“Ölkədə “məxməri inqilab”a real zəmin yarana bilər” - Partiya sədrindən xəbərdarlıq (Müsahibə)

img

17-07-2017 [13:01]


Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisində partiya sədri Əli Əliyevin 2018-ci il seçkilərində VİP-in prezidentliyə namizədi olması haqqında qərar verilib.

Ə.Əliyev "Reytinq”ə müsahibəsində seçkiyə hələ xeyli müddət qalmış belə bir qərarın hansı səbəbdən verilməsinə və digər məsələlərə aydınlıq gətirib:

- Prezidentliyə namizədliyin irəli sürülməsi partiyanın seçkili ali qurumlarının qərarıdır. Həm Qurultay, həm də Məclis siyasi vəziyyəti müzakirə edərək, bu nəticəyə gəlib.

Bizim qənaətimizə görə, Azərbaycan yeni idarəçilik, eyni zamanda psixoloji mərhələyə keçir. Fikrimcə, "yuxarılarda” fərq ediblər ki, daha belə getməz. YAP namizədinin dəyişəcəyini düşünürük. Bu addımla da, iqtidar yeni idarəçilik mərhələsinə qədəm qoyacaq. Mədəni dünyanın qəbul edəcəyi üsluba keçid baş verə bilər. Əslində bunlar 13-cü ildə baş verməli idi. Amma o zaman Kreml, eləcə də iqtidar daxilindəki Moskvaya bağlı qrup və müxalifətin bir hissəsinin toplaşdığı Milli Şura buna mane ola bildi. Bu transformasiya Şimal qonşumuzu narahat etmişdi. Çünki yeni fəlsəfə Qərblə digər cəhətlərin balansının bərpasını nəzərdə tutur. Moskva isə bunu heç cür qəbul etmir. Onlara görə Azərbaycan Avrasiya adlı rusların 5-ci imperiyası tərkibinə girməlidir. Belə şəraitdə seçkilərin bu il də baş verə biləcəyi ehtimalı yüksəkdir. Əvvəl deyilənləri də zaman faktorunun üzərinə gəldikdə, tələsmədiyimiz qənaəti formalaşır. Hətta seçkilər gələn il, qrafikə uyğun baş tutarsa, yenə də tələskənliyimizi görmürəm.

Məhdud resurs, hakimiyyətin basqısı və müxalifətin demoralizasiyası şərtində bir il o qədər də böyük zaman deyil.

- Partiyanın bu qərarından sonra başqa namizədə hansı şərtlərlə güzəştə gedə bilərsiniz?

- Yalnız müxalifətin çox geniş koalisiyasının vahid platformada qərarlaşması, prinsiplərimizi əks etdirən siyasi fəlsəfəyə sahib namizədin ortaya çıxması və inandırıcı qələbə perspektivi qərarımıza yenidən baxmağa əsas ola bilər. Lakin qarşıdan gələn dövrdə belə perspektivi az ehtimallı görürük.

- İddialar səslənə bilər ki, Əli Əliyev hakim komandanın namizədi qarşısında çox zəif görünəcək. Bu barədə nə deyə bilərsiniz?

- Güc faktoru indiki dönəmdə həlledici deyil. Əvvəla onu deyim ki, hakimiyyət idarəçilik mexanizmini hifz edə bilsə, seçki onun xeyrinə yekunlaşacaq. Çünki seçki resursları, o cümlədən komissiyalar, qanunvericilik, maddi vəinsani resurslar, qaba güc, beynəlxlaq faktor onun nəzarətindədir. Müxalifətin birlikdə bu resurslara tay ola biləcək qısavədəli potensialı belə mövcud deyil. Belə olacağı şəraitdə seçki müxaliflər üçün təbliğat xarakteri və məşq mahiyyəti daşıyacaq. Yox, əgər hər hansı səbəbdən rəvan və işlək mexanizm sıradan çıxacaqsa, o zaman əhalinin rəğbətini qazana biləcək tərəf şanslı olacaq.

Sizin sualın mənbəyini bilirəm. İctimai rəydə daima iki radikal və amansız mübarizə aparan düşərgə görünüb: YAP və onların meydanda qalmasında maraqlı olan AXC-Müsavat cütlüyü. Belə qladiator mahiyyətli mübarizədə bu günə qədər də, sonra da daxili işlər naziri qalib çıxıb, çıxacaq da.

Biz yeni nəslin nümayəndəsi və yeni təfəkkürün daşıyıcılarıyıq. Cəmiyyət bu gün xeyli dəyişib. 90-lardan bu günə yeni təbəqə və yeni nəsil formalaşıb. Bu nəsil kapitalizmin yetirmələridir. Onlar sosializm təbliğatı ilə formalaşan mentalitetin sahibləri deyillər. Onlar daha praktik və gözü açıqdırlar.

Qorxaq və hürkək də olsa, pul sahibləri və biznes nümayəndələri əmələ gəlib. Bu insanlar sahib olduqlarını itirmək istəmirlər. Bəzən siyasi mübarizənin qaynarında siyasətçilər bu həqiqəti qəbul etmirlər. Bu təbəqə təmsilçiləri iqtidarı dəstəkləmir, lakin müxalifətdə də öz fikir ortaqlarını görmürlər.

Biz mərkəzçi qüvvəyik. Nə iqtidarı, nə də 90-larda ilişib qalmış bəzi müxalifət liderlərini qəbul etmirik. Onların düşməncəsinə mübarizəsi ölkəni geri aparır. Bizim seçici kontingentimiz də, şüarlarımız da, hədəflərimiz da, trayektoriyamız da fərqlidir. Köhnə qvardiyanın mübariz sağlam heyətindən də imtina etmək niyyətimiz yoxdur. Onların çoxillik təcrübəsi, sınanmış əqidəsi əvəzedilməzdir.

Konkret imkanlara gəldikdə, ölkədə keçirilən son seçkilərin hər birində VİP ən ciddi potensial nümayiş etdirib. İstər parlament olsun, istərsə də 2013-cü il prezident seçkiləri - partiya kimi özümüzə bərabər 4-5 partiya görmüşük.

Bundan əlavə, ən ciddi imkanlarımız ölkədəki heç bir prosesə bulaşmamağımızdır. Digər əksəriyyətdən fərqli olaraq, hakimiyyətlə bu və yaxud başqa formada açıq, ya gizli ticarətimiz olmayıb. Bu bizim ənəsas üstünlüyümüzdür.

Qarşıdan gələn seçkilərdə əsas tezisimiz cəmiyyətə dürüstlük təklif etmək olacaq. Bunu sözlə deyil, əməllə əsaslandıracayıq. Bu zəmində istənilən siyasi qüvvəni yarışa çağırırıq. Bu prinsipi siyasi bioqrafiyasında çox az sayda təşkilat və şəxs qoruya bilib. Rəqabətə girişən olsa, açıq debata hazırıq.

VİP şəffaf tərzdə və dürüstlüyü əsas prinsip görən siyasi təşkilatdır. Deməli, digərləri ilə mübarizə aparmaq həm də bizim Allah tərəfindən əmr buyrulmuş görəvimizdir. Odur ki, zəiflik məsələsi çox şübhəli və yersiz narahatlıqdır. İnşallah, debata qədər gəlib çıxsaq, güc orada görsənəcək.

- Sözsüz ki, müxalifətdən də kimlərsə namizəd olacaq. Digər müxalif namizədlərlə hansı formada əməkdaşlıq edə bilərsiniz?

- Müxalifətdə olan tərəf müqabillərimiz seçkilərə qatılacaqlarsa, onlar avtomatik olaraq bizim rəqiblərimizə çevriləcəklər. Lakin onlar birinci dərəcəli rəqib sayılmırlar. Əsas rəqib iqtidardır. Müxalifətin namizədləri isə bizimlə narazı elektorat uğrunda mübarizə aparacaqlar. Onların yalnız seçki şəffaflığı istiqamətində mövqeyi olan hissəsi ilə konkret məsələ ətrafında işbirliyimiz ola bilər.

Bu seçki üçün tezislərimizi də elan etmişik. Hakimiyyətin bizi hər hansı qüsurda ittiham etməsi üçün əsas verməmişik. Bu illər ərzində də nə qədər cəlbedici və zəruri olsa da, təklif olunan şirnikləndirici sözlərə uymamışıq.

Ətrafımızda koalisiyanın yaranmasını dostlarımıza təklif edirik və edəcəyik. Kənarda qalanlar isə bizim rəqimizdir və bu rəqabəti də hamı normal anlamalı və qarşılamalıdır.

- Sizcə, 2018-ci il prezident seçkiləri ənənəvi seçkilərdən fərqlənəcəkmi? Hansı dəyişikliklər gözlənilir?

- Bu suala qismən cavab verdim. Əvvəla onu deyim ki, biz qalib gəlsək, mütləq çox şey dəyişəcək. Bu variant azehtimallı olsa da, nəzəri baxımdan mümkün sayırıq.

Hadisələr bu günkü tempdə davam edəcəksə, fors-major olmayacaqsa, 13-cü il təcrübəsi əsas götürülüb kənar təxribatlar önlənəcəksə, əgər YAP namizədini dəyişəcəksə, 1-ci ilə 2-cinin rotasiyası baş tutacaqsa, ölkədə maraqlı proseslər olacaq. Əslində normal "məxməri inqilab” üçün real zəmin yarana bilər.

Ölkəni inqilab və dağıntıdan çıxarmanın yolu da, məhz mədəni inqilabdır. Biz də daim inqilabın deyil, təkamülün tərəfdarı kimi çıxış etmişik. Təkamül növbəti mərhələdə avtoritarizmdən demokratiyaya keçid üçün yeganə və mühüm vasitədir.

Z.ƏHMƏD



Digər xəbərlər
SON XƏBƏRLƏR