"Mən nadir insanlardan biriyəm ki, çox xoşbəxtəm" - PA rəhbəri Ramiz Mehdiyev üçün özəl gün... (FOTOLAR)

img

17-04-2017 [12:55]


Bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ad günüdür.

Mia.az xəbər verir ki, uzun illər Prezident Adiministrasiyasına rəhbərlik edən akademik Ramiz Ənvər oğlu Mehdiyev 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olub. 

O zaman Azərbaycan Xruşşov "ilıqlaşmasının” ilk illərini, eyni zamanda Xəzər dənizində neft çıxarılmasının bumunu yaşayırdı. R.Mehdiyev 1957-ci ildə – 19 yaşında Bakı Dənizçilik məktəbini bitirir və "Xəzər neftdonanma" idarəsinin gəmilərində maşinist işləyir.

Dörd ildən sonra, 1961-ci ildə gəmi maşinisti işləyən Ramiz Mehdiyev ali təhsil almaq üçün sənədlərini o zaman bolşevik S.Kirovun adını daşıyan Azərbaycan Dövlət Unversitetinə verir və tarix fakültəsinə daxil olur. Tələbəlik zamanı ictimai fəallığı diqqətdən kənarda qalmır. Fəal komsomolçu, ali məktəbin ictimai həyatında aktiv olan tələbə Ramizin bu səyləri rəhbərliyin diqqətini çəkir. O dövr üçün böyük uğur sayılacaq karyera sıçrayışı edir. 1965-ci ildə unversitetin beşinci kurs tələbəsi olan Ramiz Mehdiyev Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinə (LKGİ MK)  tələbə şöbəsinə təlimatçı vəzifəsinə irəli sürülür.

1965-ci ildə ali təhsilini başa vuran Ramiz Mehdiyev artıq ictimi-siyasi iş təcrübəsi ilə LKGİ-də nüfuz qazana bilir. Gənc komsomolçunun təlimatçı vəzifəsində apardığı iş qaneedici olduğundan onu daha irəli çəkməyə qərar verilir. Onu Naxçıvana göndərirlər. Ramiz Mehdiyev 1965-1967-ci illərdə Naxçıvan komsovol vilayət komitəsinin ikinci katibi işləyir. Perspektivli komsomol işçisi Naxçıvanda komsomolda karyerasını başa vuraraq elm sahəsinə üz tutur. Nikita Xruşşovun SSRİ-də başladığı "kimyalaşma” kampaniyasının ən qızğın çağında R.Mehdiyev fəlsəfə ilə məşğul olmağı qərara alır.

O, 1968-ci ildə M.V.Lomonosov adına MDU-nun fəlsəfə fakültəsinin aspiranturasına daxil olur. Bununla da R.Mehdiyevin həyatının "Moskva” dövrü başlanır. 10 ilə yaxın Rusiyanın ən elitar elm ocağında elm sahəsində işləyir. 1977-ci ildə MDU-nun elmi şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyasını müdafiə edir. Bundan sonra R.Mehdiyev vətənə, Azərbaycana qayıdır. 1972-ci ildə vaxtilə oxuduğu ali məktəbdə işə düzəlir. ADU-nun "Elmi kommunizm” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyir. Kommunist Partiyasının üzvü olan R.Mehdiyev yaxşı kadr kimi tezliklə partiya rəhbərliyinin diqqətini cəlb edir. Mərhum Heydər Əliyevin birinci katib olduğu Kommunist Partiyasının Mərkəzi Komitəsi Ramiz Mehdiyevin elmi fəaliyyətini partiya işinə cəlb etmək qərarına gəlir. O, 1974-cü ildə Azərbaycan KP MK-nın aparatında təbliğat-təşviqat şöbəsinə mühazirəçi qismində cəlb olunur. Buradakı fəaliyyəti ilə etimad qazanan Mehdiyev iki il sonra, 1976-cı ildə Azər.KP MK-nın elm və təhsil müəssələri şöbəsinə müdir təsdiq olunur. 1978-ci ildə isə Bakının ən böyük və strateji rayonu olan 26 Bakı komissarı (indiki Səbail) rayon Komitəsinin birinci katibi təyin edilir. İki il burada işlədikdən sonra R.Mehdiyev yenidən Mərkəzi Komitəyə qayıdır. 1980-cı ilin iyununda elm və təhsil şöbəsinə müdir təyin olunur. 1981-ci ilin yanvarında isə onu partiyanın ideoloji işinin təşkil edən ən mühüm posta – Azərbaycan KP MK-nin təşkilati-partiya işi şöbəsinə müdir təyin edirlər. 1988-ci ildə SSRİ prezidenti Qorbaçovun Azərbaycana Əbdürrəhman Vəzirovun timsalında təyin etdiyi yeni rəhbərlik ölkədə kadr dəyişikikləri edir. Ramiz Mehdiyev Milli Elmlər Akademiyasına gəlir. 1988-ci ilin iyunundan AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnistitutuna şöbə müdiri işləyir. 1993-cü ildən fəlsəfə elmləri doktorudur.

1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdan mərhum Heydər Əliyev Ramiz Mehdiyevi unutmur. 

Prezident 1994-cü ilin fevralında Ramiz Mehdiyevi Prezident Aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edir. 

2009-cu ildən respublika Konstitusiyasına dəyişikliklərlə əlaqədar olaraq R.Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəhbəridir. Həqiqi dövlət müşaviri olan Ramiz müəllim 2001-ci ildə Nyu-York EA-nın üzvü seçilib. 

Akademik 100-dən çox elmi məqalələrin müəllifidir (milli və sosial-siyasi münasibətlət, müasir Azərbaycan, dövləti və cəmiyyəinin inkişafı və s. mövzularla bağlı). 2007-ci ildə Milli Elmlər Akademiyasının həqiqi üzvü, akedemik seçilib. 17 aprel 2008-ci ildə 70 illik yubleyi ilə bağlı Prezident İlham Əliyevin fərmanı ilə "İstiqlal" ordeni ilə təltif edilib.

 Akademik ordenin təqdimat mərasimində özünün bütün uğurlarına görə, mərhum Heydər Əliyevə borclu olduğunu deyib: 

«Ola bilsin, mən nadir insanlardan biriyəm ki, çox xoşbəxtəm. O mənada ki, birincisi, mən möhtərəm prezident Heydər Əliyevlə uzun illər çalışmışam və mənim bütün fəaliyyətimdə, ümumiyyətlə həyatımda Heydər Əliyevin rolu çox böyük olub. Demək olar ki, Heydər Əliyevin dövlətçilik təfəkkürü, dövlətçilik məktəbi, ümumiyyətlə prinsipləri, onun dünyaya baxışı – bütün bunlar mənim üçün böyük bir məktəb olub. Mən bu illər Heydər Əliyevin rəhbərliyi altında çalışmışam və bacardığımı etmişəm. Çalışmışam ki, onun etimadını doğruldum”- deyə akademik vurğulayıb.

Akademik Ramiz Mehdiyev ailəlidir. 

İki övladı var. 

1973-cü ildə anadan olan oğlu Teymur Mehdiyev hal-hazırda Fövqəladə hallar nazirinin müavini vəzifəsində işləyir. 

Onun kürəkəni İlham Əliyev isə Milli Məclisin deputatıdır. 




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR