“SOCAR Turkey Enerji A.Ş.”də dəyişiklik - Yeni təyinat

img

28-06-2017 [13:18]


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi "SOCAR Turkey Enerji A.Ş.”yə xarici əlaqələr üzrə rəhbər təyin olunub.

"Report” xəbər verir ki, Murad LeCompte "SOCAR Turkey Enerji A.Ş.” və ona bağlı şirkətlərin korporativ əlaqələr, media əlaqələri, sosial məsuliyyət layihələri, müəssisədaxili əlaqələr və böhran idarəçiliyi məsələlərindən məsul olacaq.

Şirkətdən qeyd edilib ki, Türkiyədəki sərmayələrini qərarlılıqla davam etdirən "SOCAR Turkey” heyətini peşəkar şəxslərlə gücləndirməyə davam edir: "2020-ci ilə qədər neft emalı, neft-kimya, enerji, logistika, paylama və saxlama inteqrasiyasını tamamlayaraq bu sahədə Türkiyənin ən böyük istehsalat şirkəti olmağı hədəfləyən "SOCAR Turkey”in xarici əlaqələr üzrə rəhbəri vəzifəsini sektorun təcrübəli şəxslərindən biri olan Murad LeCompte həyata keçirəcək. Enerji və texnologiya sənayesində 27 ildən çox təcrübəsi olan M.LeCompte 1964-cü ildə İstanbulda doğulub.

 O, TED Ankara Kollecindən sonra Boğaziçi Universitetində turizm idarəçiliyi üzrə təhsil alıb, daha sonra Hyuston Universitetində idarəçilik üzrə təhsilini davam etdirib. Onun informasiya texnologiyaları sahəsində 16 ildən çox təcrübəsi var. "Intel Corporation’” şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışıb. M.LeCompte 2006-cı ildən 2017-ci ilədək "BP Turkey”də əlaqələr və xarici əlaqələr üzrə rəhbər, sonra isə korporativ əlaqələr direktoru vəzifələrində çalışıb”.

O, bu aydan etibarən yeni vəzifəsinin icrasına başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR