"Zeynəbimiz həkim səhlənkarlığından öldü" - Ailə yekun rəylə razılaşmır, cəza istəyir

img

24-08-2017 [13:46]


Xəbər verdiyimiz kimi, iyulun 31-də Sumqayıtda 5 yaşlı Zeynəbi it dişləmişdi. İlkin müayinədən sonra o evə göndərilmiş, lakin avqustun 17-də dünyasını dəyişmişdi. Bu hadisə Azərbaycanda böyük əks-səda doğurdu.

Zeynəbin əmisi Rauf Mikayılov bildirir ki, sırf həkimlərin məsuliyyətsizliyinə görə Zeynəb indi onların yanında yox, cənnətdədir. Hamı deyir ki, 5 yaşlıq körpə it dişləməsinə görə ölüb. Onlar bilmirlər ki, onun ölümü birbaşa həkimin məsuliyyətsizliyinə görə olub. Mahal həkim müayinəni düzgün aparmayıb, yaranı düzgün təmizləməyib. İt Zeynəbin başından dişləmişdi, onun saçı kəsilməli, düzgün qaydada ilk tibbi yardım göstərilməli idi. Həkimlər xəstəliyin ciddiliyini nəzərə almadılar, adi it dişləməsi kimi qəbul edib, yaranı ötəri təmizləməklə bant ilə yapışdırdılar. Bir şey ki yaranı təmizləməyə pambıq tapmayıb, cuna ilə təmizləyiblər.

Rauf Mikayılov söyləyir ki, uşağı Sumqayıtda saxlamaq da ən böyük səhvlərdən idi və dərhal Bakıya göndərilməliydi. Əslində uşağı it dişləyən ilk gündən Qarayev adına Uşaq Xəstəxanasına göndərməli idilər. Çünki sırf infeksion xəstəliklərə Qara Qarayev adına Uşaq Xəstəxanası baxır.Ancaq onlar körpəmizi 4 gün burada saxladılar. Zeynəbin 7 yaşlı bacısı və 6 aylıq qardaşı var. Anası soruşub ki, əgər hər şey qaydasındadırsa, biz evə gedək, onlar da deyiblər ki, 1 gün qalın, sabah sizi buraxacağıq.

Biz sıradan adamlarıq, tibb işçisi deyilik, bilmirik bu xəstəliyin fəsadlarını

Quduzluq infeksiyası ilə Sumqayıt şəhər 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasından "vəziyyəti qənaətbəxş” diaqnozu ilə Zeynəb evə buraxıldıqdan sonra 1 nəfər belə zəng edib bizimlə maraqlanmadı. Bizə xəstəlik barədə heç bir məlumat vermədilər, vəziyyəti ağırlaşarsa, nə etməli olduğumuzu bizə başa salmadılar. Onlar balamızı evə buraxmalı deyildilər, çünki quduzluq keçici xəstəlikdir, həm bizim ailəmiz üçün, həm də Zeynəbimizin ətrafı üçün təhlükəli idi bu. Sonradan öyrəndim ki, bu xəstəlik 1 ilə qədər öz fəsadlarını göstərə bilər.

Yara izləri sağalmışdı, ancaq xəstəlik daxildə öz işini görürdü

Zeynəb yavaş-yavaş əvvəlki vəziyyətinə qayıdırdı, həyətdəki uşaqlarla ünsiyyətdə olurdu. Hətta, avqustun 11-də bizim xeyir işimiz olanda, onu da toya aparmışdıq. Zeynəb toydakı bütün uşaqlarla, qohum-əqrəba ilə ünsiyyətdə olmuşdu. Gülürdü, danışırdı, xoşbəxt idi.
Həkim onu nəzarətdə saxlamalı idi, həkimin vəzifəsi can qurtarmaqdır, can almaq yox. O, Zeynəbin həm özünü, həm də ətrafını təhlükəyə atdı, 5 yaşlı canımızdan parçanı əlimizdən aldı. Buna nə ad qoymaq olar axı?!

Sentyabrın 11-i 5 yaşı olacaqdı

Zeynəb atasına deyirdi ki, ad günümdə mənə tort bişirtdirərsən. Səbirsizliklə ad gününü gözləyirdi. Nə bilərdi axı, həkim məsuliyyətsizliyinə görə 5 yaşına çatmadan gözlərini ədəbi yumacaq.
Mahal həkim körpəmizin Əzraili oldu. Hal-hazırda müvafiq orqanlara göndərmək üçün şikayət ərizəsi hazırlanır. O, elədiklərinə, qəssablığına görə mütləq cavab verəcək.

Onun gözlərinə qurban olum, o cür balanı öldürmək olardı?!

Babası Əlövsət Mikayılov deyir ki, Zeynəb ayın 13-ü axşam həmişəki kimi yatmağa gedib.
Səhər tezdən gördük ki, balamız qızdırmadan yanır, daha sonra qaytarmağa başlamışdı. Birinci elə bildik ki, istidəndir, gün vurub. Amma sən demə, xəstəlik baş qaldırıbmış. Bizim bilməməyimizin səbəbi həkimin bizi məlumatlandırmaması idi.
Son günlərində daha çox əziyyət çəkirdi, nəvəm. Gözümün önündən getmir onun baxışları, eləcə su istəyirdi. Verirdik, içə bilmirdi, boğazı düyünlənmişdi. Pambığı suya batırıb ağzına çəkirdik, saniyələr keçməmiş ağzından köpüklər gəlirdi. Suya həsrət öldü körpə balam.

Mahal həkim mənə dedi ki, sən bilirsən ki, kimlə danışırsan?!

Əmisi Rauf Mikayılov avqustun 14-nü belə xatırlayır: Səhər mən, babası və anası uşağı vaxt itirmədən travmatologiyaya apardıq. Mən gördüm ki, orada heç bir həkim sinəsini qabağa vermək istəmir. Çünki onlar dərk edirdilər ki, körpədə quduzluğa yoluxma var. Mən dilimlə dedim ki, siz bacarmırsınızsa, göndəriş verin, aparım uşağı Bakıya. Güclə onlardan təyinatı aldım. Burdan Bakıya gedəndə, onlar xəstəyə quduzluq diaqnozu qoymamışdılar. Bakıda Zeynəbə quduzluq diaqnozu qoyuldu.
Uşağı Bakıdakı xəstəxanaya qoyandan sonra, Sumqayıta gəldim. Dedilər ki, həkim məzuniyyətdədir. Dəqiq bilmirəm elə idi, ya yox. Mən təkidlə həkimə zəng elədim, dedim ki, gəl 5 yaşlı körpənin 6 aylıq qardaşına, 7 yaşlı bacısına, ünsiyyətdə olan körpələrə, ailəsinə zamin dur ki, quduzluq heç kəsə keçməyib. Mənə qayıdıb dedi ki, sən bilirsən heç mən kiməm?!

2 yaşlı Zəhramızı öldürən erməni ilə, səhiyyədəki qatilin fərqi nədir?

Deyirlər ki, həkimə şiddətli töhmət verilib. Töhmət alıb orada qalacaqsa, yenə məsuliyyətsizliyinə görə körpələrin canına qıyacaqsa, onun orada nə işi var axı?!

Siz mənə deyin, 2 yaşlı Zəhramızı öldürən erməni ilə, səhiyyədəki Zeynəbin qatilinin fərqi nədir?!
Ümid edirik ki, 5 yaşlı Zeynəbimizin ölüm səbəbi tam araşdırıldıqdan sonra günahı olan insanların hamısı cəzasını çəkəcək və daha körpə balalarımız it dişləməsi səbəbi ilə, ölməyəcək. Onların körpə bədənləri torpağın altında qalmayacaq, gülüş səsləri daima eşidiləcək.
Xəbərlə.com

Digər xəbərlər
SON XƏBƏRLƏR