ANS-in jurnalları niyə bağlandı? - Teleşirkətdən cavab: “O qədər borclarımız var ki...”

img

09-08-2017 [13:44]


Ötən ilin iyulunda ANS telekanalının bağlanması gündəmi zəbt edən əsas məsələlərdən idi. Telekanalın qapadılmasına səbəb Türkiyədə baş verən  hərbi çevrilişə cəhd hadisələrindən sonra ANS əməkdaşının bu olaylara rəhbərlik etməkdə şübhəli bilinən Fətullah Gülənin ABŞ-da keçirdiyi mətbuat konfransında iştirak etməsi olub.

Müsahibədən sonra "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən, televiziya vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verildiyi üçün ANS-in fəaliyyəti  dayandırıldı. Milli Televiziya və Radio Şurası (MTRŞ) 2016-cı il iyulun 18-də «ANS Müstəqil Yayım və Media» Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib. MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.

Lakin telekanal və radio ilə yanaşı, "ANS PRESS Nəşriyyat Evi” MMC müxtəlif jurnallar da dərc etdirib. "Hesabat”, "Bala dili”, "Elli”, "Elman”, "Aysel” kimi jurnallar oxuculara təqdim edilirdi.

Maraqlıdır, hazırda ANS şirkətlər qrupuna məxsus olan həmin jurnallardan hansısa fəaliyyət göstərirmi? Bu jurnalların aqibəti necə olub?

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, maliyyə qaynağı olmadığı üçün şirkətə məxsus olan jurnallar da öz fəaliyyətini dayandırıb:

"Hazırda bizim fəaliyyətimiz tam şəkildə dayanıb. Bu səbəbdən bir qəpik də qazana bilmirik. Belə olduğu halda hansı vəsaitlə jurnal dərc etdirə bilərik? O qədər borclarımız var ki... Camaatın maaşını necə verək?...Yaxşı bilirsiniz ki, jurnal dərc etdirmək üçün işçi, vəsait, maliyyə qaynağı lazımdır”.

AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov dəfələrlə Modern.az-a açıqlamasında ANS-in avadanlıqları ilə bağlı məsələdə qeyri-müəyyənlik olduğunu və şirkətin binadan əmlakını çıxarmadığını bildirib.  Hətta institut direktoru açıqlamasında avadanlıqların köçürülməsi üçün ANS-ə yer təklif etdiyini də qeyd edib.

M.Məmmədov bununla bağlı ünvanladığımız sualı belə cavablandırıb:

"Avadanlıqlarla bağlı hər hansı irəliləyiş yoxdur, hamısı eyni yerdədir. Tutaq ki, biz bu avadanlıqları binadan çıxartdıq, bəs hara qoyacağıq, küçəyə?...Axı bizim binamız da yoxdur. Zoologiya İnstitutu çox şey deyə bilər. ANS-in əmlakı ilə əlaqəli məsələ məhkəməlikdir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR