Şriftin ölçüsü / 239 dəfə oxunub

YAP-çı deputat bəzi iqtisadçıları "topa tutdu": "Bunların bədbin proqnozlar səsləndirməsi təsadüfi deyil"

18 May 2017 [19:20]

"Azərbaycanın nailiyyətləri müəyyən qüvvələrdə narahatlıq və qısqanclıq yaradır. Onlar Azərbaycanın uğurlarının üzərinə kölgə salmaq, həyata keçirilən siyasətə qara yaxmaq üçün canfəşanlıq edirlər. Ümumiyyətlə, bəzi şəxslərin siyasi səbatsızlığı onların peşə fəaliyyətinə də sirayət etməkdədir. Bu tip adamlar "hər dövrün adamı” olmaq xüsusiyyətinə malikdirlər”.

Bu sözləri YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.  

S. Novruzov bildirib ki, özlərini iqtisadçı adlandıran bu cür şəxslər son zamanlar ölkədə həyata keçirilən pul-maliyyə siyasətini, iqtisadi kursu hədəf alan bəyanatlarla çıxış etməklə ictimai çaşqınlıq yaratmağa çalışırlar:

"Bu şəxslərin vaxtaşırı ölkə iqtisadiyyatı ilə bağlı bədbin proqnozlar səsləndirməsi, hakimiyyət komandasını hədəfə alan fikir və bəyanatlarla çıxış etməsi təsadüfi xarakter daşımır. Onlar məqsədyönlü şəkildə Azərbaycanda həyata keçirilən iqtisadi siyasəti hədəfə almaqla, əslində, ölkəmizə qarşı "qara piar” aparan antiazərbaycan dairələrlə sinxron fəaliyyət göstərmiş olurlar. Onu da qeyd edim ki, əsas etibarilə, nüfuzlu və mötəbər beynəlxalq tədbirlər zamanı antiazərbaycan dairələri fəallaşaraq ölkəmizə qarşı təbliğat aparırlar.

Məhz belə bir dönəmdə ölkəmizdəki "beşinci kolon” nümayəndələrinin fəallaşması da müşahidə olunur. Bu şəraitdə "hər dövrün adamı” olmaq xüsusiyyətinə malik olan, özlərini iqtisadçı adlandıran şəxslərin Azərbaycan iqtisadiyyatını hədəfə alması, hətta antiazərbaycan qüvvələrin səsləndirdiyi bəyanatlara uyğun fikirlərlə çıxış etməsi onların qərəzli yanaşmasını, dövlətimizə münasibətini əks etdirir. Özlərini cəmiyyətə "iqtisadçı” kimi sırımağa çalışan belələrinin ölkəmizdə həyata keçirilən iqtisadi siyasəti, eləcə də iqtisadi komandanın fəaliyyətini tənqid obyektinə çevirməsi tamamilə əsassız və qəbuledilməzdir.

Digər tərəfdən, Ayaz Mütəllibovun və AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə yüksək dövlət vəzifəsində çalışan belələrinin insanları ərzaq əvəzinə toyuq yemi ilə "təmin” etməsi hər kəs tərəfindən yaxşı xatırlanır. Həmin dövrdə iqtisadi siyasətə rəhbərlik edən komandanın başında olan şəxslərin ölkə büdcəsini talan etməsi, Azərbaycan iqtisadiyyatının çökməsinə səbəb olan işlərin altına imza atması da reallıqdır. Müxtəlif dövrlərdə ayrı-ayrı siyasi komandaların tərkibində yer alan və əsas etibarilə, yüksək dövlət vəzifəsi tutan, ölkə iqtisadiyyatına çoxsaylı zərərlər vuran, insanları aclıq və səfalətlə sınağa çəkən bu şəxslərin indi bu cür "iqtisadi nağıllar”la çıxış etməsi gülüncdür”.

S. Novruzov qeyd edib ki, Azərbaycan xalqı bir neçə siyasi komandanın tərkibində fəaliyyət göstərən belə şəxslərin fəaliyyəti barədə kifayət qədər məlumatlıdır, onların yüksək dövlət vəzifəsində çalışdıqları zaman xalqın və dövlətimizin başına gələn iqtisadi təlatümlərin nəticələrini yaxşı bilir:

"Həmin dövrdə insanlar əməkhaqlarını, təqaüdlərini aylarla ala bilmir, hətta bunun əvəzinə keyfiyyətsiz və vaxtı keçmiş ərzaq məhsulları ilə "təmin olunurdular”. Həmçinin sovet dövrünün mənfi ənənələrindən biri olan "talon sistemi” bərpa olunmuşdu. Xalqımıza yaxşı məlumdur ki, bu tip insanları danışdıran səbəb onların öz şəxsi biznes maraqları və gerçəkləşməmiş hansısa ambisiyalarının doğurduğu hikkədir.

Bir sözlə, Azərbaycan cəmiyyəti belələrinin Azərbaycan xalqı və dövlətinə qarşı çıxış edən "beşinci kolon” və antiazərbaycan dairələrlə paralel və koordinasiyalı fəaliyyət göstərdiyini bilərək bu qüvvələrə öz etirazını bildirir”.

APA



SON XƏBƏRLƏR
22:59 21.07.2017
Prezident Rusiyaya getdi