Əflatun Amaşovun oğlu: "O, mənim ən yaxın dostumdur" - Müsahibə + FOTOLAR

img

25-04-2017 [12:53]


Sabah Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun 60 yaşı tamam olur.

Mia.az xəbər verir ki, Modern.az saytı deputatın yubileyi ərəfəsində oğlu Orxan Amaşovdan müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

- Orxan bəy, oğullar çox vaxt atalarının yolunu gedir. Bu mənada heç içinizdən yazmaq eşqi keçibmi?

- Uşaqlığımın kiçik bir mərhələsi istisna olmaqla, heç  zaman jurnalist olmağı arzulamamışam. Təbii ki, mütaliəni və yazmağı sevirəm və bunda atamın önəmli rolu olub. Onun şəxsi kitabxanası erkən yaşlarımdan mənə açıq olub. Ədəbi zövqümün formalaşmasında təməl təsirlər atamdan gəlir. Ədəbi zövq həyatın müxtəlif mərhələlərində məzmunca dəyişir, yeni meyllər yaranır, yaşadığın mühit və ünsiyyətdə olduğun insanlar yeni maraqları ərsəyə gətirir.

- Təməl təsirlər dedikdə nəyi nəzərdə tutursuz? Yəqin ki, müşahidələrinizi qələmə aldığınız məqamlar istisna deyil.

- Daha çox oxumaq vərdişi və ənənəsinin formalaşmasını nəzərdə tuturam.  İxtisasca hüquqşünasam. Öz sahəm üzrə ingilis dilində məqalə və şərhlər yazıram. Məni peşəkar-akademik kontekstdə maraqlandıran sahələr var. Eləcə də hobbi kimi qəbul etdiyim sferalar var ki, bu istiqamətlərdə yazıram. Amma bu, jurnalistika deyil. Bəzən öz yaxın əhatəm və dostlarımla müşahidələrimi qısa yazılar şəklində paylaşıram. Şəxsi xatirələrimi, gündəlik həyatda və səyahətlər zamanı gördüklərimi qeydə alıram. Bir sözlə, yazmağı sevirəm. Həftə sonlarını Londonun müxtəlif kitab mağazalarında keçirə, sonra isə qəhvənin müşaiyətində uzun saatlar oxuya və yaza bilərəm. Bu, təbiətimə çox uyğundur. Ümumi intellektual meyl, oturuşmuş və zövq mənbəyinə çevrilmiş vərdişlər var, amma jurnalistika fəaliyyətindən söhbət gedə  bilməz.

- Təhsilinizi İngiltərədə aldıqdan sonra karyeranızı Azərbaycanda qurmaqdan vaz keçmisiniz. Hüquqşünas olaraq niyə İngiltərəni seçdiniz?

- İnsan öz həyatının müxtəlif mərhələlərində vəziyyəti təhlil edib ona uyğun qərarlar qəbul edir. Hər hansı verilmiş qərar vəziyyətin təhlili ilə əlaqədardır. Gələcəkdə vəziyyətin necə olacağını bilmək indiki şəraitdə mümkün deyil. Düşünürəm ki, insanın öz ölkəsinə, vətəninə olan münasibəti onun hansı coğrafi məkanda olmasından asılı deyil. İnsan hər zaman hər yerdə öz ölkəsinə fayda verə bilər. Vətəninə bağlılığını hiss edib ona uyğun addım ata bilər.

- Heç fərqinə varmısınızmı, atanızın hansı xüsusiyyətləri sizdə var? Sizcə, Əflatun Amaşov bir ata kimi daha çox tələbkardı, yoxsa jurnalist kimi?

- Bəli, düşünürəm ki, tam identik olmasa da, müəyyən xüsusiyyətləri göstərmək olar. Qeyd oluna biləcək oxşarlıqları şərtləndirən əsas amil bizim uşaqlıdan dost olmağımızla bağlıdır. Bu dostluq çərçivəsində atamdan bir çox keyfiyyətləri öyrənmişəm və öyrənməkdə davam edirəm. Uşaqlıqda hər zaman  mənə maraqlı olan mövzular, tarix  barəsində atamla geniş ünsiyyət imkanlarımız olub.

Məsələn, məndə erkən formalaşan tarixi təfəkkür rüşeymləri atamın təsiri ilə bağlıdır. Ona görə də  atamın yalnız  valideyn kimi tələbkarlığından bəhs edə  bilərəm. Onun münasibəti mənim şəxsiyyətimin bütövlüyü və  fərdi  azadlığımın  qorunması  şərti ilə intizam, tələbkarlıq və daim seçim imkanlarının tanınmasından  ibarət  olub.

Xatirimdədir  ki, 7-8 yaşım olanda televizorda fransız inqilabından bəhs edən bədii film gedirdi. Təbii ki, həmin filmin məzmununu o vaxt anlaya bilməzdim. Amma oradakı əsgərlər, Milli Konvensiyada çıxış edənlər məndə uşaq entuziazmı yaratmışdı. Atam mənə o zaman  prosesləri anlayacağım  dildə və səviyyədə  izah etməyə başladı. Maksimilan  Robespyer və Napoleon Bonapartın həyatına həsr  olunmuş kitablar  aldı. Həmin  kitabları hər axşam  evə  gələndə  hissə-hissə oxuyar və izah edərdi. Bu yalnız kiçik illüstrativ nümunədir. Bu cür  məqamlar 7-8 yaşlı insanın həyatına  mühüm təsirlər  edir. Müəyyən  bir  düşüncə  sahəsi fərdin qarşısında açılır. Atam hər zaman mənim  intellektual varlıq  kimi  böyüməyimə, xüsusilə də  dərslərimə diqqət  yetirərdi. Bir dəfə soyuqladığıma görə iki həftə  məktəbə getməmişdim və riyaziyyatdan çox axsayırdım. Atam mənim çətinliklərimi görüb dedi ki, əgər intizam və davamlılıq nümayiş  etdirsəm, nəinki bir aya, iki həftə ərzində itirdiklərimi bərpa  edə, eləcə də, həmin  il  üçün  nəzər də tutulan  proqramı onun dəstəyi ilə yekunlaşdıra bilərəm. Elə də  oldu. İşdən tez  gələndə və həftə sonları mənimlə məşğul oldu. Qısa zamandan sonra artıq sinif  yoldaşlarımdan xeyli qabaqda idim. Hətta  atamın sayəsində  ikinci  sinifdə  oxuyanda artıq üçüncü sinfin riyaziyyat proqramını tam olaraq mənimsəmişdim.

Müstəqil şəkildə formalaşmış ənənələr var ki, orada oxşarlıqlar müşahidə  oluna bilər. Məsələn,  yaxın  dostlarıma kitab  hədiyyə  etməyi  sevirəm. Atamda da bu  xüsusiyyət var. Mən atamdan  fərqli  olaraq  oxuduğum nüxsəni  heç kimə  bağışlamıram. Bir neçə ay öncə, Tomas Hardinin "The Mayor of Casterbridge” əsərini  oxuyurdum. Yaxın dostum  kitabımı görüb nəzər saldı və xahiş  etdi  ki, bitirdikdən sonra ona oxumağa verim. Bu nüsxəni ona verə bilməyəcəyimi, amma onun üçün kitab mağazasından yeni nüsxə almağın  mənim üçün zövq olduğunu dedim və elə də etdim. Atam isə həmin nüsxəni dostuna hədiyyə edərdi.

Bu misalı ona görə gətirdim ki, burada oxşar ənənədən söhbət gedir – dosta və yaxınlara kitab hədiyyə etmək. Amma prinsipial fərq də var, məndə mülkiyyətçilik hissi daha güclüdür.

 

- Belə başa düşdük ki, atanız heç vaxt jurnalist olmağınızla bağlı  göstəriş verməyib! O zaman bir ata kimi sizə tövsiyələri nədən ibarət olub?

- Uşaqlıqdan və erkən yeniyetməlik illərindən  atama verdiyim  bütün  suallara  aldığım cavablar dolğun olsa da, heç bir zaman onun məni özü kimi düşünməyə çalışmasını müşahidə etməmişəm. Adətən, atam mənə öz baxış bucağını açıqladığını və əsl cavabın fərqli ola biləcəyinin mümkünlüyünü  çatdırıb.

 Təbii ki, bu erkən yaşlardan insanı doqmatizmdən qoruyur, azad və tənqidi  düşüncənin  formalaşması üçün zəmin yaradır. Dostluq, sadiqlik, çətin və ziddiyyətli məqamlarda emosional yüklü təsirlərdən azad olub rasional qərarlar qəbul etmək  bacarığı bu  gün məndə  varsa (düşünürəm ki, təkmillikdən çox uzaq olsa da, müəyyən qədər var), onun nüfuzu  danılmazdır. Təbiətcə impulsiv  və mübarizəni  sevən insanam. Düşünürəm ki, ekstremal hallarda emosional resursları  konsolidasiya etmək  xüsusiyyətini  atamdan  öyrənmişəm. Gərginlik, ehtiras  insanın daxilindədir, zahirən görünməyə də bilər. 

Həmin xüsusiyyətlərin daxildə mövcudluğu və lazımi istiqamətə yönləndirilməsi fərdin məqsədyönlü işi üçün müstəsna  əhəmiyyətlidir. Atamda mənə erkən qiymətləndirmələrdən qaçmağı, insanlara sayqı göstərməyi, onların davranışlarını soyuqqanlılıqla müşahidə edib  yekun dəyərləndirmələr etməyi məsləhət bilib. Hər zaman, elə indinin özündə də  mənə "hər  çətin  vəziyyətdən ən azı iki çıxış yolu var, onlardan  birini  tapmalısan” deyir. Son  sözü öncədən deməməyi, heç bir vaxt çətinlik və əziyyətdən qorxmamağı tövsiyə edir. Bütün bunları dedikdə öz həyatından olan  misallara müraciət edir, ya da mənim sevdiyim  bədii obraz və  tarixi şəxsiyyətlərin  həyatlarına istinad edir. Bizim söhbətlərdə arqument rasional mühakimə ilə  başlayır. 

Əlavə əsaslandırmalara gəldikdə, mənə emosional təsir yükünün çox  olduğunu yəqinləşdirdiyi ədəbi-tarixi nümunələrə yer verir. Mənim ədəbi zövqümü və  tarixi  maraqlarımı  çox yaxşı bildiyi üçün ən təsirli məqamlara işarə edir. Daxilən məni düşündürən və ciddi narahatlıqların olduğu vəziyyətlərdə daim atamla ünsiyyət mənə dəstək olub. O, mənim ən yaxın  dostumdur.

- Ən yaxın dostunuz olan atanız "Yeni Müsavat” qəzetinə müsahibəsində  deyib ki, artıq baba olmağın vaxtıdır. Orxan bəy, sizcə, subaylığın daşını atmağın vaxtı deyilmi?

- Düzü, atamın müsahibəsini oxumamışam. Düşünürəm ki, həmin mövzuda atama sual verilib. O da həmin suala uyğun cavab verib.

- Atanızla çox yaxın dost olduğunuzu dediniz. Nə vaxtsa toy etmək məsələsində dostcasına fikir mübadiləsi aparmısınızmı?

- Sözsüz ki, hər bir valideyn öz övladının gələcəyi ilə bağlı  düşünür. Müəyyən narahatlıqlar keçirir. Düşünürəm ki, hər bir məsələ müəyyən zaman çərçivəsində öz həllini tapır. Bu barədə bundan artıq nəsə deyə bilmərəm.

- Aprelin 26-sı Əflatun Amaşovun 60 yaşı tamam olacaq. Sirr deyil ki, hər kəs doğum gününü bir cür keçirir. Bəs, atanızın doğum günü planları necədir?

- Atam ad gününü geniş miqyasda keçirməyi sevmir. Adətən  ona ruhən  yaxın və dogma insanların  əhatəsində  olmağa üstünlük verir. Xatırlayıram ki, 50 yaşını nisbətən geniş miqyasda keçirmişdi. Londonda yaşadığımdan atamın doğum günlərini  adətən  onunla  bir  yerdə  qeyd  edə  bilmirəm. Bu il şadam ki, onunla birlikdə Bakıda olacam.


Digər xəbərlər
SON XƏBƏRLƏR