Xəzər rayonunda piyada maşınla vuruldu - Rəsmi araşdırma gedir

img

22-07-2017 [19:27]


Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Xəzər rayonunda baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı birgə açıqlama yayıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a daxil olan məlumatda bildirilib ki, 20 iyul 2017-ci il tarixdə saat 18 radələrində 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Səfiyev Bəhman Süleyman oğlu etibarnamə olmadan idarə etdiyi, tanışı - 1979-cu il təvəllüdlü, Bakı şəhəri sakini İsayev Rəşad Zakir oğluna məxsus "Mercedes Benz G63” markalı, 10 LJ 010 dövlət qeydiyyat nişanlı avtomobillə "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən sürətin maksimum həddinin 90 km/saata qədər məhdudlaşdırıldığı sahədə Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində Bakı-Bilgəh yolu ilə saatda 100 km/saat sürətlə hərəkət edərkən yolu keçən piyada - 1959-cu il təvəllüdlü, Buzovna qəsəbəsində kirayədə yaşayan Musayev Elman Zaman oğlunu ehtiyatsızlıqdan vurmuş və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb:

"Məlumatla əlaqədar əməliyyat-istintaq qrupu yaradılaraq dərhal hadisə yerinə rayon prokurorunun iştirakı ilə baxış keçirilmiş, hadisə yeri ətraflı müayinə olunmaqla fotoşəkillər çəkilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla əlaqədar Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi cinayət işi başlanmış, iş üzrə məhkəmə-tibb və məhkəmə-avtotexniki ekspertizaları təyin edilmişdir".

Məlumatda qeyd olunub ki, Bəhman Səfiyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilmişdir. O, təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib:

"Hazırda həmin cinayət işi üzrə, eləcə də Bəhman Səfiyevin bir qrup şəxslə 2015-ci ildə Nərimanov rayonu ərazisində baş vermiş silahlı insidentdə iştirakı ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış məlumatların tam, hərtərəfli və obyektiv araşdırılaraq qanunamüvafiq qərarın qəbul edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Digər xəbərlər
SON XƏBƏRLƏR