Ramil Usubov əmr verdi: General oğlunu ağır cəzalandıran yol polisinin vəzifəsi artırıldı

img

13-07-2017 [15:06]


Bakı şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi edilib.

Mia.az Avtosfer.az-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usuobovun əmri ilə İdarənin Axtarış şöbəsinin rəisi, polkovnik-leytenant Zaur Cəfərov tutduğu vəzifədən azad edilib.

O, Baş Dövlət Yol Polisi İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib. 

Bakı şəhər DYP-nin inspektoru, polis mayoru Yasir Qurbanov isə İdarənin Axtarış şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Zaur Cəfərov əvvəllər Səbail rayon DYP-nin rəisi olub. Bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək sərəncama göndərilmişdi.

Yasir Qurbanovun adı isə son günlərin gündəmi sayılan general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun işində hallanır.

Avtosfer.az hələ bir neçə ay öncə məlumat vermişdi ki, Bakıda generallardan birinin oğlu avtoxuliqanlıq etdiyi üçün sürücülük hüququndan məhrum edilib. O vaxt həmin generalın kimliyi barədə geniş məlumat almaq mümkün olmasa da, dünən ortaya çıxan rəsmi faktlar göstərdi ki, həmin general oğlu Rüstəm Orucov imiş.

Məlumata görə, dəfələrlə avtoxuliqanlıq etdiyi üçün saxlanılan Rüstəm Orucov atasının dəstəyi ilə məsuliyyətdən kənarda qala bilirmiş. Lakin sonuncu dəfə onun işi mayor Yasir Qurbanovun əlinə düşüb. İşində qətiyyət göstərən Yasir Qurbanov general Novruzəli Orucovun basqılarına baxmayaraq öz işini qanun çərçivəsində görüb və məhkəməyə tutarlı faktlar təqdim edib. General Novruzəli Orucov məhkəməyə də təsir etməyə çalışsa da, hakim yol polisinin təqdim etdiyi sübutları əsas götürərək general oğlu Rüstəm Orucovun sürücülük hüququnu 2 il müddətinə məhdudlaşdırıb.

Əslində, həmin vaxt generalın oğlu inzibati qaydada həbs də oluna bilərdi. Lakin atası buna imkan verməyib. Yol polisinin inadkarlığını görən general Novruzəli Orucov oğlunun sürücülük hüququnun bərpa edilməsi üçün yuxari instansiyalara şikayət etsə də, istəyinə nail ola bilməyib və qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Baş Prokurorluğun Rüstəm Orucovla bağlı yaydığı rəsmi açıqlamada da onun sürücülük hüququ olmadan avtomobil idarə etdiyi təsdiq olunur.

General Novruzəli Orucov isə Prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunandan sonra verdiyi açıqlamada övladını ərköyün böyütdüyünü və bununla da səhvə yol verdiyini etiraf edib.

Bəlkə də bir neçə ay öncə general Orucov yol polisinə qarşı dirəniş göstərib övladını müdafiə etməsəydi, qanun qarşısında cavab verməsinə imkan versəydi, bu gün nə özü işdən azad olunardı, nə də oğlu həbs edilərdi...

P.S. Yol polisinin məmur övladlarına qarşı yumşaq davrandığını deyənlər də unutmasın ki, "avtoş” Rüstəm Orucovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılanda onun atası general Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini idi. Lakin qanun qalib gəlmişdi...


Digər xəbərlər
SON XƏBƏRLƏR