Nyu-York məhkəməsi Azərbaycan Beynəlxalq Bankının xeyrinə qərar çıxardı - Xalid Əhədovdan mesaj

img

29-06-2017 [16:09]


"Bəzi kreditorların restrukturizasiya prosesinə etirazı məhkəmə tərəfindən qəbul olunmadı. Bankın aktivlərinin bu prosesdə xarici kreditorların iddia tələblərindən qorunduğu bir daha məhkəmə qaydasında qətiləşdi".

Bunu Trend-ə Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Xalid Əhədov Nyu-York məhkəməsinin ABB ilə bağlı çıxardığı qərarı şərh edərkən deyib.

Nyu-York məhkəməsi ABB-nin xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin tanınması barədə müraciətinə baxıb və bir qrup kreditorun ehtirazını rədd edərək, bankın xeyrinə qərar çıxarıb. Bankın aktivlərinin xarici kreditorların ABŞ məhkəmələrindəki iddia tələblərindən qorunması qət edilib. Bu yekun qərara əsasən, restrukturizasiya prosesinin davam etdiyi müddətdə xarici kreditorlar ABB-yə və onun ABŞ-dakı aktivlərinə qarşı iddia irəli sürə bilməyəcək.

Bankın İdarə Heyətinin sədri X.Əhədov xarici öhdəliklərin könüllü restrukturizasiyası prosesi ilə bağlı baş verə biləcək mümkün hüquqi risklərin bu qərarla aradan qalxdığını bildirib: "Restrukturizasiya prosesi hazırda nəzərdə tutulmuş plan üzrə davam edir. Ümid edirik ki, nəticə gözlədiyimiz kimi uğurlu olacaq”.

Qeyd edək ki, səsvermənin nəticələri 18 iyul 2017-ci il tarixində nəzərdə tutulmuş Kreditorların Yığıncağında məlum olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR