Əflatun Amaşov Zərdabinin büstünü ziyarət edib - FOTO

img

22-07-2017 [19:34]


Mətbuat Şurasının və Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun təmsilçiləri milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin Mərkəzi Nəbatat Bağında yerləşən büstünü ziyarət ediblər. Şuradan Lent.az-a verilən məlumata görə, ziyarət milli mətbuatımızın yaranmasının 142-ci öldönümü münasibəti ilə gerçəkləşib. Bununla bağlı keçirilmiş mərasimdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov "Əkinçi” qəzetinin Azərbaycanın ictimai fikir tarixində oynadığı rola diqqət çəkib.

O bildirib ki, "Əkinçi”nin ümumilikdə 56 sayı işıq üzü görüb. Lakin nəşrin missiyası sonradan milli qəzetlərin yaranmasına böyük təkan verib. "Əkinçi”nin maarifçilik ideyaları öz davamını "Kəşkül”, "Ziya”, "Kaspi”, "Şərqi-rus”, "Molla Nəsrəddin” kimi dövrün tanınmış nəşrlərində tapıb. Ə.Amaşov çıxışında həmçinin müasir dövrdə Azərbaycan mediasının inkişaf xüsusisyyətlərindən söz açıb. Şura sədri vurğulayıb ki, ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi media siyasəti eyni zamanda Həsən bəy Zərdabinin xalqın tərəqqsinə yönəlmiş maarifçilik xəttinə böyük ehtiramın nümunəsidir.

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun rəhbəri Əziz Əliyev çıxışında bildirib ki, Azərbaycan mətbuatının banisi olan Həsən bəy Zərdabi tarixdə dərin iz buraxmış görkəmli şəxsiyyətdir. Onun miras qoyduğu irsi qorumaq son dərəcə vacibdir.

Ə.Əliyev Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu Mətbuat Şurası ilə birgə Həsən bəy Zərdabinin xatirəsini görkəmli mütəfəkkirin büstünün olduğu Mərkəzi Nabatat bağında anılmasının artıq ənənəyə çevrildiyini bildirib. O, toplantı iştirakçılarını Milli Mətbuat və Jurnalistika Günü Münasibəti ilə təbrik edərək Zərdabinin maarifçilik xəttinin qorunmasından məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, Həsən bəy Zərdabinin Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında yerləşən büstünü ziyarət ənənəsinin əsası ötən ilin iyulun 21-də Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu ilə Mətbuat Şurası tərəfindən qoyulub. Uzun müddət bu büst ölkənin media ictimaiyyətinin diqqətindən kənarda qalıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR