Şriftin ölçüsü / 239 dəfə oxunub

17 yaşlı idmançı yarışda qəzaya düşdü - Ayaqları dizdən aşağı amputasiya olundu (VİDEO)

20 Aprel 2017 [11:22]
Britaniyanın Doninqton trasında Formula-4 milli çempionatının növbəti yarışında keçirdiyi ağır qəzadan sonra həkimlər Billi Monqerin ayaqlarını xilas edə bilməyiblər.

F-1.az xatırladır ki, gənc sürücülərin bu çempionatda yarışları müxtəlif milli mərhələlərin dəstək yarışları kimi keçirilir. Bu dəfə Doninqtonda gənc sürücülər WTCC çempionatına dəstək vermək üçün bir araya gəliblər.

JHR Developments komandasının 17 yaşlı sürücüsü Monqer sıx qrupda mübarizə aparıb. Bu zaman öndə olan Carlin komandasının finlandiyalı sürücüsü Patrik Pasma yavaşlayıb, arxada olan sürücülər son anda ona çırpılmaqdan qurtula bilsələr də, Monqer bunu edə bilməyib və tam sürətlə rəqibinə çırpılıb.

İnsidentdən sonra xilasedicilər iki saat ərzində Monqeri maşından çıxara biliblər. Ayaqlarından ağır zədələr alan sürücü Nottingemin Kral Tibbi Mərkəzinə çatdırılıb, təəssüf ki, həkimlərin səyi heç bir nəticə verməyib və sürücünün ayaqları dizdən aşağı amputasiya olunub.

JHR komandasının başçısı Stiven Hanter Justgiving saytında səhifə açaraq, gənc sürücünün bərpa prosesinə vəsait toplayır.

Billi Formula4-də 2-ci mövsümünü keçirirdi və 5 yarışdan sonra 2 podiumla ümumi hesabda 6-cı yeri tuturdu. 2015-ci ildə britaniyalı sürücü Ginetta Junior çempionatını 5-ci yerdə tamamlamışdı.

Qəzada iştirak edən digər sürücü Pasma da xəstəxanaya çatdırılmışdı, amma sürücü ciddi zədə almadığı üçün bazar ertəsi evə buraxılmışdı.




SON XƏBƏRLƏR
22:59 21.07.2017
Prezident Rusiyaya getdi