"Bu, bizə qarşı planlaşdırılmış bir aksiyadır" - Qətər əmiri

img

22-07-2017 [10:15]


Qətərə qarşı tətbiq olunan sanksiyalar ölkəyə ciddi təsir göstərməyib.
 
Bunu Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani "Əl-Cəzirə” kanalında yayımlanan telemüraciətində bəyan edib.
 
"Blokadaya baxmayaraq, ölkədə həyat öz axarı ilə davam edir. Şübhəsiz ki, bu, bizə qarşı planlaşdırılmış bir aksiya idi. Lakin biz kənar təsirə davam gətirə bildik. Hökumətin həyata keçirdiyi tədbirlər sayəsində vətəndaşlarımız gündəlik həyatlarında belə heç bir dəyişiklik hiss etmədilər. Biz Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlığı Şurasına üzv olan bəzi dövlətlərin siyasəti ilə razı olmasaq da, onların daxili işlərinə qarışmırıq və qarşılıqlı hörmətə söykənən dialoqa daim hazırıq”, deyə əmir vurğulayıb.
 
Qeyd edək ki, bu, şeyx Təmim bin Həməd Al Taninin regionda yaranmış böhrandan sonra ilk açıqlaması olub.
 
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik və iqtisadi münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edib.  Daha sonra adıçəkilən ölkələr Qətərə 13 bənddən ibarət ultimatum veriblər. Sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, "Əl-Cəzirə” telekanalını bağlamaq kimi tələblər yer alıb. Rəsmi Doha ölkəyə qarşı irəli sürülən ittihamları və ultimatumu qətiyyətlə rədd edib.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR