Oyunlar bitdi, dollar qalxacaqmı? - Vahid Əhmədovun şərhi

img

23-05-2017 [20:40]


Məlum olduğu kimi, Bakıda keçirilən IV İslam Həmrəyliyi oyunları dünən bitib. İqtisadçılar oyunlardan əvvəl dolların qiymətinin ucuzlaşmasını şərh edərək bildirirdilər ki, məqsəd ölkəyə gələn turistlərdən ucuz qiymətə dollar almaq və ölkədə xarici valyutanı artırmaqdır. Bəzi iqtisadçılar isə oyunlar bitdikdən sonra dolların yenidən bahalaşacağını proqnozlaşdırırdılar.

Oyunların bitdiyini nəzərə alsaq, demək ki, dolların kursu məsələsi yenidən gündəmə gəlir. BakuPost.az-ın əməkdaşı məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun fikirlərini öyrənib. Deputat bildirib ki, turistlərin gəlişi dolların ucuzlaşmasının səbəblərindən sadəcə biridir: "Bunu turistlərin gəlişi ilə əlaqələndirirlər. Əlbəttə, həm də onunla bağlıdır. Amma Mərkəzi Bankın yürütdüyü digər siyasəti də vurğulamaq lazımdır. Belə ki, dolların qiymətini üzən məzənnə siyasəti müəyyən edir. Bu da tələb və təkliflə, idxal-ixrac əməliyyatlarıyla əlaqədardır. 2016-cı ilin ikinci yarısından başlayaraq, o cümlədən 2017-ci ildə Azərbaycanda ilk dəfə ticarət balansında müsbət saldo yaranmışdı. Yəni idxal ixracdan az idi. Bu da milli valyutaya təsir eləyən amillərdən biridir. Bundan əlavə, Azərbaycanda müəyyən qədər Mərkəzi Bank tərəfindən aparılan siyasət nəticəsində maliyyə bazarında müəyyən stabilləşmə həyata keçirilirdi. Bu da əsasən manatın müəyyən qədər stabil qalmasına gətirib çıxardı. O cümlədən real sektorun inkişafına müəyyən qədər az vəsait buraxıldı və s. Yəni sterilizasiya tədbirləri, monitar siyasət həyata keçirən Mərkəzi Bank manatın kursunun stabilləşməsinə nail oldu. Mən hesab edirəm ki, bu siyasət belə davam edərsə, manatın dollar olan münasibəti elə bu səviyyədə də qorunub saxlana biləcək”.

V.Əhmədovun fikrincə maliyyə bazarına vəsait buraxılsa, manat üçün problem yarana bilər:"Azərbaycanda real sektorun inkişafı üçün real vəsait lazımdır. O vəsait də mənə elə gəlir ki, Azərbaycan dövlət büdcəsindən nəzərdə tutulub. Ona görə də pul qıtlığı yaratmamaq üçün ola bilər ki, maliyyə bazarına müəyyən qədər vəsait buraxılsın. Vəsait buraxılsa, onda manatın məzənnəsi ilə bağlı müəyyən problemlər yarana bilər. Hələlik isə məzənnə qorunub saxlanılır, bu da önəmli məsələlərdən biridir. Düşünürəm ki, manatı uzun müddət bu həddə saxlamaq çətindir. Neftin qiymətində artım olarsa, əlbəttə heç bir problem yaşanmaz. Amma onsuz da manat gec və ya tez öz qiymətini bazarda almalıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR