Azad, plüralist və müstəqil mətbuat demokratik cəmiyyətin mühüm komponentidir

img

10-05-2017 [11:43]


Vüqar Rəhimzadə
"İki sahil” qəzetinin Baş redaktoru,
YAP Siyasi Şurasının üzvü

****

Azərbaycan dövlət müstəqilliyini bərpa etməsinin 25 ili şanlı tarix yaratdı. Bu dövr hər sahədə dərin yeniləşmə ilə xarakterizə olunur. İslahatların dövrün tələblərinə uyğun təkmilləşdirilməsi yeni-yeni hədəflərə yol açmaqla, inkişafın Azərbaycan modelinə beynəlxalq baxışı daha da möhkəmləndirir. 

Bu gün böyük inam və qətiyyətlə demək olar ki, Azərbaycan islahatçı, dinamik inkişaf edən ölkədir, onun demokratiya təcrübəsi digər dövlətlərə nümunə göstərilir. Bu uğurlara yol açan əsas amillərdən biri isə iqtisadi və siyasi islahatların vəhdətliyidir. İlk gündən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycan bu prinsiplərə sadiqliyini davamlı addımları ilə təsdiqləyib. 

Demokratik cəmiyyətin əsas atributlarından biri olan mətbuatımız həqiqət carçısı kimi reallıqlarımızla birgə addımlayır.

"Azərbaycanda azad jurnalistikanın rolu çox böyükdür. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu vardır və bu rolu mən yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar təmin ediləcəkdir”. 

Dövlət başçısı İlham Əliyev bu fikirləri ilə ölkənin davamlı inkişafında azad mətbuatın rolunu bir daha yüksək qiymətləndirir. 

1993-cü ildə BMT-nin Baş Assambleyası 3 may tarixini Ümumdünya Mətbuat Azadlığı Günü (World Press Freedom Day) elan edib. Bu qərar UNESCO-nun Baş Konfransının işinin nəticəsi olub. Belə ki, 1991-ci ildə qəbul edilmiş "Dünyada mətbuat azadlığının təmin edilməsinə yardım haqqında” qətnamədə Baş Konfrans azad, plüralist və müstəqil mətbuatın istənilən demokratik cəmiyyətin mühüm komponenti olduğunu tanıyıb.

Möhtərəm Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın vəziyyəti hər bir ölkənin inkişaf səviyyəsini göstərir. Qarşıdakı dövr üçün əsas hədəf isə Azərbaycanı gələcəkdə inkişaf etmiş ölkələr sırasında görməkdir. Belə olan təqdirdə Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır. 25 illik müstəqillik tarixinə malik olan Azərbaycanın həqiqətlərinin carçısı olan mətbuat bütün dövrlərdə üzərinə düşən missiyanı daha təkmil islahatlar əsasında yerinə yetirməklə bugünkü inkişaf səviyyəsinə gəlib çıxıb. 

Müstəqilliyimizin ilk illərində digər sahələr kimi, mətbuatda da yaşanan problemlər məlumdur. Həmin dövrdə azad, müstəqil mətbuatdan danışmaq qeyri-mümkün idi. Mətbuat azadlığı hər addımda boğulur, jurnalistlərə təzyiqlər göstərilirdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə həyata keçirilən ardıcıl islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran bütün maneələr də aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik təkmilləşdirildi, mətbuatın maddi-texniki bazası möhkəmləndirildi. Ən əsası, senzuranın ləğvi demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttini müəyyənləşdirdi.
Azərbaycanın 25 illik müstəqillik tarixi hər sahədə keçilən yolun aydın ifadəsini yaradır. Ulu Öndər Heydər Əliyevin dahiyanə və uzaqgörənliklə müəyyənləşdirdiyi siyasət nəticəsində qarşıdakı il arxada qalan ildən hər zaman daha möhtəşəm uğurlarla zəngin olur. Məhz bu reallıqların təbliğində əsas missiyanı yerinə yetirən yazılı və elektron KİV-in inkişafı önəmlidir və vacibdir. 

"Azərbaycan KİV-in sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır” fikri təbii ki, günümüzün reallıqlarına əsaslanır. Bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Azərbaycan internetin tam azad olduğu ölkədir. Bircə faktı qeyd etmək kifayətdir ki, ölkədə internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Cəmiyyətin informasiya tələbatının ödənilməsi üçün bütün zəruri imkanlar mövcuddur.

Dünya informasiya məkanına sürətlə inteqrasiya edən Azərbaycanın bu sahədə təcrübəsi yüksək səviyyədə təqdir olunur. Ötən il ölkəmizin Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasına ev sahibliyi etməsi də səbəbsiz deyildi. Asiyanın 31 ölkəsindən 39 agentliyin 77, Avropanın 23 ölkəsindən 30 agentliyin 51, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndəsinin qatıldığı tədbirdə medianın aktual problemlərinə işıq salındı.

 "Bu tədbirin Bakıda keçirilməsini həm də müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi hesab edirik. Bu, hökumətimiz üçün prioritetlərdən biridir və düşünürəm ki, müstəqilliyimizin 25 ili ərzindəki nailiyyətlərimiz bizim media azadlığı ilə yanaşı, bütün digər fundamental azadlıqların təmin edilməsinə müvəffəq olduğumuzu nümayiş etdirir” söyləyən dövlətimizin başçısı İlham Əliyev "Ölkə əhalisinin sayı təqribən 10 milyon nəfərdir və Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı çox uğurlu olub. Biz məqsədimizə nail olmuşuq və bu 25 il ərzində siyasi və iqtisadi islahatlarla yanaşı, transformasiya keçmiş sahələrdən biri demokratik inkişaf istiqamətindəki islahatlar olub” fikirləri ilə təcrübə mübadiləsinə verilən önəmi diqqətə çatdırmışdır. 

Ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlara diqqət yönəldən Prezident İlham Əliyev hər bir ailənin üzvünə çevrilən internetdən istər ölkə daxilində, istərsə də dünyada cərəyan edən proseslər barədə dolğun məlumatların əldə olunması imkanlarının genişliyini önə çəkərək, mətbuatın üzərinə düşən vəzifəni bir daha qeyd etmişdir. İnkişaf, tərəqqi hər sahədə mütləqdir. Təkmil islahatlar, yeniliklər bütün sahələri əhatə edir. 

Təbii ki, bu yeniliklərin, onların qazandırdığı nailiyyətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılması yazılı və elektron KİV-dən böyük məsuliyyət tələb edir. 

Cənab İlham Əliyev vurğulamışdır: "Bir dövlət başçısı və siyasətçi kimi əminəm ki, medianın beynəlxalq hadisələrdəki rolu dəqiqliklə təhlil edilməlidir. Çünki medianın rolu gündən-günə artır və bununla yanaşı, məsuliyyət də artır. Biz bir çox hallarda media tərəfindən işıqlandırılan hadisələrin gərginlik, qan tökülməsi və qarşıdurma yaratdığının şahidi oluruq. Bu səbəbdən əməkdaşlıq dəyərlərinin təşviqi baxımından xəbər agentliklərinin və medianın dəstəyi olduqca əhəmiyyətlidir. Bununla siyasətçilər ümumbəşəri dəyərlərin müdafiəsi üçün yeni imkanlar əldə etmiş olurlar. Bununla dəyərlərin təşviqində bizə daha ardıcıl və fəal olmaq fürsəti verilmiş olur. Bəzən mediada gördüklərimiz və oxuduqlarımız reallıqdan fərqlənir. Bunu şəxsi təcrübəmdən deyə bilərəm. 

Əlbəttə, istənilən dövlətin Prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz bu və ya digər eyni hadisə onun kim tərəfindən təqdim edilməsindən asılı olaraq, bəzən fərqli şəkildə çatdırılır. Bu səbəbdən biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının şahidi oluruq. Yaxın Şərq, müharibələr, Avropa, postsovet məkanı – burada eyni hadisə fərqli şəkildə təqdim edilir. Yəni biz burada siyasi motivlər və müəyyən mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin şahidi oluruq. Hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir”.

Belə tədbirlərin hər bir ölkə üçün əhəmiyyətini önə çəkən cənab Prezident İlham Əliyev bu vacib məqamı xüsusi qeyd etmişdir ki, hamımız azad medianın tərəfdarıyıq: "Hamımızın, xüsusilə də 70 il Sovet İttifaqının tərkibində yaşamış Azərbaycan kimi dövlətlərin doğru məlumata ehtiyacı var. O dönəmdə yalnız vahid rəsmi siyasət və vahid ideologiya mövcud idi və bizim heç bir məlumata çıxışımız yox idi. Təkcə bizim deyil, bütün ölkələrin və xalqların həqiqətən nələrin baş verdiyi ilə bağlı məlumat əldə etmək hüququ var”.

Azərbaycanın 25 illik müstəqillik tarixinin güzgüsü olan mətbuat hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş, davamlı islahatlar, həyata keçirilən tədbirlər inkişafı daha da stimullaşdırmışdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu hər sahədə uğurla davam etdirən Prezident İlham Əliyev "Hüquqi dövləti mətbuatsız təsəvvür etmək qeyri-mümkündür” söyləməklə bu istiqamətdə bir-birindən əhəmiyyətli addımlar atmışdır. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına dair Dövlət Konsepsiyasının qəbulu, bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı imzalanan ardıcıl sərəncamlar və s. bu diqqət və qayğının davamlılığından xəbər verir. 

Davamlı addımlar bir daha bu reallığı ortaya qoyur ki, ölkədə güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, insanların informasiya almaq ehtiyacını ödəyən, onları beynəlxalq aləmdə, respublika daxilində baş vermiş hadisələr barədə düzgün məlumatlandıran, eyni zamanda, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı dövlətin media siyasətinin əsas fəlsəfəsini təşkil edir. 

Günümüzün əsas tələbi dünya informasiya məkanına inteqrasiya istiqamətində davamlı addımlar atmaqdır. Məqsəd qeyd olunduğu kimi, ölkə reallıqlarını, ən əsası başlıca problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaqdır. 

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, mövcud imkanlar bu kimi məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir: "XXI əsr informasiya mübarizəsi əsridir. İnternetin mövcudluğu əlbəttə ki, bu mübarizəni daha da kəskinləşdirir. Biz buna hazır olmalıyıq, biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Burada əlbəttə ki, əsas vəzifəni ilk növbədə dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir. Ona görə də biz buna hazır olmalıyıq”.

Qarşıda duran vəzifələrin icrasında jurnalist peşəkarlığı və məsuliyyəti vacib amil kimi önə çəkilir. Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, bu məsələnin aktuallığı daha qabarıq şəkildə özünü büruzə verir.

"Müasir cəmiyyətdə, internet dövründə hər hansı bir yalan məlumatın ömrü uzun ola bilməz”  söyləyən dövlətimizin başçısı cənab İlham Əliyev obyektivliyin və qərəzsizliyin əsas prinsip kimi öndə saxlanılmasını, məsuliyyətin daha da artırılmasını vacib məqam kimi diqqətə çatdırır: "Jurnalistlərin peşəkarlığı, məsuliyyəti, dəqiq informasiyanın ötürülməsi – bütün bu məsələlər çox vacibdir”.

Ölkənin hərtərəfli inkişafı dövlət siyasətinin əsasında dayanır. Uğurlu təkmil islahatlarla yanaşı, hər ilin konkret bir sahənin adı ilə bağlanması da bu inkişafı stimullaşdırır. Ötən il ölkəmizdə "Multikulturalizm ili”, bu il isə "İslam Həmrəyliyi İli” elan edilib. Müxtəlif sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin maddi-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. "Multikulturalizm ili” çərçivəsində keçirilən tədbirlərdə multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyi, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyəti daha aydın nəzərə çarpdı. Qərblə Şərqin qovşuğunda yerləşən Azərbaycan bu körpü rolunu uğurlu addımları ilə zənginləşdirir, yeni əlavələr edir. 

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, hər bir dövlətin gücü onun iqtisadi qüdrəti ilə yanaşı, həm də milli və dini birlikləri ilə ölçülür. Millətlərarası, dinlərarası münasibətlərin sağlam istiqamətdə inkişafında Azərbaycanın sadiq qaldığı dəyərlər həqiqətən öyrənilməyə və təbliğ olunmağa layiqdir. Ulu Öndər Heydər Əliyevin "Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq edərək heç vaxt dilimizdən, adət-ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik” tezisinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyevin söylədiyi "Azərbaycanın təcrübəsi hesab edirəm ki, əslində, multikulturalizm ideyalarının təbliği üçün çox dəyərli və qiymətlidir. Çünki bir daha demək istəyirəm ki, multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır” fikirləri ölkəmizdə mədəniyyətlərin sintezinin mövcudluğunun təsdiqidir. 

Multikulturalizm meyillərinin gücləndirilməsi üçün səylərin birləşdirilməsi, birgə addımların atılması vacib şərt kimi diqqətə çatdırılır. Bu fikirlər, həmçinin cənab İlham Əliyevin 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Sərəncamında da öz əksini tapıb. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

Ölkəmiz bu il növbəti mötəbər idman tədbirinə ev sahibliyi edəcək. Nəzərə alınsa ki, idman eyni zamanda siyasətdir, bu halda bu kimi tədbirlərə ev sahibliyi edən ölkəmizin malik olduğu imkanlar daha aydın nəzərə çarpır. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı İlham Əliyev bu məqamı xüsusi vurğulamışdır: 

"Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri "Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar».

Azərbaycanın davamlı inkişafı reallıqdır. Ölkəmizin müstəqillik tarixində qazandığı uğurların fonunda müəyyənləşdirilən yeni hədəflər "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Azərbaycanı qarşıdakı illərdə inkişaf etmiş ölkələr sırasında görmək əsas hədəflərimizdəndir. Dövlətimizin başçısı cənab İlham Əliyev digər sahələr kimi, mətbuatda da dünya təcrübəsindən bəhrələnməyi əsas vəzifə kimi qarşıya qoyur: "Bizim şəraitimizə, milli adətlərimizə uyğun ən mütərəqqi təcrübə Azərbaycanda tətbiq edilməlidir. Ona görə inkişaf etmiş ölkələrin, xüsusilə, demokratik inkişafla, media azadlıqları ilə bağlı təcrübəsi bizim üçün çox maraqlıdır, cəlbedicidir. Biz bu təcrübədən istifadə edirik və edəcəyik”.

Ölkəmizin ev sahibliyi etdiyi, tərəfdaşlığa və dostluğa xidmət edən beynəlxalq səviyyəli tədbirlər malik olduğumuz imkanların təqdimatı ilə yanaşı, təcrübə mübadiləsinin aparılmasına, hər bir ölkənin inkişaf strategiyasını öyrənməyə əlavə imkanlar yaradır. 

Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasına UNESCO-nun baş direktoru xanım İrina Bokovanın videomüraciətində bu fikir öz əksini tapmışdır: "Bu, gələcək fəaliyyətimizin uğurunun başlanğıc nöqtəsidir. Biz insan hüquqları və ləyaqəti, qanunun aliliyi və yaxşı idarəetmə, demokratiya və davamlı inkişaf naminə müstəqil, etik və plüralist medianın vacibliyinə inanırıq. Keyfiyyətli jurnalistika cəmiyyətlər üçün heç vaxt olmadığı qədər vacibdir və onun başlıca vəzifəsi əsasən böhran və münaqişələr zamanı cəmiyyətin etibarlı informasiyaya tələbatını ödəməkdən, onun maraqlarını təmin etməkdən, söz azadlığı üçün əlverişli zəmin yaratmaqdan ibarətdir”.

"Media müxtəlifliyi və plüralizm fərdi idealları zənginləşdirmək, ümumi mədəni təcrübəni müxtəlif rəylər, hekayətlər və informasiya ilə dərinləşdirmək imkanı yaradır. Bu cür vasitələrlə sərhədlər aşılaraq ölkələr arasında mədəniyyətlərarası dialoq təşviq edilir, azad mətbuat və fərqli rəylərin təmin olunmasını mümkün edən ifadə azadlığı möhkəmlənir” söyləyən UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida isə vurğulamışdır ki, biz, həmçinin bilməliyik ki, xəbər agentlikləri məlumatın əldə edilməsi və mübadiləsində əsas iştirakçı olaraq qalır.

Medianın rolu dəqiq, obyektiv xəbər verərək azad düşüncəni ifadə etməklə ictimai maraqlara xidmət göstərməkdən və xüsusən də böhran, münaqişə zamanı cəmiyyətin maraqlarının keşiyində durmaqdan ibarətdir. 
Ümumiləşdirmə aparsaq, həqiqətlərin olduğu kimi ölkə və dünya ictimaiyyətinə çatırılması əsasdır ki, bu missiyanı da mətbuat yerinə yetirir. Fikrin hansı səviyyədə formalaşması mətbuatın öz funksiyasını hansı səviyyədə yerinə yetirməsindən asılıdır. Obyektivlik, qərəzsizlik və dövlətçilik prinsiplərinin qorunduğu halda hansısa yanlış, mənfi fikir yaradan məlumatdan danışmaq mümkünsüzdür. Digər tərəfdən, bu günümüzün əsas çağırışlarından birinin informasiya təhlükəsizliyinin təmin edilməsi olduğunu da nəzərə alsaq, yazılı və elektron KİV-lərlə sosial media arasında rəqabətin artdığı müasir dövrümüzdə jurnalistikanın inkişaf problemləri ilə yanaşı, hər dövlətin milli təhlükəsizliyi ilə eyni səviyyədə dəyərləndirilən, ictimai rəyin formalaşdırılmasında başlıca aparıcı rola malik informasiya təhlükəsizliyinin qorunması bütünlükdə cəmiyyətin, insanların vətəndaşlıq borcu olmalıdır. 

Əsas diqqət yetirilən sahə isə müasir jurnalistikaya ciddi təsir göstərən sosial şəbəkələrdə yerləşdirilən informasiyaların ölkələrarası əməkdaşlığın genişləndirilməsindəki rolunu və əhəmiyyətini düzgün dərk etmək və məsuliyyətlə yanaşmaqdır. Həyatımızın ayrılmaz parçasına çevrilən, cəmiyyətin hər üzvünü hadisələr haqqında məlumatlandıran internetin ictimai rəyin formalaşdırılmasındakı rolu böyükdür. Əsas məsələ isə internetdən istifadə zamanı informasiya məsuliyyətini əsas tutaraq, məlumatların ictimaiyyətə çatdırılmasında, auditoriyanın formalaşdırılmasında peşəkarlığı artırmaqdır.

 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncamı ilə informasiya təhlükəsizliyinin təminatının prioritet olduğunu bir daha önə çəkən möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki, əsassız, ictmai rəyi əks etdirməyən təxribat xarakterli məlumatların qarşısının alınmasında güclü vasitə olan informasiya təhlükəsizliyinin təminatı Azərbaycan həqiqətlərinin olduğu kimi dünyaya çatdırılması baxımından daha önəmlidir: 

"İnformasiya təhlükəsizliyi də indiki dövrdə çox vacibdir... Bizə qarşı informasiya müharibəsi aparılır. Bu həqiqətdir... Bu informasiya müharibəsinin aparılması işində, əlbəttə ki, ilk növbədə erməni lobbisi öz fəallığı ilə seçilir. Azərbaycanı qaralamaq, Azərbaycan reallıqlarını danmaq, Azərbaycanı geridə qalmış, antidemokratik ölkə kimi dünyaya təqdim etmək cəhdləri ilk növbədə erməni lobbisinin çirkin əməllərindən qaynaqlanır”. 

"Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da da informasiya təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin parametrləri əksini tapır. Bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi, ölkənin milli informasiya məkanının, o cümlədən informasiya təhlükəsizliyini təmin edən sistemin inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətləri kimi diqqətdə saxlanılır.
Azərbaycanın uğurlarına qısa baxış bu reallığı təsdiqləyir ki, hər bir sahənin inkişafı təkmil islahatların həyata keçirilməsindən asılıdır. 

Azərbaycanın 1993-cü ildən, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişafı davamlıdır, dayanıqlıdır. Son 13 ildən artıq müddətdə bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycana daha möhtəşəm uğurlar qazandırır. Azərbaycan dünyanı bürüyən maliyyə və iqtisadi böhran dövründə təkmil islahatları ilə diqqət mərkəzində olmuş, bir-birindən önəmli beynəlxalq tədbirlərə ev sahibliyi etməklə inkişaf modelini təqdim etmişdir. Hər sahədə uğurlu addımların atılması təbii ki, ölkəmizin iqtisadi qüdrətinə əsaslanır. 

Ulu Öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlərdə öz aktuallığını qoruyur və yeni hədəfləri şərtləndirir. Azərbaycanı qarşıdakı illərdə inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli dövlətə çevirmək istəyimiz də bu tezisdən irəli gəlir. Möhtərəm Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, biz daim irəliyə baxmalıyıq.

Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanın qarşısında geniş üfüqlər açır. Atdığı addımları, təşəbbüsçüsü və iştirakçısı olduğu layihələri, ən əsası yerləşdiyi coğrafi mövqeyi ilə dövlətlər, xalqlar arasında körpü rolunu hər zaman qoruyan Azərbaycana beynəlxalq baxış yüksək səviyyədədir.

 Düşünürük ki, "İslam Həmrəyliyi İli” çərçivəsində istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda keçiriləcək tədbirlər Azərbaycanın bu gerçəkliklərinə işıq salacaq. Kütləvi informasiya vasitələri dövlətçilik maraqlarını öndə saxlayaraq, həmrəylik nümayiş etdirib cəmiyyətin düzgün məlumatlandırılmasında daha fəal olacaq, öz missiyasını yüksək səviyyədə yerinə yetirməyə səy göstərəcək. 

Bu əminliyi yaradan təbii ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə həyata keçirdiyi düşünülmüş siyasət və bu kursun Prezident İlham Əliyev tərəfindən uğurlu davamı nəticəsində mətbuat üçün yaradılan geniş imkanlardır. Azərbaycanın müstəqillik tarixinin hər bir səhifəsini vərəqləmək və əldə olunan uğurları ictimaiyyətə çatdırmaq mətbuatın gündəlik işi olmalıdır.

 Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbulda dövlətimizin başçısı İlham Əliyev "İyirmi beş il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik” söyləyərək, dərin islahatlarla zəngin olan inkişaf strategiyamızın uğurlarına və perspektivlərinə bir daha işıq saldı. 


Digər xəbərlər
SON XƏBƏRLƏR