"Bu adamların məqsədi xalqı dövlətlə üz-üzə qoymaqdırmı?" - Əməkdar jurnalistdən etiraz

img

03-08-2017 [17:52]


Azər HƏSRƏT,
Əməkdar jurnalist

Yazmasam ölləm! Dünən Binəqədiyə toya getmişdim. Rəsulzadə qəsəbəsindən üzü Binəqədiyə yol bərbad gündə! Keçilməz yəni! 

Hələ nəzərə alsaq ki, yaydır, bağa dənizə gedənlər var. Birtəhər keçdim, getdim. Saat 8.30-dan sonra toydan çıxdım ki, şəhərə gələm. Düşünürdüm ki, bu saatlarda yol boş olar. Oldumu? Oldu! Amma yol boş deyil, işgəncə oldu! Bir nəfər polis gözə dəymir, sürücülərdə də mədəniyyət sıfır! 

Düz 2 saat o 1 km-lik yolda tıxacda qaldım. Axırda dözməyib 102-yə zəng etdim. Əvvəl dedilər xəbərimiz var, polislər ordadır. Cavab verdim ki, bir nəfər polis gözə dəymir. Dedilər indi göndərərik. 

Yenə də dözmədim, 112-yə fövqəladəyə zəng etdim. Dedim, boğuluruq. Cavab verdilər ki, polisə xəbər verərik. Dedim, iş polislik deyil. Maşınlar dayandığı üçün ətrafda zəhərli qaz sıxlığı yaranıb, nəfəs ala bilmirik, zəhərlənərik. Dedilər, sizin zənginizi qeydə aldıq. 

Bir xeyli keçəndən sonra zülmlə oradan uzaqlaşa bildim. Yalnız Biləcəriyə dönən yerdə (dəmiryol körpüsü) cəmi 1 nəfər polis yolu tənzimləyirdi...

Deyinə-deyinə, özü də çox gec evə gəlib çıxdım. Bütün bunları ona görə yazıram ki, yollar gündüz vaxtı polislə dolu olur. Maşınları saxlayıb texniki baxış, ekoloji uyğunluq yoxlayırlar. A kişi, elə qanun keşikçisisinizsə, o Binəqədi yolundakı bərbad tənzimləməni yoluna qoyun da.

Bu arada onu da əlavə edim ki, o yoldan son dəfə fevralda keçmişdim. Palçıqdı. Ayaq qoymağa yer yoxdu. Onda da toya getmişdim. Dünən düşünürdüm ki, yəqin yol artıq təmir edilib qurtarıb. Dünən şoka düşdüm sadəcə. 1 km-lik yol nədir ki, onu bu qədər müddətə təmir edə bilmirlər? Bu adamların məqsədi xalqı dövlətlə üz-üzə qoymaqdırmı? Məncə elədir! Başqa variant ağlıma gəlmir.



Digər xəbərlər
SON XƏBƏRLƏR