Şriftin ölçüsü / 182 dəfə oxunub

Beynəlxalq Bankın xaricdən cəlb etdiyi borcları dövlət ödəyəcək - Bankdan və nazirdən açıqlamalar

11 May 2017 [22:24]
Azərbaycan prezidentinin "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında 15 iyul 2015-ci il tarixli fərmanın icrası çərçivəsində ABB-nin maliyyə dayanıqlılığının gücləndirilməsi üçün ardıcıl və hədəfli tədbirlər həyata keçirilməkdədir.

Bankın mətbuat xidmətindən verilən məlumata görə, bu tədbirlər dövlət tərəfindən ABB-nin problemli aktivlərinin dəyəri ödənilməklə alınması, ona likvidlik dəstəyinin göstərilməsi və kapital itkilərinin bərpasını əhatə edir. Artıq ABB-nin 9,93 mlrd. manat dəyərində toksik aktivi dövlət tərəfindən alınıb, likvidlik dəstəyinin göstərilməsi üçün banka 1,3 mlrd. dollar və 70 mln. manat həcmində depozit yerləşdirilib. Bundan əlavə, bankın kapital mövqeyinin dəstəklənməsi üçün 2017-ci ilin yanvar ayı ərzində onun əsas səhmdarı olan dövlət tərəfindən bankda yerləşdirilmiş depozitlərin 600 mln. manat hissəsi kapitalın artırılmasına yönəldilib.

Tədbirlər bankın kapital və likvidlik mövqeyini gücləndirsə də bankın yüksək faiz ödənişləri, manatın əsas xarici valyutalara qarşı devalvasiyası, toksik aktivlərin dövlət tərəfindən satınalma prosesinin başa çatmaması ABB-ni əlavə itkilərə məruz qoyub. Nəticədə 2016-cı ilin yekunlarına görə, beynəlxalq maliyyə hesabatları üzrə Beynəlxalq Bank Qrupunun (bankın törəmə təşkilatları da daxil olmaqla) 1,9 mlrd. manat, ABB-nin özünün isə 1,74 mlrd. manat məbləğində zərərinin açıqlanması gözlənilir.

ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə insitituna çevrilməsi üçün bankın rəhbərliyi Azərbaycan hökuməti ilə birlikdə maliyyə sağlamlaşdırılması üzrə tədbirləri davam etdirir.

Sağlamlaşdırma prosesinin növbəti mərhələsi olaraq öhdəliklərin könüllü restrukturizasiyası nəzərdə tutulur. Öhdəliklərin könüllü restrukturizasiyası çərçivəsində "Banklar haqqında” qanuna müvafiq qaydada müəyyən maliyyə institutlarından cəlb olunmuş xarici valyutada borcların birbaşa dövlətə ötürülməsi planlaşdırılır.

Öhdəliklərin könüllü restrukturizasiya planı bank qanunvericiliyinə müvafiq qaydada Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılıb və restrukturizasiya prosesinin başlanılması barədə Nəsimi rayon məhkəməsi tərəfindən 4 May 2017-ci il tarixində qərar qəbul edilib. Restrukturizasiya planının xarici kreditorların yığıncağında onların ən azı 2/3 hissəsinin razılığı əsasında həyata keçirilməsi nəzərdə tutulur.

Borcların dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin (ticarətin maliyyələşdirilməsi əqdləri üzrə faiz ödənişləri istisna olmaqla) icrası dayandırılır.

Azərbaycan Beynəlxalq Bankının bütün digər öhdəlikləri, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatları cari rejimdə davam edəcək.

Bu tədbirlərin həyata keçirilməsi nəticəsində ABB-nin xarici valyuta mövqeyi tənzimlənəcək,  maliyyə vəziyyəti güclənəcək və gəlir generasiya etmə qabiliyyəti bərpa olunacaq. Həmçinin, bankın kapital mövqeyi requlyativ çərçivəyə qayıdacaq.

"Azərbaycan Beynəlxalq Bankının maliyyə və kapital mövqeyinin zəifləməsi ilə bağlı narahatlıq mövcuddur. ABB-nin maliyyə dayanıqlığının bərpa edilməsi Azərbaycan iqtisadiyyatı üçün önəmli olan maliyyə xidmətlərinin göstərilməsi üçün mühüm əhəmiyyətə malikdir. Bank tərəfindən hal-hazırda görülən tədbirlər maliyyə sabitliyinin təmin edilməsi üçün əhəmiyyətli addımdır və bu tədbirlər Maliyyə Nazirliyi tərəfindən tam şəkildə dəstəklənir. Maliyyə Nazirliyi ümid edir ki, ABB-nin xarici valyutada olan kreditorları təklif olunan restrukturizasiya planını dəstəkləyəcək. Dövlət bank üçün böyük addım atır və faktiki olaraq dövlət borcunun artırılması hesabına ABB-nin borclarını qəbul edir. Eyni zamanda, Maliyyə Nazirliyi qeyd edir ki, ABB-nin əmanətçiləri təklif olunan restrukturizasiya planından təsirlənməyəcək və bankın bütün xidmət və əməliyyatları eyni qaydada davam etdiriləcək”, – deyə maliyyə naziri Samir Şərifov bildirib.

ABB-nin sağlamlaşdırılma prosesi Maliyyə Bazarlarına Nəzarət Palatasının ardıcıl nəzarəti altında həyata keçirilir.

"Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planı bankın maliyyə durumunun və likvidliyinin gücləndirilməsinə xidmət edir. ABB maliyyə göstəricilərinə görə ölkənin ən iri bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsi, əhaliyə geniş çeşidli bank xidmətlərinin göstərilməsi və sahibkarlara kredit verilməsində mühüm rol oynayır. Buna görə də biz Maliyyə Nazirliyinin bankın maliyyə vəziyyətini sabitləşdirmək və dayanıqlığını təmin etmək səylərini müsbət qarşılayırıq. Hesab edirik ki, bu addım təkcə bank üçün deyil, ümumilikdə Azərbaycanın bank sektoru üçün mühüm əhəmiyyət daşıyır. Restrukturizasiya planı ABB-nin yerli hüquqi və fiziki şəxslər qarşısındakı öhdəliklərinə heç bir halda təsir etmir. MBNP olaraq biz bankın kreditorlarının və əmanətçilərinin hüquqlarının pozulmayacağına və vəsaitlərindən sərbəst şəkildə istifadə etmələrinə nəzarət edəcəyik”, – deyə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

"2016-cı il üzrə maliyyə nəticələrimizdə qeyd olunduğu kimi, ABB hal-hazırda mürəkkəb maliyyə vəziyyətindədir. Buna baxmayaraq, inanıram ki, bizim xarici valyutada olan kreditorlarımızın dəstəyi ilə ABB-nin gələcək maliyyə dayanıqlığı təmin ediləcək. Bankın cari vəziyyətində göstərdikləri dəstəyə görə Maliyyə Nazirliyinə və MBNP-yə minnətdarlığımı bildirirəm. ABB-nin pərakəndə və korporativ müştərilərini əmin etmək istəyirəm ki, restrukturizasiya planı onlara heç bir halda təsir etməyəcək. Əlavə olaraq, bizim digər xidmət və əməliyyatlarımız bu prosesdən kənarda qalacaq”, – deyə ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.

Bütün bu tədbirlərin nəticəsində ABB-nin uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaq.  

APA


SON XƏBƏRLƏR