Məmmədyarov Litvada bir sıra görüşlər keçirib - Açıqlama

img

24-04-2017 [17:54]


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Litvaya rəsmi səfəri çərçivəsində Litva Seyminin sədr müavini Gediminas Kirkilas, Xarici Əlaqələr üzrə Komitəsinin sədri Yuozas Bernatonis, habelə Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun rəhbəri Valeriyus Simulik və qrupun digər üzvləri ilə geniş tərkibdə görüş keçirib.
 
Mia.az XİN-ə istinadən bildirir ki, görüşdə Azərbaycan və Litva arasında diplomatik münasibətlərin 1918-ci ildə yaradıldığı vurğulanaraq Azərbaycan Demokratik Cümhuriyyətində Litvanın Konsulluğunun fəaliyyət göstərdiyi və gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 100 illiyinin qeyd olunacağı diqqətə çatdırılıb, bu əlamətdar hadisə ilə əlaqədar hər iki ölkənin parlamentləri və digər qurumları səviyyəsində yubiley xarakterli müxtəlif tədbirlərin keçirilməsinin vacibliyi qeyd olunub. 
 
Keçirilmiş görüşlər əsnasında Azərbaycan və Litva arasında dostluq münasibətlərinin müxtəlif sahələr üzrə inkişafından məmnunluq ifadə edilib və ikitərəfli əlaqələrin dərinləşdirilməsi baxımından qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Həmçinin iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün birgə səylərin artırılması vacibliyi önə çəkilib.
 
Eyni zamanda parlamentlərarası diplomatiyanın əhəmiyyətinə toxunularaq bu xüsusda parlamentlərarası işçi qrupları səviyyəsində mütəmadi təmasların vacibliyi vurğulanıb. İkitərəfli formatla yanaşı, Azərbaycan və Litvanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub. 
 
E. Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri və hazırda Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair saziş layihəsi üzərində aparılan danışıqlar barədə həmsöhbətlərə məlumat verib. Litvanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişaf etdirilməsinə verdiyi dəstək təqdir olunub. 
 
Görüşdə həmçinin nəqliyyat dəhlizləri layihəsi, o cümlədən Şimal-Cənub layihəsinin əhəmiyyəti xüsusi qeyd edilərək, bu layihənin Hind okeanı hövzəsi ilə Baltik regionu arasında dəmir yol vasitəsilə uzlaşma yarada biləcəyi və nəticə etibarilə Litva şirkətlərinin bundan faydalanacağı diqqətə çatdırılıb.
 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan nazir E. Məmmədyarov münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli edilməli olduğunu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir. 
 
Görüş əsnasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR