Şriftin ölçüsü / 249 dəfə oxunub

Bakıda məmura cinayət işi açıldı - Prokurorluq

14 Iyul 2017 [18:58]

Bakının Xətai rayonu, Əbilov küçəsi 12 saylı ünvanda yaşıllıq sahəsində tikinti işlərinin aparılması zamanı Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlov tərəfindən müxtəlif cinsli (dəfnə, tut, əncir və zeytun) 4 ədəd ağac və 6 ədəd nar kolunun qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə 6600 manat məbləğində ziyan vurulması, eləcə də həmin ünvanda aparılan tikinti işləri ilə əlaqədar yaşıllıq sahəsinin kəsilməsinə dair hüquq verən rəsmi sənədlər təqdim edilməməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə, ilkin araşdırmalarla 85 saylı MKİS-in rəisi Zahid Bədəlovun qulluq mövqeyindən sui-istifadə edib Meşə Məcəlləsinin və meşə qanunvericiliyi üzrə normativ aktların tələblərini kobud surətdə pozaraq kəsməyə hüquq verən əsaslar olmadan xeyli miqdarda ziyan vurmaqla ağacları və kolları qanunsuz kəsməsi hallarına yol verməsi müəyyən edilib.

Həmin faktlarla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 14 iyul 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində zəruri istintaq tədbirləri davam etdirilir.





SON XƏBƏRLƏR