Tbilisidə tanınmış jurnalist Ələddin Həsənovun xatirəsi anıldı - Tədbir + FOTO

img

29-05-2017 [00:36]


Tbilisidə tanınmış jurnalist və ictimai xadim, Gürcüstanda yayımlanan radio verilişlərinin diktoru Ələddin Həsənovun xatirəsi anılıb.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən tədbiri muzeyin direktoru Leyla Əliyeva açaraq hər iki xalqı milli bayram – Respublika Günü münasibətilə təbrik edib.

Sonra Mətbuat Şurasının sədri, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov çıxış edərək, Azərbaycan-Gürcüstan dostluğundan danışıb, əlaqələrimizin möhkəmlənməsində, mədəniyyətimizin inkişafında jurnalistlərin və mədəniyyət işçilərinin rolunu xüsusi qeyd edib.

 Bildirib ki, Tbilisidə yazıb- yaratmış Əli Qurbanov, Möhsün Sənani, Gürcüstanın Xalq artisti İbrahim İsfahanlı kimi şəxsiyyətlər olub. Onların sırasına bu gün xatirəsi ehtiramla anılan Ələddin Həsənovun adı daxil edilməlidir. Ə.Həsənov Gürcüstan radiosunda çalışdığı (1967-2002) 35 il ərzində ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi, mədəniyyətimizin inkişafı istiqamətində çoxlu işlər görüb. Onun hazırladığı reportajlarda xalqlarımız arasındakı dostluğun tərənnümü birinci yerdə olub.

Bildirilib ki, Ə.Həsənov 2002-2004-cü illərdə Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının direktoru olub. O, bu illər ərzində Azərbaycan teatr mədəniyyətinin, incəsənətinin inkişafında da mühüm işlər görüb.

Sonra qocaman jurnalist, yazıçı-tərcüməçi Emin Elsevər, ART –televiziyasının direktoru Tengiz Txilava, yazıçı Əli Abbas, jurnalist Nizami Məmmədzadə və başqaları çıxış edib, Ələddin Həsənovun yaradıcılığından, həyat və fəaliyyətindən danışıb, xatirələrini bölüşüblər.

Rizvan Həsənov atasının xatirəsinin əziz tutduqlarına və anım tədbirini keçirdiklərinə görə təşkilatçılara minnətdarlıq edib.

Tədbirdə tanınmış şair-jurnalist, Azərbaycanın Əməkdar Jurnalisti Nizami Məmmədzadənin də yaradıcılığından söz açılıb.

Əflatun Amaşov deyib ki, N.Məmmədzadə Ə.Həsənov və E. Elsevər, Süleyman Süleymanov kimi tanınmış jurnalistlərini yolunu ləyaqətlə davam etdirir. Bu günlərdə şair-jurnalistin 60 yaşı tamam olub.

Azərbaycan Mətbuat Şurası onun media sahəsindəki uzun müddətli səmərəli fəaliyyətinə, müasir Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə və anadan olmasının 60 illiyi münasibəti ilə xüsusi diplomla təltif edib.

Ə.Amaşov diplomu yubilyara təqdim edib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov iştirak edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub