Dördqat dünya çempionu: "Formula 1 Azərbaycan Qran Prisi yüksək səviyyədə təşkil olunub"

img

23-06-2017 [21:04]


Formula 1 Azərbaycan Qran Prisi yüksək səviyyədə təşkil olunub.

Trend-in məlumatına görə, bunu dördqat dünya çempionu, "Renault Sport" komandasının məsləhətçisi Alen Prost deyib.

Onun sözlərinə görə, onun üçün Azərbaycan Qran Prisində iştirak etmək böyük şərəfdir: "Qeyd etmək istəyirəm ki, hər şey ən yüksək səviyyədə təşkil edilib və texniki baxımdan şəhər yarışa hazırdır. Eyni zamanda sevindiricidir ki, Formula 1-in coğrafiyası genişlənir".

Əfsanəvi pilot Bakı şəhər tarsının konfiqurasiyasına xüsusi diqqət ayırıb: "Trek uzun birbaşa və mürəkkəb dar döngələrlə çox maraqlıdır. Hesab edirəm ki, bu, təqvimdə ən çətin və ən maraqlı mərhələlərdən olacaq. Trasın mürəkkəbliyi sərbəst yürüşlərdə baş verən qəzalarda da özünü göstərdi. Ümid edirəm ki, növbəti iki gündə pilotlar səhvlərdən qaça biləcəklər".

Prost qeyd edib ki, "Renault" komandası Mühəndislər Kubokunda 7-ci yerdədir və 5-ci yer uğrunda mübarizə aparmağa çalışacaq: "Bakıda qalib gəlməyimiz praktik baxımdan mümkün deyil, gəlin realist olaq".

Gənc pilotlardan hansını o, daha perspektivli hesab edir, sualına gəldikdə isə Prost Maks Ferstappen, Stoffel Vandorn, Sebastyan Okon və Şarl Leklerkin aını xüsusi vurğulayıb.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR