"Beynəlxalq Bank"ın vəzifəli şəxsi məhkəmədə etiraf etdi - 300 min manat mənimsəmişəm

img

23-08-2017 [16:20]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Qaradağ" filialının kredit şöbəsinin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq baş mütəxəssisi Elnur Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Elnur Hüseynov 300 min manata yaxın vəsaiti özünün xərclədiyini deyib. E. Hüseynov alınan pulların digər şəxslərə verilib-verilmədiyi barədə sualı cavablandırmaqdan imtina edib.

Hakim Azad Məcidov "Beynəlxalq Bank"a dəyən ziyanın qaytarılması üçün təqsirləndirilən şəxsə vaxt verib.

Məhkəmədə təqsirləndirilən şəxsin borclulara və banka ümumilikdə 550 min manat məbləğində ziyan vurduğu məlum olub.

Proses avqustun 30-da davam etdiriləcək.


İttihama görə, E. Hüseynov qulluq mövqeyindən istifadə edərək, 5 yanvar 2012-ci ildən 28 avqust 2015-ci ilədək "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Qaradağ" filialının kredit şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyərkən ayrı-ayrı şəxslərə müraciət edərək, işlədiyi bank filialından kredit rəsmiləşdirməsinə razı salıb, kredit üzrə əsas və faiz borclarının özünün ödəyəcəyini deyərək, onlara yalandan vəd verib. O, Məmmədova Səmra Orxan qızının kredit qovluğundakı sənədlərdə sonuncunun imzasını oxşadıb icra etməklə 3 min manat, Hüseynova Qumru Orxan qızı, Əzizov Azan Mahir oğlu, Qaçayev Aydın Qaçay oğlu, Qəhrəmanov Elçin Rəşid oğlu, Cavani Mehdi Hicran oğlunun hər birinin adına eyni qaydada 3 min manat kredit rəsmiləşdirərək, götürüb. Eyni qaydada zərərçəkmiş Elduz Rzayevin adına 10 min manat, Qəzənfər İsgəndərovun adına isə 7 min manat kredit götürərək, dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR