Şriftin ölçüsü / 415 dəfə oxunub

Arif Hacılı: "Bu günə qədər Əli Həsənova hər hansı bir tənbehin olmasının şahidi deyilik" - Müsahibə

12 Avqust 2017 [17:38]

Məlum olduğu kimi, Baş nazirin müavini, "Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev avqustun 3-də paytaxtın Heydər Əliyev prospektində ağır yol qəzası törədib. Qəza nəticəsində iki nəfər dünyasını dəyişib, iki nəfər isə ağır yaralanıb. 

İlk günlər Ə.Həsənovun nəvəsini prosesdən uzaq tutmağa cəhdlər edilsə də, nəticədə bu, mümkün olmadı. O fikirlər də səslənir ki, artıq məmur övladlarının harın hərəkətlərinə qarşı sərt tədbirlərin görülməsi ilə bağlı hakimiyyətin yuxarı dairələrindən qərar verilib. Məhz, bu səbəbdən də Ə.Həsənov kimi nüfuzlu bir məmur nəvəsinin cəzalandırılması ilə barışmalı olub. 

Görəsən, hakimiyyət artıq qanunlara tabe olmayan məmur övladlarına qarşı sərt cəza mexanizmini işə salıb, yoxsa bu, cəmiyyəti sakitləşdirməyə hesablanıb? 

Mia.az xəbər verir ki, "Reytinq” qəzetinin bu və digər suallarını Müsavat Partiyasının başqanı Arif Hacılı cavablandırır:

- Bu gün Azərbaycanda tam açıq cəmiyyət mövcud deyil. Ona görə də bəzi məsələləri gizlətmək, ört-basdır eləmək mümkündür.

Təbii ki, bizim bilmədiyimiz, cəmiyyətə məlum olmayan bu və ya digər vəzifəli şəxslər və onların qohumları tərəfindən törədilən çoxlu özbaşınalıqlar, cinayət hadisələri var. Ancaq aşkara çıxan, ört-basdır edə bilmədikləri cinayət hadisələri də mövcuddur. Bu da ölkənin tam qapalı cəmiyyət olmaması, sosial şəbəkələrdə imkanların geniş olması ilə bağlıdır. 

Ona görə də, mən hesab etmirəm ki, hakimiyyət artıq məmur özbaşınalığı, kimlərinsə harınlığına qarşı sərt mübarizəyə başlayıb və bu istiqamətdə irəliləyişlər var. Jurnalist Rasim Əliyevin öldürülməsi, ondan sonra baş verən özbaşınalıqlar da bütövlükdə ölkədə olan qanunsuzluğun, cəzasızlığın nəticəsdir.

Xatırlayırsınızsa, bir müddət öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Novruzəli Orucovun oğlu avtoxuliqanlıq edərək, marşurut sürücüsünə qarşı zorakılıq törətmişdi. Bu hadisə ictimailəşəndən sonra o, vəzifəsindən azad edildi. Bəyan edildi ki, bundan sonra belə hadisələr baş verəcəksə, eyni qərarlar qəbul ediləcək. Ancaq gördünüz ki, Baş nazirin müavini Əli Həsənovun nəvəsinin törətdiyi qəzada iki nəfər dünyasını dəyişib, iki nəfər ağır xəsarət alsa da, ona digər məmur kimi cəza verilməyib. Yəni, hakimiyyətin verdiyi bəyanata uyğun olaraq, məsələyə vahid standartla yanaşılmadı. Hətta bu günə qədər Əli Həsənova hər hansı bir tənbehin olmasının da şahidi deyilik. Bu fakt da göstərir ki, bu məsələlərə yanaşmada vahid standartlar mövcud deyil. Bununla Azərbaycanın hüquqi dövlət olmadığı, ölkədə hüquqi nihilizmin tüğyan etdiyi bir daha təsdiqlənir.

- Arif bəy, hakimiyyət nümayəndələrinin, yaxud onların ailə üzvlərinin bu cür hərəkətləri ciddi problemlərə yol açır. Necə düşünürsünüz, belə davranışların Azərbaycan hakimiyyətinin taleyinə hansı təsirləri ola bilər?

- Təbii ki, ciddi təsirləri ola bilər. Azərbaycan cəmiyyəti dözümlüdür. Bu, bir tərəfdən müsbət haldır, ancaq digər tərəfdən, xüsusi ilə hüquq və azadlıqların pozulması hallarına dözümlü yanaşma baxımından, buna təəssüf edirik.

Lakin bir məsələ də var, istənilən dözümlü cəmiyyətin səbrinin tükəndiyi məqam olur. Mənə elə gəlir ki, məhz, bu cür hadisələr nəticə etibarı ilə Azərbaycan hakimiyyətinin süqutuna səbəb olacaq. Hesab edirəm ki, hakimiyyət mənsubları bu şəkildə davranmaqla öz ömürlərini qısaldırlar.

- Son hadisələr zamanı müşahidə olundu ki, cəmiyyətdə aqressiya həddindən artıq çoxdur. Amma bu etiraz, aqressiya əsasən konkret məmura qarşı yönəlir. Sizcə, bu narazılıq ümumilikdə hakim sistemə qarşı çevrilə bilərmi?

- Bu gün bütövlükdə cəmiyyətdə hüquqi nihilizm şəraiti mövcuddur. Məsələn, yazdığı statusa görə döyülüb öldürülən jurnalist Rasim Əliyev hadisəsi də, Əli Həsənovun nəvəsinin törətdiyi avtoxuliqanlıq nəticəsində insanların həlak olması da, digər bu tipli hadisələr də cəmiyyətdə olan ümumi özbaşınalıq mühitinin nəticəsidir. Bu səbəbdən də, ümumilikdə bu mühitin dəyişmə zərurəti var. 

Mən düşünmürəm ki, Azərbaycan cəmiyyəti bunun fərqində deyil. İnsanlar hər şeyin mahiyyətini dərk edir. Sadəcə, indiki xof şəraitində, ümumi siyasi basqı, güc strukturlarının ümumi total nəzarəti nəticəsində Azərbaycan cəmiyyətinin müqavimət gücü müvəqqəti olaraq zəifləyib. Əminəm ki, Azərbaycan cəmiyyəti narazılığını real olaraq ortaya çıxarmaq üçün özündətəpər tapacaq.

- Müxalifətin aktiv olduğu illərdəbu cür hadisələr baş versəydi, bundan daha səmərəli istifadə edilərdi. Amma indi müxalifət belə məsələlərdə də mübarizəsini gücləndirə bilmir...

- Problem bütövlükdə müxalifətlə bağlı deyil, cəmiyyətlə əlaqəlidir. Yəni, Azərbaycan cəmiyyəti indi daha ağır böhran keçirir və hakimiyyətin ictimaiyyət üzərindəki təsir imkanları əvvəlki illərdən daha çoxdur. Narazılığın əvvəlki illərdəki kimi ortalığa çıxmamasının səbəbkarının müxalifət olması barədə düşüncələr yanlışdır. Əgər diqqət yetirsəniz, görərsiniz ki, müxalifət partiyalarının, ayrı-ayrı müxalifət liderlərinin, mübariz, fədakar jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin hakim rejimin atdığı addımlara, yol verdiyi qanunsuzluqlara qarşı mövqeləri əvvəlki illərdən daha sərtdir. Ancaq cəmiyyətin müqavimət gücü siyasi atmosferlə bağlı olaraq, əvvəlki illərə nisbətən azalır. Düşünürəm ki, bu, müvəqqəti haldır və vəziyyət dəyişəcək.

- Arif bəy, gələn il ölkədə prezident seçkiləri ilidir. Adətən seçki ilində müxalifət də, cəmiyyət də aktivləşir. Sizin gözləntiləriniz nədir, gələn il ölkədə ictimai-siyasi aktivliyin şahidi olacağıq?

- Azad və ədalətli seçkilərin keçirilməsi üçün bir sıra zəruri məsələlər var. Onlar seçkiqabağı demokratik şəraitlə, demokratik seçkilərin keçirilməsi üçün müvafiq qanunvericilik bazası ilə, bərabərhüquqlu siyasi rəqabət mühitinin mövcudluğu ilə bağlıdır. Bundan əlavə, seçki komissiyalarının müstəqil olması və iddiaçı tərəflərin nümayəndələri tərəfindən yaradılması zəruridir. Təəssüf ki, bu şərtlərin heç biri Azərbaycanda yoxdur. Azərbaycanda fundamental insan haqları olan söz və ifadə azadlığı, sərbət toplaşmaq azadlığı təmin edilmir. Ona görə də biz, Müsavat Partiyası olaraq seçki islahatı ilə əlaqədar təkliflər paketi hazırlamışıq. Bu təkliflər paketinin bir sıra siyasi partiyalar, ictimai təşkilatlar vəcəmiyyət tərəfindən dəstəklənməsinə çalışacağıq.

Gələn ay Müsavat Partiyası seçki ilinin başlanması ilə bağlı dəyirmi masa keçirmək və seçki mövzusunu gündəmə gətirmək niyyətindədir. Təbii ki, indiki siyasi şərait dəyişməsə, seçki qanunvericiliyində ciddi dəyişikliklər baş verməsə, siyasi islahatlar aparılmasa, 2018-ci ildə demokratik seçkilərin keçirilməsi barədə düşünmək sadəlövhlük olardı.

Ancaq mən hesab edirəm ki, Azərbaycan cəmiyyəti, ilk növbədə siyasi qüvvələr çalışmalıdır ki, ölkədə siyasi vəziyyət dəyişsin və müəyyən siyasi islahatlara nail olunsun. Biz bu sahədə öz səylərimizi sentyabr ayının əvvəllərindən başlayaraq, artırmaq niyyətindəyik.

-Əgər dedikləriniz baş verməsə, boykot yolunu seçə bilərsinizmi?

- İndi elə bir şərait mövcüddür ki, seçkiləri boykot edən təşkilat ilk növbədə özünü seçki prosesindən, siyasi prosesdən kənarda qoymuş olur. Çünki seçkiləri boykot eləmək saxta seçkilərin keçirilməsini dayandırmaq baxımından heş nə vermir. İndiki şəraitdə bu, o qədər də real görünmür. Təbii ki, siyasi islahatların aparılması üçün ciddi mübarizəni təşkil eləmək mümkün olmasa, ölkədə siyasi vəziyyət, seçkiöncəsi mühit dəyişdirilməsə, siyasi məhbuslar azadlığa buraxılmasa, müxalifət qüvvələrinin seçkiləri boykot etməkdən başqa yolu qalmayacaq.

Ancaq biz dünyada və regionda siyasətin dəyişməkdə olduğu qənaətindəyik. Çalışacağıq ki, bu vəziyyətdən istifadə edərək ölkədə də siyasi vəziyyətin dəyişməsinə, seçkiöncəsi mühitin yaxşılaşmasına, müəyyən siyasi islahatların aparılmasına nail olaq. Əgər belə islahatların aparılması mümkün olacaqsa, yaxud bu istiqamətdə ciddi mübarizənin təşkili reallaşacaqsa, təbii ki, ölkədə siyasi vəziyyət dəyişəcək.

Zaur ƏHMƏD




SON XƏBƏRLƏR