Sənədsiz evlərlə bağlı problem... - “Azərbaycanda heç kim özbaşına ev tikə bilməz”

img

28-05-2017 [16:31]


Uzun illərdir ki, Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi problemi gündəmdədir. Min bir əziyyətlə başa gələn evlərinin tam hüquqlu sahibi olmaq və qeydiyyata düşmək sadə vətəndaşın arzusu olaraq qalır. Prezident İlham Əliyev məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə göstəriş versə də, konkret nəticə hasil olmayıb.

Bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti hazırda paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən qanunsuz evlərin sayının 700 mindən artıq olduğunu açıqlayıb.

Hələ 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdiyini deyib:

"Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq elə etmək lazımdır ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısı tam şəkildə alınsın. Sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər irəli sürülə, rüşvət, əsassız maraqlar ola bilər. Bu, reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm. Bu məsələnin həlli üçün şəffaf mexanizm işlənməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər".

Amma görünən odur ki, cənab prezidentin dediyi kimi xoşniyyətli təşəbbüsdən qaz vurub qazan dolduranlar var. Əks halda sənədləri qaydasında olan vətəndaşları min bir bəhanə ilə get-gələ salmazdılar.Yoxsa onlar ölkə başçısı 2015-ci ilin yanvarında "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə imzaladığı fərmanını da görməyiblər?...

Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etməlidir.

Fərmanın verilməsində 2 il keçməsinə baxmayaraq hələ də vətəndaşlar evlərin və torpaq sahələrinin özəlləşdirilməsində bürokratik ənəgəllərlə qarşılaşırlar.

Məsələ ilə bağlıModern.az-a danışanMilli Məclisin İqtisadi siyasət,sənaye və sahibkrlıq komitəsinin üzvü Vahid Əhmədovbildirib ki, sənədsiz evlər barədə məsələ bu qədər uzanmamalıdır:

"Cənab prezidentin sənədsiz evlərlə bağlı göstərişi var. Hətta biz qanun layihəsində dəyişiklik etdik ki, bütün evlər -hətta bələdiyyənin bir sənədi olanlar belə, sənədləşdirilsin. Hələlik bunu sona qədər apara bilmrilər. Mənim aldığım məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətində məsələ ilə bağlı xüsusi komissiya işləyirdi. Düşünürəm ki, məsələni yekunlaşdırmaq lazımdır. Şəhərdə söküntü işləri gedir, kimlərsə kirayə çıxarılır, onun üçün bu sənədlərin olması çox vacibdir”.

Parlament üzvü Azərbaycanda heç kimin özbaşına ev tikmək iqtidarında olmadığını vurğulayıb:

"Bu evlər nə vaxtsa bir bələdiyyənin, İcra Hakimiyyətinin sənədi əsasında tikilib. Hər halda razılıq əsasında olub. Kimsə özbaşına ev tikə bilməz axı Azərbaycanda. Bu mümkün olan iş deyil. Məhz o vaxt verilən sənədlərə əsasən, sənədləşmə aparılmalı, order verilməlidir. Digər tərəfdən, söküntü aparılan zaman o mənzillərin sahiblərinə də kompensasiya ödənilir. Mənə görə, bu məsələ çoxdan həllini tapmalı idi. Amma görünür hansısa maraqlardan gecikir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR