General xəstəlik adıyla prosesə gəlmədi - Prokuror iclası təxirə saldırdı

img

20-04-2017 [14:01]


Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bu gün saat 11:00-a təyin edilmiş iclas uzun müddət başlamadı.

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, təqsirləndirilənlərin hamısı konvoyla gətirilsə də, onların arasında sabiq MTN generalı Sübahir Qurbanov olmayıb.

Yalnız saat 12:20-də prosesə sədrlik edən hakim Həbib Həsənov zala daxil olaraq, toplaşanlara məlumat verdi ki, ona şifahi şəkildə bildirildiyinə görə, Sübahir Qurbanovun onurğa sütununda yırtıqlar aşkar edilib və o, kəskin ağrılar üzündən ayağa dura bilmir.

İclasın taleyi ilə bağlı dövlət ittihamçısı qeyd etdi ki, qanunvericiliyin tələbinə əsasən, təqsirləndirilən şəxs məhkəmə zalında iştirak etmirsə, proses davam etdirilə bilməz.

Təqsirləndirilən Sübahir Qurbanovun vəkili Adil İsmayılov ötən iclasda baxılan, zərərçəkmiş Elmar Muradovun iddiası üzrə epizodun sona çatdırılmasında və şahidlərin dindirilməsində problem görmədiyini dedi.

Lakin dövlət ittihamçısı epizodun təqsirləndirilənin birbaşa maraqlarına toxunmadığını qeyd etsə də, qanunvericiliyin yaranmış vəziyyətdə iclasın təxirə salınmasını tələb etdiyini bir daha diqqətə çatdırdı.

Hakim Həbib Həsənov məhkəmə iclasının növbəti həftənin çərşənbə axşamı, aprelin 25-dək təxirə salındığını elan etdi.

Qeyd edək ki, Sübahir Qurbanovun xəstəxanaya yerləşdiriləcəyi və vəkillərinin çoxdan bəri vəsatət qaldırdığı kimi, cərrahiyyə əməliyyatına götürüləcəyi təqdirdə, məhkəmə prosesinin uzun müddət davam etdirilməyəcəyi gözlənilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR