Generalın oğlu məhkəmədə nələri etiraf etdi? - Vəkildən açıqlama

img

17-07-2017 [15:08]


"Sürücü Rüstəm Orucovun xəbərdarlıqlarına məhəl qoymayıb".

Bu sözləri Lent.az-a açıqlamasında bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad edilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun vəkili Pəhləvan Aslanov bildirib.

Məlumata görə, Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Rüstəm Orucov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına (Kürdəxanı) köçürülüb.

Rüstəm Orucov saxlanılan zaman ona dövlət hesabına vəkil təyin edilib. Həmin vəkil də 11 saylı hüquq məsləhətxanasının əməkdaşı Pəhləvan Aslanovdur.

Vəkil bildirib ki, Binəqədi rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Rüstəm Orucov barəsində sanksiya seçilib: "Rüstəm Orucov məhkəmədə avtobus sürücüsünü döydüyünü etiraf etdi. Bildirdi ki, sürücü onun valideynlərini təhqir edib. Rüstəm onu xəbərdarlıq edib ki, valideynlərini söyməsin. Onun ifadəsinə görə, sürücü bu xəbərdarlığa məhəl qoymayıb və hadisə məhz bundan sonra baş verib. Məhkəmə Rüstəm barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib”.

Vəkil bildirib ki, hazırda onunla qohumları tərəfindən müqavilə bağlanmayıb: "Mən dövlət tərəfindən təyin edilmişəm. Hazırda istintaq hərəkətləri aparılır. Hələlik mənimlə müqavilə bağlanmayıb. O da ola bilər ki, ailə üzvləri başqa bir vəkillə müqavilə bağlasınlar”.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuata açıqlamasında bildirib ki, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Onu da bildirək ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR