxlatdırmaq məsləhət görülür.

Bəzən də ürək qüsurlarına səbəb olan genetik xəstəliklərin, məsələn, Daun sindromunun doğulmadan öncə diaqnozunu qoymaq mümkündür. Hamiləlik müddətində 16-22–ci həftədən əldə edilən amnion mayedən yoxlanıla bilər. Bu analizlərin hamısını Bioloji Təbabət Klinikasının nəzdində yerləşən Afgen Genetik Mərkəzdə dünyaca məşhur prof. dr. Afiq Bərdəli tərəfindən Türkiyədə ixtisaslaşmış tibbi heyət həyata keçirir.

Azərbaycanda ana bətnində dölün əməliyyatı olmadığına görə doğulan kimi həmin körpəni neantoloq, kardioloq müayinə edir. Əgər ürək qüsuru aradan qalxa bilərsə, ona təyin olunmuş vaxt ərzində müdaxilə edilir. Çox təəssüf ki, bəzən bu mümkün olmadığı üçün yeni doğulmuş uşaq dünyasını dəyişir”.

Qeyd edək ki, Respublika Perinatal Mərkəzinin açıqlamasına görə, Səhiyyə Nazirliyinin Rostropoviç Fondu ilə birgə həyata keçirdiyi proqram çərçivəsində pilot müəssisə kimi Respublika Perinatal Mərkəzində 4 ay ərzində 275 yeni doğulmuş körpədə skrininq (profilaktik müayinə) zamanı 85 uşaqda ürək-damar çatışmazlığı, 30 halda isə anadangəlmə ürək qüsuru aşkarlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR