BMT Uşaq Fondunun və BAMF-ın rəsmiləri regionlara səfər edib – FOTO

img

18-05-2017 [22:18]


BMT Uşaq Fondu və onun yerli tərəfdaşı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF)rəsmiləri Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi çərçivəsində Goranboy, Tərtər və Bərdə rayonlarına səfər edib.

BAMF-dan Mia.az-a verilən məlumata görə, görüşdə BMT Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin, yeniyetmə və gənclərin işləri üzrə mütəxəssisləri xanım Aida Aylarova və Natiq Umarov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, fondun əməkdaşı və Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsinin koordinatoru Qiyas Abasov iştirak edib.

Səfərin məqsədi Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi çərçivəsində formalaşdırılan Yeniyetmə və Gənclərdən İbarət Məşvərət Şuraları və onların fəaliyyəti ilə tanış olmaq, İcra hakimiyyətləri ilə Şuralar arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində gələcək fəaliyyətlərin müzakirəsi idi. Görüşlərdə Goranboy rayon İcra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev, Tərtər rayon İcra hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov və Bərdə rayon İcra hakmiyyətinin başçısı cənab Vidadi İsayev və İcra hakimiyyəti aparatlarının digər rəsmi şəxsləri, Yeniyetmə və Gənclərdən ibarət Məşvərət Şuralarının üzvləri iştirak etdilər. Görüş çərçivəsində Məşvərət Şuraları ilə İcra hakimiyyətləri arasında UNICEF və BAMF rəsmilərinin də iştirakı ilə gələcək fəaliyyətlərlə bağlı müzakirələr aparıldı. Müzakirələr çərçivəsində Məşvərət Şuralarının təmsil etdikləri rayonların cəbhə xəttinə yaxın yerləşən yaşayış mətəqələrindəki məktəblərdə Mina Təhlükəsizliyi üzrə Maarifləndirmə mövzusunda təlimin keçirilməsi, İcra hakimiyyətləri ilə birlikdə layihələrin həyata keçirilməsi haqqında razılıq əldə olundu.

Keçirilmiş görüşlərdə cəmiyyətin və dövlətin inkişafında gənclərin oynadığı rol haqqında danışılıb, o cümlədən Azərbaycan hökumətinin son zamanlar bu sahədə apardığı iri miqyaslı işlərin vacibliyi vurğulanıb.

Səfər çərçivəsində UNICEF rəsmiləri Tərtər rayonu ərazisində məcburi köçkünlər üçün salınan yeni yaşayış məntəqəsində gedən tikinti işləri ilə də tanış oldular.

Tərtərdə keçirilən görüş zamanı BAMF və UNICEF-in birgə hazırladığı videoçarx nümayiş etdirilib və bu, iştirakçıların böyük marağına səbəb olub.

Nümayəndə heyəti üzvləri həmçinin, cəbhə bölgəsində yerləşəb Qapanlı kəndinin orta məktəbində müəllim və şagirdlərlə görüşüblər. Məktəbə bir sinif üçün nəzərdə tutulmuş münaqişə zamanlarında şagirdlərin istifadəsi üçün dərs vəsaitləri və avadanlıqları hədiyyə edilib.

Qeyd edək ki, "Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi 2011-ci ildən Azərbaycanın 21 rayonunda həyata keçirilir.

Hal-hazırkı mərhələ "Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin Azərbaycan hökumətinə rəsmi olaraq təhvil verilməsi üçün hazırlıq işlərini nəzərdə tutur. Layihə çərçivəsində artıq bir sıra fəaliyyətlər həyata keçirilib. Belə ki, Məşvərət Şurası üzvləri liderlik, mina təhlükəsizliyi üzrə maarifləndirmə təlimlərində iştirak edib.

Növbəti aylarda isə şura üzvlərinə multimedia, uşaq hüquqları konvensiyası, fəlakət risklərinin azaldılması mövzularında təlimlər keçiriləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR