“Onlar quldur, adam öldürən deyil...” - İqbal Ağazadədən sensasion MTN açıqlaması

img

19-05-2017 [14:15]


Yaz gələr-gəlməz Azərbaycanın siyasi gündəmi qaynayır: MTN işi üzrə məhkəmələrdə sensasion açıqlamalar, agentura şəbəkəsində kod adların açılması, Dövlət Təhlükəsizlik Xidmətinin bununla bağlı cinayət işi başlaması, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi, erməniyə işləyən casusların ifşa edilməsi, Milli Məclisdə anti-Rusiya ritorikasının güclənməsi, 2018 seçkiləri və s.

Bütün bu aktual hadisələrlə bağlı Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə ilə görüşüb söhbətləşmişik. İ.Ağazadə BakiPost.az-a müsahibəsində gündəmin aktual məsələləri barədə suallarımızı cavablandırıb:

- İqbal bəy, gündəmin əsas hadisəsindən başlayaq: Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi həqiqətən bu təşkilatın fəaliyyətsizliyi ilə əlaqəlidir, yoxsa Rusiyadan Azərbaycana növbəti təzyiqdir?

- Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinin bir təzyiq mexanizmi kimi Rusiyaya nə verəcəyini demək çox çətindir.

Çünki bu təşkilatın fəaliyyəti Rusiya qanunları ilə tənzimlənirdi, dövlət sektorunun, hüquq-mühafizə orqanlarının konqresə təsir etmək gücü var idi.
Lakin bunun hüquqi təsir imkanları sıfıra bərabər olsa da, psixoloji təsiri ola bilərdi. Nəzərə almaq lazımdır ki, bu təşkilatda olan fəalların hər biri Rusiyada yaşayan, işləyən və Rusiyanın müxtəlif dövlət sektorları ilə əlaqəli adamlar idi.
Məsələnin psixoloji tərəfi ondan ibarətdir ki, Rusiya açıq mövqe nümayiş etdirir. Bu cür mövqe ilə Rusiyanın Azərbaycan əleyhinə qərarlar verməsi siyasi mesajlar kimi qiymətləndirilə bilər.

Ancaq ÜAK-ın ləğvinin əsl səbəbinin altında nələrin gizləndiyini təxmin etmək çox çətindir. Çünki qazanların çoxu örtülü qaynayır.

Rusiya-Azərbaycan münasibətlərində hər hansısa problem olanda hakimiyyət nümayəndələri də bunu açıq şəkildə etiraf etməkdən çəkinirlər.
Belə hesab edirlər ki, həm Rusiyanı qıcıqlandıra bilər, həm də daxildə hakimiyyətə etimadsızlıq limiti yarada bilər.

Daxildə belə düşünə bilərlər ki, hakimiyyətə uzun müddət siyasi yaxınlığı ilə seçilən Rusiyadan da artılq təzyiq etməyə başlanıbsa, deməli, iplər boşalıb. Bu halda müxalifətin və narazı elektoratın da ayaqlanması baş verə bilər.

Ona görə də bizim bu barədə dəqiq informasiyamız yoxdur ki, Rusiya hansı təzyiqləri həyata keçirir. Reallıq ondan ibarətdir ki, Rusiya Azərbaycanı sevmir, hər zaman təzyiq edir, mənafeyini qorumur. Bunu istərsə Ermənistan-Azərbaycan konfliktində, istərsə Xəzərin statusu məsələsində görmək olar.

Eyni zamanda keçən dövrlərdə Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginləşməsi proseslərində aktiv tərələrdən biri də heç şübhəsiz ki, Rusiya olub. Ona görə də sual olunursa, "təzyiq varmı”, əlbəttə ki, təzyiq var.

Amma Rusiyanın istədiyi nədir, bunu demək çətindir. Əgər rəsmi Bakını Avrasiya İttifaqına qoşulmağa təhrik etməkdirsə, bu məsələ siyasi gündəmdə deyil.

Başqa nüanslar nədir, falçılıqla məşğul olmaq və versiyaları tapmaq çətindir. Hakimiyyət-Rusiya qarşıdurması nələrə əsaslanır, Rusiya harda qıcıqlanıb bilmirik.
- Ancaq Azərbaycan və Rusiya prezidentlərinin münsibətlərində soyuqluq müşahidə olunmur. Ola bilərmi ki, bu, Rusiyanın sırf ÜAK-la olan necə deyərlər, şəxsi problemidir?
- Prezidentlərin münasibətlərinin isti, ya soyuq olduğunu biz müəyyənləşdirə bilmərik. Protokol və etiket normaları var ki, qıraqdan cəlbedici görünür.
Ancaq onun altında nələr var, biz bilmirik. Bu barədə yaxşı, ya pisdir demək çətindir. Amma istəməzdim Rusiya ilə münasibətlər korlansın.

Rusiya yaxın qonşudur, ictimasi-siyasi mühitə, milli-etnik münasibətlərə təsir edən dövlətdir. Ancaq Rusiya da gərək, maraqlarımızı nəzərə alsın. Təəssüf ki, Rusiyada bu yoxdur.

Sadəcə, hakimiyyət nümayəndələrinin dediyi kimi, biz heç də Rusiya ilə strateji müttəfiq deyilik. Bu söz üçün deyilib.

Rusiya ilə hərbi müqaviləmiz yoxdur, iqtisadiyyatımızın əsasını təşkil edən neftin satışı və transferində Moskva ilə sazişimiz yoxdur, Azərbaycan iqtisadiyyatında Rusiyanın çəkisi 6 faizdən artıq deyil.

Ona görə də "Azərbaycanla Rusiya strateji meüttəfiqdir” ifadəsi protokoldur. Azərbaycanın strateji müttəfiqləri Avropa qurumlarıdıdır. Hətta Pakistanla strateji müttəfiqik, nəinki Rusiya.

- Yeri gəlmişkən, bəlkə elə Rusiya ilə enerji layihələrində müştərək işimiz olmadığı üçün, TAP və TANAP projelərinə görə Moskva ÜAK-ın ləğvi ilə təzyiqlərə başlayıb?

- Versiyalardan biri bu da ola bilər, ordumuzun güclənməsi də, başqa dövlətlərdən silah almağımız da. Nə olması əsas deyil, fakt budur ki, Rusiya-Azərbaycan münasibətlərində gizli gərginlik var.

- Konqresin ləğvindən az əvvəl isə yəhudi əsilli deputat Yevda Abramov bildirmişdi ki, ÜAK-la bağlı addım Kremlin Azərbaycanda gələn ilki seçkilərə namizəd axtarışına hazırlıq. Siz bu fikri bölüşürsüzmü, yəni "Milyarderlər ittifaqı” layihəsi dirilə bilərmi?

- Rusiyanın zamanında Azərbaycanda hakimiyyət dəyişikliyində mühüm rolu olub. Lakin hesab etmirəm ki, indi Azərbaycanda iqtidar dəyişikliyinə getməsi planı var.

Yalnız Rusiya təhdid yolunu seçə bilər. Necə ki, 2013-cü il avqustun 13-də Putinin gəlişi və danışıqlardan sonra təhdidləri geri çəkdi.

O baxımdan təhdidlərdən biri kimi "Milyardelər ittifaqı” və namizəd axtarışı barədə informasiyanı kənara qoymuram. Bu təhdid nəyisə qoparmağa görə ola bilər. Ancaq Rusiya iqtidarı dəyişməkdə maraqlı deyil.

- İqbal bəy, bu gərginliyin davamı kimi 42 azərbaycanlı hərbçinin ermənilərə işləməsi faktının üstünü açılmasını da hesab etmək olarmı? Çünki Qüdrət Həsənquliyev dedi ki, həmin hərbçilər Rusiyadan maliyyələşiblər...

- Bir adamın belə erməniyə işləməsi dəhşətli faktdır. Lakin 126 minlik ordu kontingentində bu faciəvi ola bilməz. Dünyanın hər yerində belə hallar var. Bir də görürsən ki, hansısa rus generalının dosyesi Avropanın xüsusi xidmət orqanlarının içindən çıxır.

Dəhşətli kiminsə işləməsi deyil, bu hadisədə faciə informasiya siyasətinin düzgün qurulmamasıdır. Tutulan hərbçilərin xəbərini elə bir ajiotajla təqdim etdilər ki, sərhəd bölgəsi, ümumilikdə ölkə bu informasiyanın altında qaldı.

Hətta casusluq faktı var idisə belə, şəbəkə tam aydınlaşana və məhkəmə prosesi bitənə qədər ictimaiyyətə məlumat verilməməli idi. Bu bir ordu, dövlət məsələsidir. Ancaq o fikirlə razıyam ki, Ermənistan-Azərbaycan konflikti fonunda bu məsələdə Rusiyanın izi var.

Elə Lerikdən bir sakinin Ermənistanda mühacir olması da Rusiya ilə bilavasitə bağlıdır. Bu cür məsələlər hökmən üçüncü dövlətin vasitəsi ilə yaradılır.

Üçüncü dövlət də Rusiyadır və bunu inkar etmək mümkün deyil. Hesab edirəm ki, bu informasiya yükü düzəldilməlidir. Ölkədə panika yaratmamalıdır və orduda ruh yüksəkliyini aşağı salmamalıdır.

- Versiyalardan biri də budur ki, Rusiya Lapşinin həbsinə görə Azərbaycanı sıxır...

Rusiyanın Lapşinin qisası alacaq qədər dövlət siyasəti yoxdur. Amma faktorlardan biri ola bilər. Nəzərə almaq lazımdır ki, Lapşin dünən həbs olunubsa, ordudakı olaylar ayların işidir. Eyni zamanda Lapşin İsrail vətəndaşıdır. Eyni mövqeyi İsrail də göstərə bilərdi, amma etmədi.

- Və belə bir vəziyyətdə MTN-çilərin məhkəməsində agentlərin kod adları açıqlanır. Bunu proseslərin davamı, yaxud bir cavab hesab etmək olarmı?
- Bu informasiya ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti mövqeyini ifadə elədi. Müstəqillik yarananda ya gərək arxiv açılmalıydı və kim kimin olduğunu bilməliydi.
O zaman yeni dönəm başlanmalıydı. Ancaq bu olmadı, bəzi məsələlər bir-birinə qarışdı.

Müasir dünyada "agent” ifadəsi doğru deyil. Heç bir vətəndaş öz ölkəsinin hüquq-mühafizə orqanlarına "agent” işləmir, onunla əməkdaşlıq edir.

Agent - üçüncü ölkəyə işləyən şəxsə deyilə bilər. Lakin istənilən halda xüsusi xidmət orqanları varsa, onun xaricdə və daxildə əməkdaşlıq etdiyi adamlar olmalıdır. Bunsuz dövlət olmur ki?!

Həmin şəxslərin kimliyi dövlət sirri təşkil edirsə, qorunmalıdır ki, bu şəxslər gələcəkdə də ziyan çəkməsin.

Kiminsə adı açıqlananda dövlətin və xüsusi xidmət orqanlarının işinə ziyan vurmursa, o halda ad açıqlana bilər. Başqa məsələ odur ki, niyə məhkəmələrdə bu kod adlar açıldı? Mən belə düşünürəm ki, səbəb qeyri-peşəkarlıqdır.

Hansısa adamın adının açıqlanması faciəvi deyil. Amma onun kimliyi dövlət maraqları üçün ölçülüb-biçilməlidir.

Bunu da prokurorluq və xüsusi xidmət orqanları etməlidir. O ki qaldı MTN məhkəməsində kod adların açılmasının Rusiya hadisələri il əlaqədar olması, mən bir yaxınlıq görmürəm.

- Kod adların açılmasından sonra MTN generalı Akif Çovdarov dedi ki, elə adlar çəkərəm, ölkə qarışar. Bəlkə DTX həmin şəxslər deşifrə olunmasın deyə dərhal hərəkətləndi – adların açıqlanmasıyla bağlı cinayət işi açıldı?

- Dövlət orqanlarında müxtəlif şəxslər dövlətin təhlükəsizliyi baxımdan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər.

Çovdarov da onu demək istəyib ki, siz bir ictimai fəalın üstünə düşürsüz, mən elə ad çəkərəm cəmiyyətdə ondan daha yüsksək statusa və reytinqə malikdir.

Bu mənada DTX-nın cinayət işinə başlaması geciksə də, ittiham aktı hazırlanarkən əvvəlcədən etmək mümkün idi. Çünki onlar dövlət yükünü daşıyan adamlardı, minlərlə əməliyyatda iştirak ediblər, bizim bilmədiyimiz informasiyaya malikdirlər.

Onlar sıradan adamlar deyil, qaçaq-quldur deyil. Onlar oğru və ya adam öldürən deyillər, dövlətin on illərlə təhlükəsizliyində dayanmış adamlardır.

Fərqi yoxdur ki, onlar bu gün nə də ittiham olunur. Bu adamların heç kimin girişi olmayan informasiyaya giriş imkanları var. Ona görə də onlarla məsləhətləşmək olardı, DTX üçün hansı çətinliklər ola bilər bunu aydınlaşdırmaq mümkün idi.

- Onda bilmədiyimiz informasiya yükünə sahib olmaları Eldar Mahmudovun həbsinə mane olur?

- Dünyanın heç yerində bu qədər xüsusi xidmət orqanlarının əməkdaşları açıq məhkəməyə və həbsə məruz qalmırlar. Hətta nə olsa belə, onların daşıdığı informasiya yükü etdiyi cinayətin yükündən ağırdır.

Dünyanın heç yerində rast gəlməzsiz ki, xüsusi xidmət orqanı rəhbəri həbs olunsun. Şəxsən mən belə fakt xatırlamıram.

Hətta həbsdəki generallar böyük informasiya daşıyıcısıdır. Bu gün həmin informasiya vətəndaş üçün cinayət sayıla, dövlət üçün maraqların qorunması hesab oluna bilər.

Onlar bununla kontrolda saxlayırlar, bir şəxsin ətrafında blokada yaradırlar, xaricə çıxışını məhdudlaşdırırlar və s.

- Bu proseslərin içərisində müxalifətin təsiri hiss olunmur...

- Müxalifətçilik peşə deyil. Siyasətin xammalı insandır. Azərbaycan insanı elə vəziyyətə gəlib ki, subyektiv səbəblər çoxdur, siyasətdən uzaqda qalmağı seçim edib. Bu halda kiçik qrupla təsir etmək imkanları məhdud olur.

Azərbaycanın siyasi institutlarının sayından müxalifətçi sayı daha çoxdur. Siyasi institutlarda təmsil olunanların sayı isə azdır.

Bununla belə, ölkədə kifayət qədər müxalifətçi var və onlar idarəetmədən narazı insanlardır. Siyasi institutlar müxalifətçiləri yanına çəkməyin optimal yollarını tapa bilmirlər. Bu halda müxalif siyasi institutların prosesə təsir imkanı qalmır.

- Həmin siyasi institutlarını qarşıdakı prezident seçkilərində Rusiya tərəfindən fəllaşdırılması mümkündürmü?

- Müxalifətin Rusiya ilə münasibətəri iqtidardan zəifdir. Rusiya bu kontekstdə təhdid yolunu seçə bilər və istifadə edə bilər. Qoy bunu həmin siyasi institutlar bilsinlər və satılacaqları yerə getməsinlər.

- Ümid partiyası necə, gələn ilki seçkidə iştirakı düşünürmü?

- Gələn ilki seçkilərə çatmaq üçün bu ilki işimizdən çox şey asılıdır. İstədiyimizi layihə kimi gerçəkləşdirə bilsək, 2018 çox yaxşı olacaq. Əks halda 2008, 2013-dən fərqli olmayacaq. Ancaq fikirləşmək lazımdırmı, 2018-də seçki olacaqmı?

- Olmaya bilərmi?

- Bəli, olmaya bilər. Referendumda edilən son dəyişiklikdə keçid müddəaları nəzərdə tutulmayıb.

Məsələn, Türkiyədə son referendumda prezident üsul-idarəsinə keçid 2019-cu ilin martından qüvvəyə minir. Türkiyə bilir ki, martdan sonra yeni seçki olacaq və prezident-üsul idarəsinə keçiləcək.

1995-ci il noyabrında keçirilən referendumda bir şəxsin iki dəfədən artıq prezidentliyə namizəd olması müddəası yox idi. Son referendumda keçid müddəaları olmadığına qanuni qüvvəyə mindikdən sonra hüquqi qüvvəyə minmiş sayılır.

Yəni, 7 illik prezidentlik indiki prezidentə şamil oluna bilər. Qanunda yazılmayıb ki, bu indiki prezidentə şamil edilməsin. Qanunda belə bir boşluq var. Ona görə də prezident seçkilərinin 2020-ci ilədək keçirilməmək imkanları böyükdür.

- Əgər gələn il seçki olarsa, Ümid müxalifətlə əməkdaşlığı nəzərdən keçirə bilərmi, yoxsa təkbaşına seçkiyə gediləcək?

- Bu gün seçkidən çox, demokratiya aktualdır. Demokratik prosesdə siyasi institutlar birliklər təşkil etsin və Ümid partiyası hər birində var.
Demokratiyanın təşəkkül tapması üçün iqtidardan tutmuş, hətta iqtidar müraciət edə bilər ki, demokratikk addım atmaq istəyirik, daxildə bir qrup imkan vermir, müxalifətə qədər əməkdaşlığa hazırıq. Demokratik proses olmayanda seçkiyə tək və ya cüt getməyin əhəmiyyəti olmur.

Seçkiyə o qazanclar naminə gedilir ki, populyarlıq, fikirləri geniş kütləyə çatdırmaq, mesaj vermək və s. dividenti olsun. Bu baxımdan qeyri-demokratik seçkilərə də siyasi institutlar qoşulurlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR