“Düşünmürəm ki, yaxın günlərdə əfv sərəncamı ola bilər..." - Komissiya üzvü

img

19-06-2017 [10:32]


"Düşünmürəm ki, yaxın günlərdə əfv sərəncamı ola bilər. Əlbəttə ki, bu, cənab prezidentin konstitusion səlahiyyətidir”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev "Yeni Müsavat”a Ramazan bayramı ilə bağlı əfv fərmanın verilməsi perspektivini şərh edərkən bildirib.

Ə. Nuriyev deyib ki, komissiyanın yaxın günlərdə iclası olmayıb: "Ancaq əfv, birbaşa cənab prezidentin səlahiyyətində olan məsələdir. Azərbaycanda hər zaman yubiley günlərində, milli bayramlarda, xalqımız üçün əhəmiyyətli olan günlərdə bir qayda olaraq əfv sərəncamları imzalanıb. Əvvəlki illərə nəzər salsaq görərik ki, Ramazan bayramı münasibətilə də bu cür sərəncam olub. Ancaq bu, o zaman baş verib ki, əvvəlki aylarda əfv sərəncamı olmayıb. Bilirik ki, mart ayında cənab prezident tərəfindən əfv sərəncamı imzalanıb və 423 şəxs cəzadan azad edilib. Onların da 412-i nəfəri azadlıqdan məhrumetmə cəzasından azad olanlardır".

Komissiya üzvünün sözlərinə görə, əfvlə bağlı komissiyanın bu günlərdə iclası olmasa da müvafiq işlər görülməkdədir. Komissiyanın katibliyi daimi olaraq fəaliyyətdədir: "Həmçinin Prezident Administrasiyasının hüquq-mühafizə orqanları üzrə şöbəsinin əfv sektoru da işləyir ki, onlara da məlumatlar daxil olmaqdadır. Müraciətlərin emalı prosesi gedir və gələcək iclaslara hazırlanlanması istiqamətində zəruri prosedur tədbirləri həyata keçirilir. Hər həftə, hər gün müxtəlif şəxslərdən ayrı-ayrı məhkumların əfv olunması ilə bağlı müraciətlər daxil olur. Yəni komissiyanın işi davam edir”.

Xatırladaq ki, bu ilin martında imzalanan əfv sərəncamı ilə 423 nəfər azadlığa çıxıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR