Açıq Hökumətə dair 3 hissəli yeni kitabların təqdimatı oldu – Tədbir + FOTO

img

18-05-2017 [16:17]


Mayın 18-də "Holiday İnn" otelində İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspert qrupu tərəfindən hazırlanmış Açıq Hökumət Tərəfdaşlığına aid 3 hissəli kitabların təqdimatı olub.

Bu barədə Mia.az-a verilən məlumata görə, Açıq Hökumətin Təşviqinə Dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının iştirakı ilə təşkil edilən təqdimatda dövlət qurumları, vətəndaş cəmiyyəti nümayəndələri, müstəqil ekspertlər iştirak edib.

Təqdimata giriş edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev təmsil etdiyi təşkilatın Açıq Hökumət Tərəfdaşlığı təşəbbüslərinin Azərbaycanda yayılmasında maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan şəffaflığı, hesabatlılığı, ictimai iştirakçılığı özündə birləşdirən belə bir beynəlxalq təşəbbüslərdən kənarda qalmamalıdır.

Kitabların həmmüəlliflərini təqdim edən çıxışçının sözlərinə görə, 3 hissədən ibarət olan nəşrlər əsasən bələdçi funksiyasını daşıyır. ""Açıq Hökumət Tərəfdaşlığı: ümumi prinsiplər, əsas istiqamətlər" adlı kitabda AHT-nin missiyası, öhdəlikləri, vəzifələri, meyarları və fəaliyyət istiqamətləri barədə məlumatlar əksini tapıb. "Açıq Hökumət Tərəfdaşlığı: uğurlu təcrübələr" adlı ikinci kitaba AHT-yə üzv ölkələrdə həyata keçirilən uğurlu nümunələr oxuculara təqdim edilir. "Açıq Hökumət Tərəfdaşlığı: hökumət və vətəndaş cəmiyyəti əməkdaşlığı təcrübələri” kitabında isə AHT-tə üzv ölkələrdə vətəndaş cəmiyyəti ilə hökumətin əməkdaşlıq formatları, Milli Fəaliyyət Planlarının işlənməsində və icrasında iştirak və məsləhətləşmə mexanizmləri əksini tapıb.

Avrasiya Əməkdaşlıq Fondunun proqram rəhbəri Gülnarə İsmayılova nəşrlərin Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən "Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində hazırlandığını vurğuladı. G.İsmayılova eyni zamanda təmsil etdiyi təşkilatın dəstəyi ilə Azərbaycanda Açıq Hökumət təşəbbüslərini yayılmasını dəstəkləyən bir neçə layihənin icra olunduğunu qeyd etdi.

Açıq Hökumətin Təşviqinə Dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev kitabların AHT sahəsində məlumatlılığın artırılmasında faydalı olacağını qeyd edərək onları Platformanın üzvləri arasında paylanacağını, habelə Platformanın internet səhifəsində nəşrin elektron versiyasının yerləşdiriləcəyini bildirib. Ə.Nuriyev eyni zamanda AHT təşəbbüsündə hökumət-vətəndaş cəmiyyəti əməkdaşlığının vacibliyini vurğulayaraq təmsil etdiyi Platformanın gördüyü işlər barədə danışıb və AHT sahəsində işləyən QHT-ləri üzvlüyə dəvət edib.

Təşkilatın eksperti, layihənin meneceri Samir Əliyev diqqəti nəşrlərin hazırlanması zərurətinə yönəldərək kitabların dövlət qurumları, vətəndaş cəmiyyətinin üzvləri, o cümlədən kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil ekspertlər üçün faydalı töhfə olacağına ümidvar olduğunu bildirdi.

Avrasiya Əməkdaşlıq Fondu ilə imzaladığı xidməti müqavilə əsasında həyata keçirildiyini xatırladaraq S.Əliyev bildirib ki, proqram çərçivəsində martın 14-15 tarixlərində xarici təlimçinin iştirakı ilə KİV və QHT təmsilçiləri üçün "Media və vətəndaş cəmiyyətinin Açıq Hökumət Tərəfdaşlığı təşəbbüslərində rolunun artırılması” mövzusunda ikigünlük təlim keçirilib. Təlimə ümumilikdə 30-dək mətbuat və vətəndaş cəmiyyəti nümayəndələri qatılıb. Onun sözlərinə görə, bundan başqa internet TV-də və dövrü mətbuatda AHT təşəbbüsündən irəli gələn öhdəlikləri və onları icrası barədə verilişlər və məqalələr dərc edilib.

Təqdimatda iştirak edən Rauf Nəsibbəyli, İsrail İsgəndərov və digər qonaqlar açıq hökumət Təşəbbüsünün yayılmasında bu tip nəşrlərin faydalı olacağını dilə gətiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR