"Avropa Türkiyəyə təzyiq üsulu ilə heç nəyə nail ola bilməz" - Nazir PKK-nı yenə də vuracaqlarını bəyan elədi

img

26-04-2017 [12:49]


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının Türkiyənin monitorinq altına qaytarılması barədə qərarını qəbul etmədiklərini, eyni zamanda ölkəsini təhdid edən PKK/YPG terrorçularına qarşı bundan sonra da sərt davranacaqlarını bəyan edib.

Mia.az xəbər verir ki, hazırda Özbəkistanda səfərdə olan nazir Mövlud Çavuşoğlu  AŞPA-nın bu qərarının qəbuledilməz olduğunu bildirib.

Nazir AŞPA deputatlarını qərəzli, islama qarşı və PKK-ya dəstək olmaqda suşlayıb:  

"Biz hər zaman AŞPA ilə dost və qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlıq etməyə maraqlı olmuşuq. Ancaq son zamanlar görünür ki, Avropanın bəzi ölkələrində islama olan baxış, irqçilik Avropanın bu qurumlarına da sirayət edib. Hələ bu qurumun deputatları arasında PKK terroristlərinə açıq dəstək verənlər də var. Sözsüz ki, belə deputatların qərəzli, tərəfli yanaşmaları əsasında qəbul edilən hər hansı qərarı qəbul etmirik. Heç bir qurum da Türkiyəyə qarşı belə təzyiq üsulları nəyəsə nail ola biləcəyini düşünməsin".

Çavuşoğlu türk qırıcılarının İraqın Sincan bölgəsində PKK/YPG ünsürlərini bombalamasına ABŞ-ın etiraz bəyanatına da cavab verib:

"ABŞ və mütəffiqlərimizi, o cümlədən Rusiyanı həmin bombalanmadan düz iki saat qabaq həm diplomatik, həm də hərbi kanallarla məlumatlandırmışıq. Bildirmişik ki, Sincandan Türkiyəyə, onun xalqına, təhlükəsizliyinə təhdid var və vurulacaq. Daha sonra gərəyi nədirsə, o da baş verib. Sincanda uğurlu əməliyyat keçirilib, terrorçular zərərsizləşdirilib. Bundan sonra yenə təhdid olacaqsa, yenə də harda olursa olsun, əməliyyat aparılacaq. Kimsə bu əməliyyatların qanunsuz olduğunu söyləməsin, bu, tam beynəlxalq hüquq çərçivəsində həyata keçirilib.

O ki qaldı həm İraqın, həm də Suriyanın ərazi bütövlüyü, süverenliyi məsələsinə, biz Türkiyə olaraq, bunu bütün ölkələrdən daha çox istəyirik. Ancaq biz ölkəmizin də təhlükəsizliyini qorumaqda görəvliyik. Bunu mütəffiqlərimiz bilməli, PKK-nın digər bir qolu olan terroristlərlə bağlı  lazımi ölçü götürülməsində bizə dəstək verməlidirlər".

Nazir sonda bir daha bildirib ki, Türkiyənin təhlükəsizliyinə təhdid olan hər hansı bir həmləyə bundan sonra da sərt cavab verəcəklər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR