İsrail TANAP-a qoşulur – Qərar qəbul olundu

img

17-07-2017 [11:30]


2017-ci ilin sonunadək Türkiyə və İsrail Avropaya qaz nəqlini nəzərdə tutan boru kəmərinin tikintisində dair hökumətlərarası sazişi imzalamağı planlaşdırır.

"APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrailin milli infrastruktur, energetika və su təchizatı naziri Yuval Ştaynits bildirib. Onun sözlərinə görə, kəmərin tikintisinə dair qərar tərəflər arasında aparılan dörd mərhələdən ibarət danışıqlardan sonra qəbul olunub.

Qəbul olunan qərara əsasən, Aralıq dənizində yerləşən Leviafan qaz yatağından Türkiyə sahillərinədək, oradan isə  TANAP kəmərinədək borunun tikintisi aparılacaq.
 
Nazir qeyd edib ki, İsrail həmçinin Kipr və Yunanıstan üzərindən İtaliyaya ikinci qaz kəmərinin tikintisini də planlaşdırır. Y. Ştaynits iddia edir ki, ölkəsi hər iki kəməri qazla təmin etmək iqtidarındadır.

"Cənub Qaz Dəhlizi" layihəsi regionun ən aktual layihələrindən biridir. "Şahdəniz-2" layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK),  TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək.

Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır.

TANAP-ın reallaşdırılmasına dair Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanıb. TANAP-ın inşası Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR