Şriftin ölçüsü / 75 dəfə oxunub

Məmmədyarov: "Ermənistan müxtəlif təxribat və bəhanələrə əl atır"

17 Iyul 2017 [17:37]
"Azərbaycan və Ermənistan prezidentlərin mümkün görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair konkret planın müzakirəsini və həyata keçirilməsini təmin etmək lazımdır".
 
APA-nın xəbərinə görə, bunu RİA "Novosti”-yə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov deyib.
 
Qeyd edək ki, bu il iyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib. Həmsədrlər görüşün yekununda iki ölkə prezidenti arasında 2017-ci ildə görüşün keçirilməsi təklifini irəli sürüb.
 
"Görüşdə prezidentlər səviyyəsində görüşün keçirilməsinə dair təklif səslənib. Xarici işlər nazirləri müvafiq olaraq bu təklifi dövlət başçıları ilə razılaşdırmalıdır. Münaqişənin həlli prosesi istiqamətində görüşlər vacib elementdir. Lakin bu, görüş xatirinə görüş olmalı deyil. Əgər prezidentlər səviyyəsində görüş təşkil olunursa, həmsədrlərin münaqişənin nizamlanması ilə bağlı təklif etdiyi planı müzakirə etmək və həyata keçirmək lazımdır. Buna görə biz həmişə danışıqların substantiv xarakterinin vacibliyini vurğulayırıq", - deyə o bildirib.
 
Xarici işlər nazirinin sözlərinə görə, prezidentlərin Sankt-Peterburq görüşündən sonra substantiv danışıqlar yolu ilə münaqişənin həllinə imkan verməmək üçün Ermənistan tərəfi müxtəlif təxribat və bəhanələrə əl atıb.
 
E. Məmmədyarov bildirib ki, danışıqlar prosesini davam etdirmək üçün Ermənistan hətta şərtlər irəli sürməyə çalışır: "Hadisələrin xronologiyasına nəzər salsaq, aydın olacaq ki, iyun ayından sonra həmsədrlərin regiona səfəri və nazirlərin Brüsseldəki görüşü öncəsi Ermənistan bilərəkdən vəziyyəti gərginləşdirirdi. İyulun 4-də Füzulinin Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən həyata keçirilmiş məqsədyönlü hücum nəticəsində 2 yaşlı qız və onun nənəsi öldürülüb, bir qadın yaralanıb. Sonuncu hadisələr və ötən ilin aprel ayındakı toqquşmalar sübut etdi ki, Ermənistan silahlı qüvvələrini işğal altındakı Azərbaycan torpaqlarından çıxarmaqdan imtina etdiyi üçün region ciddi təhlükə ilə üz-üzə qalıb".
 
Nazirin qənaətinə görə, Ermənistan hər vasitə ilə status-kvonun saxlanmasına və işğalı davam etdirməyə çalışır.
 
"Buna görə "münaqişənin hərbi yolla həlli yoxdur, tərəflər siyasi iradə nümayiş etdirməli və atəşkəs rejimi qorunmalıdır” kimi çağırışlar Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarından qoşunlarını çıxartması  tələbi ilə müşayiət olunmalıdır. Bu kontekstdə Ermənistanı sülhə məcbur etmək üçün siyasi-diplomatik təzyiq göstərilməlidir", - deyə E. Məmmədyarov vurğulayıb.
 
E. Məmmədyarov Rusiya, Azərbaycan, Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün keçirilməsinə dair suala cavab olaraq hələlik belə bir təklifin olmadığını, sonuncu belə görüşün bu ilin aprelində Moskvada baş tutduğunu söyləyib.
 
Qeyd edək ki, Brüssel danışıqlarında Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün BMT Baş Assambleyası sessiyası çərçivəsində bu ilin sentyabrında Nyu-Yorkda keçirilməsinə dair razılıq əldə olunub.


SON XƏBƏRLƏR