Radikal dini qruplar ölkəmizdə yenidən aktivləşir - Təhlükə

img

24-04-2017 [14:12]


Bir müddət öncə Bakının "Sovetski" məhəlləsində söküntü işləri zamanı "Hacı Cavad" məscidinin sökülməsi ətrafında yaranan gərginlik ölkəmizdə dini zəmində qarşıdurma imkanlarının hələ də qaldığını göstərdi.

Qeyd edək ki, Azərbaycanda dini zəmində hər hansı ciddi prosesin təsadüfən baş verdiyi o qədər də inandırıcı görünmür. Sözsüz ki, Azərbaycanın İslam Həmrəyliyi Oyunları kimi mühüm tədbirə hazırlaşdığı bir vaxtda dini zəmində hər hansı gərginliyin yaşanması gözardı ediləcək məsələ deyil. Zaman-zaman rəsmi qurum nümayəndələrinin dini zəmində narahatlıq üçün əsasların olması barədə səsləndirdikləri fikirlər də bunu deməyə əsas verir.

Bir neçə gün əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədriMübariz QurbanlıBakıda keçirilən "Kitab nəşri və rəqəmsal inqilab: rəqəmsal nəşriyyat sənayesinə doğru istiqamətlər, proseslər və praktiki addımlar" mövzusunda beynəlxalq seminarda bu istiqamətdə narahatlığını ifadə edib.

Komitə sədri bildirib ki, bəzi radikal dini qruplar dini təhrif edərək, onu insanlara yanlış formada çatdırmaqla onları səhv yola çəkmək istəyirlər.

Onun sözlərinə görə, həmin radikal qruplar bu sahədəki "fəaliyyətlərində" elektron nəşr formalarından da yararlanırlar: "Radikal dini qruplar təhrif olunmuş dini yazıları yaymaq üçün elektron vasitələrdən də istifadə edirlər. Ona görə də bu prosesləri diqqətdə saxlayırıq. Ümumiyyətlə, Azərbaycana daxil olan bütün dini resurslar yoxlanılır".

Şərqşünas-politoloqVüsal Hətəmovisə məsələylə bağlı Reyting.az-a deyib ki, müvafiq komitənin narazılığı haqlıdır.

Onun sözlərinə görə, DQİDK sədrinin bu çıxışını ən yaxşı halda "gecikmiş addım" saymaq olar. Çünki artıq radikal, qeyri-ənənəvi, dövlətçilik üçün xüsusi təhlükə daşıyan təxribat xarakterli dini fikirlər ölkə gənclərinin müəyyən hissəsinin beynini zəbt edib:

"Hətta buna nümunə kimi Suriya, Əfqanıstan və digər dövlətlərdə muzdlu kimi döyüşən vətəndaşlarımızı göstərə bilərik. Son 30 ildə təxribatçı dini missionerlər ölkəmizdə öz işlərini lazımınca görüblər. Cənab Mübariz Qurbanlının indi dediklərini isə ən ucqar kəndlərdə adi vətəndaşlar 15 il bundan əvvəl söyləyirdilər".

Müsahibimizin fikrincə, DQİDK hesabat xarakterli görüşlərdənsə, praktik münasibətlərə keçməlidir.

"Məscidlərin icmaları ilə deyil, məscid dindarları ilə müzakirələr aparmalı, onları dinləməli, icmalar inhisar şəklində deyil, məscid dindarlarının gənc üzvlərindən təşkil olunmalıdır. Bir çox məscid icmalarının nə üzvüləri, nə də sədrləri sıravi dindarlar tərəfindən tanınmır. Yəni bir sıra icmaların fəaliyyəti şəffaf deyil",-deyən V.Hətəmov bildirib ki, missionerlər dövlət-din münasibətindən kənarda qalan dindarları asanlıqla yolundan azdıra bilirlər.

Onun sözlərinə görə, rəsmi şəkildə heç bir dövlət və qanuni təşkilat İŞİD və "Əl-Qaidə"ni tanımasa da, onlar transmilliləşə bilirlər.

"Necə olur ki, onlar, 1400 illik sağlam İslam qatına malik Azərbaycan ölkəsindən öz sıralarına terrorçu toplaya bilirlər?! Bax, bütün bunlar DQİDK-nin qeyri-professional fəaliyyətindən doğur. Dini motivli sərt qanunlar çıxış yolu deyil, çıxış yolu sağlam dini dünyagörüşün təbliği, yeniyetmə və gənclərin məktəb vaxtlarından maarifləndirilməsidir. Əgər hansısa gənc orta məktəb yaşlarında müəyyən dini maarifə malik olsa, həmin gənci gələcəkdə heç bir missioner aldada bilməz. Gözümüz görə-görə gənclərimiz radikallaşır, din adı ilə dinsizləşir",- deyə V.Hətəmov fikirini tamamlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR