Şriftin ölçüsü / 554 dəfə oxunub

Ekspertdən Səlim Müslümov və DSMF direktoruna sərt ittiham - Şəhid ailəsinə və vəzifə borcuna biganəlik

17 May 2017 [12:11]
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda üzləşdiyi özbaşınalıqla bağlı müraciət edib.

Mia.az onun müraciətini olduğu kimi təqdim edir: 

"Bu gün birbaşa hərbi mövzudan deyil, hərbi sahə ilə bağlı bir məsələdən, problemdən sizləri agah etmək istəyirəm. Və imkan daxilində mətbuatda olan dostlardan bu mövzunu işıqlandırmağı çox xahiş edirəm.

Söhbət hökumətin bəzi strukturlarının, konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) naziri Səlim Müslümovun və onun tabeçiliyində olan, vaxtıykən onun özünün rəhbəri olduğu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Zakir Babayevin və onun tabeçiliyində olan bəzi şəxslərin özbaşınalığından və saymazyanalığından, vətəndaşların müraciət və şikayətlərinə BİGANƏ və SƏHLƏNKAR yanaşmasından gedir. 

Və hesab edirəm ki, tez bir zamanda adı çəkilən ƏƏSMN-də, komitələrdə, bəzi agentlik və fondlarda ciddi İxtisar və modernləşmə işləri aparılmalıdır. Hesab etdim ki, əgər mənim başıma bu biabırçılıq və özbaşınalıq gətirilirsə, görün mətbuata çıxışı olmayan və sadə insanların başına hansı özbaşınalıqlar gətirilir. Və dediklərimlə əyani tanış olmaq istəyirsinizsə, yazacağım faktları yoxlayın və özünüz də görəcəksiniz ki, necə biganəlik və özbaşınalıq hökm sürür.

Bu gün sizə şəxsən rastlaşdığım və iştrakçısı olduğum bir əcaib və sözlə deyiləsi mümkün olmayan hadisədən danışacağam.

1996-cı ildə oğlunu döyüş bölgəsində hərbi xidmət dövründə itirmiş valideynə kömək məqsədi ilə onun pozulmuş hüquqları ilə bağlı aidiyyatı qurumlar, sonra isə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət ünvanladıq. Məhkəmə tərəfindən may ayının 17-nə, yəni bu günə iclas təyin edilmişdi. Mən də ayın əvvəlində rəsmi ərizə ilə DSMF-nun direktoru Z.Babayevin adına müraciət ünvanladım.

12 gün ərsində - mayın 04-dən 16-dək əvvəl ƏƏSMN-nin 142 xidmətindən, sonra isə 434-60-51 saylı telefondan DSMF-nin Ümumi şöbəsindən mən DƏFƏLƏRLƏ Ərizə ilə bağlı gün ərzində bəlkə də 5-10 dəfə müraciət etməyimə baxmayaraq, müraciətlə bağlı bir nəfər düz-əməlli cavab vermədi. 

Mayın 16-da isə şəxsən DSMF-da bir saatdan artıq müddətdə bu məsələni araşdırmağa çalışsam da, mənə hansısa Eyvaz müəllimin yerində olmadığını, saat 16-da olacağını deyib, guya mənimlə əlaqə saxlayacaqlarını bildirdilər. Amma, həmişə olduğu kimi, yalan və səhlənkarlıq nəticəsində 434 12 34, 432 51 75, 434 10 02, 433 01 90 saylı telefonlara etdiyim saysız-hesabsız zənglərə bir nəfər cavab vermədi. 

Ümumiyyətlə, bu qurumda sanki dövlət idarəsi deyil, öz şəxsi şirkətləri və ya obyektləri kimi xidməti telefonlara cavab vermək mədəniyyəti hələ də formalaşmayıb.

Hesab edirəm ki, yaxın günlərdə mənim tərəfimdən Şəhid Ailəsinə qarşı edilən saymazyana münasibətə görə, həm ƏƏSM naziri Səlim Müslümov, həm də DSMF-nin direktoru haqqında tədbir görülməsi üçün əvvəl Prezident Adminstrasiyasına və Nazirlər Kabinetinə məlumat veriləcəkdir. 

Daha sonra isə digər məmur və nazirlərə görk olsun deyə, adı çəkilən səhlənkar şəxslərə qarşı tərdbir görülməsi üçün məhkəmə qaydasında iddia qaldırılacaqdır.

Buradan ƏƏSM naziri Səlim Müslümova və DSMF-nin direktoru Zakir Babayevə səslənərək demək istəyirəm ki, hörmətli məmurlar, özünüzü Şəhid Ailəsinin yerində ani də olsa təsəvvür edin. Əgər bunu bacara bilsəniz. Və belə münasibətə nə ad vermək mümkündürsə, xahiş edirəm, adını siz tapın. 

Sizin bəlkə də vəzifə səlahiyyətlərini anlamayan və bilməyən çoxsaylı əməkdaşlarınızdır ki, bu gün Azərbaycanın əksər şəhər və rayonlarında keçirilən qəbullar zamanı çoxsaylı şikayətlər və narazılıqlar edirlər. Vətən yolunda övladını itirmiş valideynlərə isə həm sizin, həm də bizim hamımızın borcudur ki, son dərəcə diqqətlə, qayğı ilə münasibət göstərilsin. 

Bundan əlavə, onu da qeyd edim ki, ƏƏSM naziri kimi Səlim Müslümovun hələ biz Qarabağ müharibəsi veteranları ilə bağlı 2012-ci ilin mayın 1-dən DSMF-nin rəhbəri olarkən qəbul etdiyi qanunsuz qərar da bu günə kimi hələ də aradan qaldırılmayıb. Baxmayaraq ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Məhkəməsinin bu məsələ ilə bağlı KONKRET QƏRARI var".

Mia.az


SON XƏBƏRLƏR