20 əməkdaş məsuliyyətə cəlb olundu, 3 nəfərin qulluğuna xitam verildi - Nazirdən sərt qərar

img

21-07-2017 [19:05]


İyulun 21-də Ədliyyə Nazirliyində icra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin iştirakı ilə məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində məhkəmə qərarlarının icrasının mühüm əhəmiyyətini vurğulayıb. Nazir müavini bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini, yeni təsirli icra mexanizmlərinin yaradılmasını, icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsini, xidmətin şəffaf müsabiqələrlə hazırlıqlı gənclərlə komplektləşdirilməsini, maddi-texniki bazasının və infrastrukturunun müasirləşdirilməsini, "elektron icra" sisteminin tətbiqini qeyd edib.

Bu ilin birinci yarısında fəaliyyətlərində yol verdikləri ciddi qanun pozuntularına və digər neqativ hallara görə Ədliyyə Nazirliyi İcra Xidmətinin 20 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 3 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib, 7 nəfər isə tutduğu vəzifədən azad edilib.

Bu barədə Ədliyyə Nazirliyində keçirilən müşavirədə bildirilib. Müşavirədə bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, işlərin hərəkətsiz saxlanılması halları və digər nöqsan və çatışmazlıqlar icra qurumlarının rəhbərlərinin nəzərlərinə çatdırılaraq onların aradan qaldırılması tələb edilib.

Mövcud problemlərlə bağlı nazirliyin məsul işçiləri və yerli icra qurumlarının rəhbərləri dinlənilib, nöqsanların səbəbləri və onların aradan qaldırılması yolları müzakirə edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR