Nailin qəzasının videosunu kim gizlədib? - Sensasion iddialar+DYP-dən reaksiya

img

17-08-2017 [16:41]


Ötən həftənin media gündəmini zəbt edən baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törətməsi bəzi dairələrin, o cümlədən millət vəkillərinin də hadisəyə münasibət sərgiləmələri ilə yadda qaldı.

Mia.az avropa.info-ya istinadən xəbər verir ki, əslən Cəbrayıl rayonundan olan deputat Astan Şahverdiyevin isə heç nəyə "dərman” olmayan, əslində müdafiə xarakterli bəyanatı məsələnin daha da gərginləşməsinə əsas verdi. 

Astan Şahverdiyevi baş nazirin müavinini, eləcə də "Qaçqınkom”-un sədrini müdafiə etməsinə nə vadar edirdi?

Saytın əldə etdiyi məlumata görə, Astan Şahverdiyev özünün və qohumlarının əldə etdiyi bütün imtiyazları məhz baş nazirin müavini Əli Həsənovun sayəsində əldə edib.

Astan Şahverdiyevin qardaşı Araz Şahverdiyev Cəbrayıl rayon polis idarəsinin rəisidir, o cümlədən digər qardaşı oğlu Eyvaz Şahverdiyev isə Bakı Şəhər Dövlət Yol Polisi rəisinin müavinidir. 

İddialara görə, qəza hadisəsi baş verən gün sükan arxasında olan şəxsin Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olmasını məhz Eyvaz Şahverdiyev gizlədə bilib.

Eyvaz Şahverdiyevin Bakı Dövlət Yol Polisində intelektual idarəetməyə cavabdeh olduğu və bütün kameralara nəzarətin birbaşa bu şəxsin nəzarətində olduğu qeyd edilir. Lakin sonradan məsələnin daha da böyüməsi və Dövlət Yol Polisinin araşdırmaları nəticəsində əsl həqiqət üzə çıxıb. Qeyd edək ki, hadisə baş verəndən bir gün sonra, deputat Astan Şahverdiyev də Nail Allahverdiyevin hadisə yerində olmadığını, avtomobili onun idarə etmədiyini bildirirdi.

Daha maraqlı məqamlardan biri isə baş nazirin müavini kimi Əli Həsənovun sədr olduğu Narkomanlığa qarşı mübarizə üzrə dövlət komissiyasında da Astan Şahverdiyevin digər qardaşı oğlu Fərid Şahverdiyevin işləməsidir. Fərid Şahverdiyev Əli Həsənovun rəhbərlik etdiyi komissiyada yüksək vəzifə tutur.

Bundan başqa, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı olan, məlum hadisələrlə bağlı hal-hazırda həbs olan Vüsal Ələkbərovun da Astan Şahverdiyevin qardaşının kürəkəni olduğu bildirilir. Beləliklə Əli Həsənovun himayəsi altında bütün qohum əqrabalarına vəzifə verdirən Astan Şahverdiyevin Əli Həsənovu müdafiə etməsində səmimiyyət yox, digər amillərin olduğu ortaya çıxır.


**** 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlum qəza baş verən gün sükan arxasında Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin olması faktının Eyvaz Şahverdiyev tərəfindən gizlədilməsi ilə bağlı mətbuatda gedən xəbərə reaksiya verib. 

"Qafqazinfo” ilə əlaqə saxlayan Vaqif Əsədov Eyvaz Şahverdiyevlə bağlı yazıdan narazılığını ifadə edib: "Əvvəlcə onu deyim ki, yol nəqliyyat hadisəsinin baş verdiyi gündən əvvəl Eyvaz Şahverdiyev məzuniyyətdədir. İkincisi, E. Şahverdiyev Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində deyil. Polkovnik-leytenant Eyvaz Şahverdiyev Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində yol hərəkətinin təşkili şöbəsinin rəisidir və funksional vəzifəsini yerinə yetirir.

Üçüncüsü, E. Şahverdiyevin intellektual idarəetməyə cavabdeh və bütün kameralara nəzarəti həyata keçirən şəxs olduğuna dair informasiya da dəqiqləşdirilmədən verilib və yenə də qəsdən yol polisi əməkdaşlarının fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır. Belə ki, kameralar şöbəsinə nəzarəti bir başqa şöbə rəisi həyata keçirir və onun da intellektual idarəetmə sisteminə cavabdehliyi yoxdur. Beləliklə də, bu informasiya bütövlükdə Şahverdiyevlər ailəsi haqqında mənfi imic formalaşdırmaqdan başqa bir şey deyil”.

V.Əsədov bildirib ki, müasir standartlara cavab verən texniki vasitələrin tətbiq edildiyi ərəfədə heç nəyi gizlətmək mümkün deyil: "Ən azından hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə informasiyası ictimaiyyətə çatdırılıb. Hazırda da hadisəylə bağlı iş aparılır. Digər görülən tədbirlərlə bağlı isə mətbuatda məlumatlar gedib.



Digər xəbərlər
SON XƏBƏRLƏR