Şriftin ölçüsü / 736 dəfə oxunub

Günəbaxan tumu adama həmişə günəşi xatırlatmır... - Polkovnik "Aprel döyüşlər"indən yazır

07 May 2017 [16:41]
İbrahim RÜSTƏMLİ,
Ehtiyatda olan polkovnik
Əməkdar jurnalist

Aprel doyüşləri Azərbaycan ordusunu bütün dünyaya kəskin redaktələrlə təqdim etdi; uzun illər ictimai şüurda formalaşmış və qismən bərkimiş hökmran mövqeləri kökündən sarsıtdı; az qala hər tərəfdən düşmən təpkisilə üz-üzə qalmış azsaylı bir toplumun iradəsini ortaya qoydu; haqqı-hüququ tapdanan, yurdu-yuvası yağmalanan bir elatı kül altında qalmış köz kimi yenidən alovlandırdı...

Yəni, amansız TARİX hamımızın böyük həsrətlə gözlədiyimiz o möhtəşəm tamaşanı bu dəfə də eyni ssenari ilə gündəmə gətirdi: uzun illərin cansıxıcı sükutundan, yabançı siyəsət dəllallarının ürəkbulandıran zəvzəyliyindən boğaza yığılanlar, nəhayət, ədalətsizliyə qarşı üsyana qalxdı. Sanki şahmat taxtası üzərində izlənilən bu debüt ilk baxışdan bütün cəhətlərilə (açıq, yarımçıq və bağlı məzmunda) səhnə önünü qapatsa da, daha dərində fiqurların və piyadaların qarşılıqlı əlaqəsilə, əsas qanunlara tabe olan strateji prinsiplərlə, ən ümdəsi, ƏSGƏRİ RƏŞADƏTLƏ yadda qaldı.

Çünki öz abrına sığınan bir xalqın səbr kəsasının nə vaxtsa sel kimi daşacağı gözlənilən idi. Mən bu selin qarşısını qəfildən böyük bir platina kimi kəsən siyasi qərarları müzakirə mövzusuna çevirməyəcəm: xalqımın mənafeyinə yad bir qərarda yabançı nəfəsəni, yabançı barmağını duymayacaq qədər sadəlövh deyiləm. O üzdən bəzi qonşularımızın Aprel döyüşlərilə bağlı səsləndirdiyi düşük bəyanatlarını öz dövlətinə və xalqına hörmətlə yanaşmağı bacarmayan siyasət bəzirganlarının davamlı əxlaqsızlığı kimi dəyərləndirirəm. 

Bütün cinahlardan düşmən təpkisilə üz-üzə qalan, ancaq yenə də tapdanmış haqqı uğrunda döyüşməyi bacaran bir xalqı bilərəkdən bu sayaq şərəfsizcəsinə aşağılamaq kişilikdən deyil. Çünki Aprel döyüşlərində kürəyini bu yurda, bu dövlətə sipər edib, sinəsini düşmən qabağına verənlərin son sözü – ilahi monoloqu həm də ulu yaradının diqtəsi idi: "Sağ qaldığına görə Allaha minnətdar olmayacaqsan!!!”

Mən əsgərəm, bilirəm, günəşli bir ölkəyə, xüsusilə, qızğın döyüşlərin getdiyi vaxtda soyuq qütblərdən təşrif buyurmuş şaxtalı ab-havanı "sinirmək” hamımız üçün çətindi. Ancaq belə bir məqamda öz içimizdə müharibə veteranlarına, müharibə əlillərinə arxadan təpik atanları da qınamaq iqtidarında deyiləm. Çünki canında-başında düşmən mərmilərinin nişanələrini gəzdirən o müharibə veteranlarının, o müharibə əlillərinin başbilənlərini sonradan həmin adamların ayağında böynubükük gördüm; bir əsgər kimi dünyanın ən ucuz əzabını yaşadım, dünyanın ən böyük cəzasını çəkdim.

Ancaq bu da son olmadı. Dünənlərdə müharibə əlillərinin haqqına girənlər bugünlərdə məvacib "savaşına” qalxmaqla qanı kəsilməyən yaralarıma yenidən köz basdılar, köz!..

Bax beləcə başlanğıçı ilə sonu bilinməyən bu nəfs davasının məntiqi davamı ucu itirlimiş kələf kimi boğazımıza sarılır, yediyimiz çörəyi, içdiyimiz suyu zəhərə döndərir. Müəllimləri daş daşımağa, divar hörməyə göndərilən xalq ən ucuz təsəlli menyusunda "soğan əkməkdən” başqa heç nə tapmır...

O üzdən öz fikrimi "dəmir kansler” Bismarkın dahiyanə deyimilə yekunlaşdırmaq niyyətimi də söz dalınca yüyürmək imkanımın məhdudluğu kimi dəyərləndirin. Gəlin parçalanmış alman knyazlıqlarını vahid dövlətdə birləşdirən, yeni xalq yaradan, general-ferldmarşal Otto Bismarkı dinləyək: "Fransa-Prussiya müharibəsində biz ona görə qələbə çaldıq ki, alman müəllimi fransız müəlliminə qalib gəldi..."

Bununla belə, Aprel döyüşləri Azərbaycan ordusunu Azərbaycan dövlətinin və xalqının ən mükəmməl, ən etibarlı güc mərkəzi, istinad nöqtəsi kimi təqdim etdi. Azərbaycan hökumətinin illər uzunu düşmən təxribatına cavab olaraq ali tribunalardan səsləndirdiyi haqlı tələblər bu dəfə fərqli farmatda, Azərbaycan əsgərinin simasında ifadə olundu. Mübariz İbrahimovun Qəhrəmanlıq salnaməmizə yeddi il bundan qabaq təkbaşına vurduğu möhür, bu dəfə onlarla igid hərbçimiz tərəfindən əsgəri rəşadət səviyyəsində təsdiqini tapdı. Düşmən seytnot vəziyyətinə düşdü...

Məhz bu anlarda erməni cəbhəsində baş verənlər Aprel döyüşlərinin obyektiv obrazını yaratmaq baxımından ən dürüst informasiya mənbəyinə çevrildi. Zorla əyninə əsgər libası geydirilən, əlinə silah verilən və yad torpaqlara göndərilən erməni gəncləri aldandıqlarını başa düşüb, tapdanmış hüquqlarını nə vaxtsa müdafiə etmək ümidilə geriyə üz tutdular. Amma daha gec idi. Çünki onların bu son şansı da mafiyalaşmış erməni iqtidarının "zaqradotryad”ı tərəfindən amansızcasına gülləbaran edildi...

Və dərhal səhnəyə birinci Qarabağ savaşının (ağzında protezini, əlində silahını saxlaya bilməyən) azsaylı tör-töküntüsü çıxarıldı. Di gəl mənəvi və fiziki imkanlarının aşılanması üzündən onlara da ön cəbhəyədək addımlamaq, səngərlərə qədəm basmaq qismət olmadı. Bu veteranların canısulu tam böyük əksəriyyəti isə öz arxasını sarqisyan hökümətinə çoxdan çevirib, çünki bir tikə çörək dalınca düşmək, sarqisyan kimi körpə qatilinin arxasınca düşməkdən daha vacibdi. Çünki erməni iqtidarı onları nə vaxtsa Qarabağa gətirən mənəvi tellərlə bağlı uydurulmuş əfsanələri indi xımır-xımır xalqın cibindən oğurladığı milyonlarla vəsait hesabına ucaldılan mal-mülk qismində heykəlləşdirib.

Nəhayət, belə bir məqamda, heç şübhəsiz, əlazsızlıqdan dolayı erməni qızlarının ifasında izlədiyimiz "striptiz” də tamamilə gözlənilən idi. Biz bu dağınıq saçlı, oynaq baxışlı gözəllərin simasında Kim Qardaşyanın potensial davamçılarını gördük və əsla təəccüblənmədik. Çünki ermənistan iqtidarı ən ucuz siyasi fahişəliyin peşəkar ixracatçısı kimi ən bahalı otellərdə özünə həmişə asanlıqla müştəri tapıb...

Aprel döyüşlərinin strateji, taktiki şərhi sırf peşəkarlıq baxımından zamana ehtiyacı olan məsələdi; Gələcəyin yaddaş boğçası cavabını gözləyən suallar sarıdan heç vaxt qıtlıq çəkməyib. İndilərdə isə bütün təfərrüatları ilə gün kimi aydın olan bir məqam var ancaq. O da əməliyyata cəlb olunmuş şəxsi heyətin şücaətidi; həmişə eyni həyacanla izlədiyimiz ən mükəmməl müharibə filmlərinin baş qəhrəmanlarını belə kölgədə qoyan misilsiz şücaəti.

O üzdən mən Azərbaycan əsgərinin əlindəki silahdan çox, Azərbaycan əsgərinin köksündəki ürəyə inanıram. Çünki ən müasir silahlarımızı ən müasir kütləvi informasiya vasitələrimizdə ən müasir deletantlarımızın ssenariləşdirdiyi ucuz şoularla zərərsizləşdirə-zərərsizləşdirə gedirik. Məxfiliyin sıxlığı azaldıqca sıralarımız da seyrəlir. Özünütərif həddini aşanda isə müxtəlif analizator nüvələri arasındakı zəruri hüceyrə əlaqələri kəsilir, effektorlar iflic vəziyyətinə düşür. Ən dəhşətli məqam da elə məhz bu zaman yaşanır: İşığı resepsiya edən fotoreseptorların imkanları məhdudlaşır və nəhayət, bizi bir-birimizə bağlayan tellərin üzərində otur(uş)muş "sərçələr” gözdən itir, diqqətdən yayınır. O sərçələr düşündüklərimizi, danışdıqlarımızı rahat-rahat həzmeyi-giramidən keçirir, sonra bir müddət yad səmalarda pərvazlanır, daha sonra yenidən bizi bağlayan tellərin üzərində oturub gəyirə-gəyirə yuxarıdan aşağı başımıza zıllayırlar...

Yəni, Aprel döyüşləri zamanı hiss olunanan dissonans daha çox informasiya təhlükəsizliyi cəbhəsində, ritmə yad "xaric səslərlə” yaddaşımızı təklədi. Qulaqardına vurduğumuz məsələlərdə daha ciddi olmağımıza ehtiyac duyulduğu anda hədə-qorxu yolunu tutanlar isə əslində növbəti problemlərin özülünü qazmış oldular. Çünki bu cür xaric səsləri bir-iki saz-söz aşiqinin romantik çıxışları ilə boğmaq cəhdimiz bizi daha ciddi təhlükələrlə üz-üz qoya bilər. Reallıq və bu reallığın ANA XƏTTİ – QƏLƏBƏ ƏZMİMİZ əsas yükü danışan və döyüşən ordudan çox, DÜŞÜNƏN ORDUNUN çiyinlərində görmək istəyir. Axı hədəflərimiz böyükdü!...

Bu da nümunə: Aprel döyüşlərindən sonra Ali Baş Komandanın qürbətdən dönən torpaqlarımıza baş çəkməsi, hər şeydən əvvəl, o torpaqlarda Şəhid olanlara ehtiramın ən mötəbər səviyyədə ifadəsi idi. Bu həm də o demək idi ki, orduya göstərilən davamlı dövlət qayğısı Azərbaycan əsgərinin ana südü kimi halal haqqıdı. Bu həm də müharibə əlillərinin, müharibə veteranlarının haqqıdı!!!

Cənab Prezidentin bu möhtəşəm mesajı indiyədək ordu rəhbəri səviyyəsində rast gəlmədiyimiz, amma həyati əhəmiyyət daşıyan addımlara stimul verdi. Dövlətlə xalqı vahid cəbhədə birləşdirən motivlər isə daha sonrakı mərhələdə təbii zəncirvari reaksiyalarla özünü çox gözlətmədi. Aprel döyüşləri zamanı müharibə əlillərinin, müharibə veteranlarının birbaşa təmas xəttinə, ön mövqelərə nəqli bu sırada dövlətin növbəti təmsilçisini - müdafiə nazirini də cəmiyyətə daha böyük hədəflərin sözçüsü kimi tanıtdı. 

Cənab Zakir Həsənov onları bu gün də ordu ailəsinin üzvi kimi görməklə ordu ilə cəmiyyət arasındakı vəhdətə yeni məzmun, yeni əxlaq gətirdi; bu, sadəcə müharibə əlillərinin, müharibə veteranlarının təmas xəttinə, ön mövqelərə adi gedişi deyildi; bu həm də təmas xəttində, ön mövqelərdə yaşananların - güllə səslərinin, barıt qoxusunun bütün ölkəyə birbaşa etibarlı nəqli idi.

O üzdən məndən ötrü həmişə doğma olan Silahlı Qüvvələrimizin informasiya təhlükəsizliyi cəbhəsində yaşanan problemləri ən azı ümumi qaydada ifadə etmək haqqımı heç kimə güzəştə getmirəm. Çünki bu narazılıq deyil, narahatlıqdı! Çünki düşmən güllələrinin yolu ilk növbədə informasiya cəbhəsindən keçir. Çünki o güllələrə öz köksünü tanıtmaq yalnız Azərbaycan əsgərinin alnına yazılmayıb!..

Aprel döyüşləri mənim xalqımın, mənim dövlətimin sarsılmaz iradəsini, tükənməz gücünü bütün dünyaya tanıtdı. Bu iradənin, bu gücün əsl mənbəyi işğal olunmuş torpaqlarımızdı. Orada - Vətənin bütövlüyü uğrunda döyüşə atılanlar, orada - Vətənin bütöv göründüyü yerlərdə əbədiyyətə qovuşdular. Onlar o torpaqlarda qürurla yaşamağa, qürurla addımlamağa hamıdan çox haqqı olanlardı; canlarından keçdilər, torpaqdan keçmədilər. İndi bizim ən böyük yükümüz bu haqqın halallığını almaqdı. Ən böyük problemimiz də elə budu. Çünki seyrəlmiş sıralarımızdan sızan işıq çox vaxt ya öz xarakterini müəmmalı şəkildə dəyişir, ya da quyu dibində parlayan ulduzlar kimi görunməz olur. Günəbaxan tumu isə adama həmişə günəşi xatırlatmır...


SON XƏBƏRLƏR