Prezident İlham Əliyev məmurlarla sahibkarları topladı, yeni mesajlar verdi - Müşavirədən TAM ÇIXIŞ + FOTO

img

17-04-2017 [16:05]


Aprelin 17-də Yevlaxda Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib.

Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin açılış çıxışını təqdim edir:

Bu gün Yevlax rayonunda qeyri-neft ixracatçılarının birinci respublika müşavirəsi keçirilir. Bu müşavirənin böyük əhəmiyyəti var. Əminəm ki, müşavirədən sonra bizim qeyri-neft ixracımız artacaq. Bunu deməyə əsas var. Çünki son illər ərzində Azərbaycanda ciddi islahatlar aparılmışdır, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul edilmişdir, sahibkarlara dövlət tərəfindən böyük dəstək göstərilmişdir və göstərilir. Beləliklə, biz qeyri-neft ixracının artırılmasına nail ola bilmişik. Birinci müşavirə Yevlax rayonunda keçirilir. 

Son illər ərzində Yevlax rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək üçün bir çox önəmli addımlar atılmışdır, həm iqtisadi, həm sosial layihələr icra edilmişdir. Mənim bu səfərim çərçivəsində biz bir neçə önəmli obyektin açılışını qeyd etdik. İki yol layihəsi istismara verildi. Uzun illər ərzində demək olar ki, fəaliyyətsiz qalan Varvara Su Elektrik Stansiyasının yenidən qurulması öz həllini tapdı və indi bu stansiya 18 meqavat enerji gücünə malikdir. Eyni zamanda, biz Yevlaxda müasir balıqartırma müəssisəsinin açılışını da qeyd etdik. Bu da böyük müəssisədir və böyük investisiya qoyulubdur, eyni zamanda, bu müəssisənin çox böyük ixrac potensialı var.

Əslində bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Biz bu yolla gedirik. Sahibkarlarla mənim müntəzəm olaraq ildə bir neçə dəfə görüşlərim keçirilir. Son 13-14 il ərzində yüzlərlə sahibkarla görüş keçirilmişdir. Mən sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir. Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən nəinki biznes maraqları, ümumiyyətlə ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar.

O ki qaldı dövlət siyasətinə, bir daha demək istəyirəm, sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Qeyd etdiyim kimi, sahibkarlığın inkişafı üçün həm siyasi dəstək verilir, eyni zamanda, dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir, belə gözəl regional inkişaf mərkəzləri yaradılır, bu, ikinci mərkəzdir. Mən Xaçmaz rayonunda birinci mərkəzin açılışında da şəxsən iştirak etmişdim. Sahibkarlar üçün Yevlax rayonundakı bu Aran Regional İnkişaf Mərkəzi də dövlət tərəfindən tikilib istifadəyə verilib. Bu da sahibkarlığın inkişafına növbəti dəstəyin əlamətidir.

Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər, eyni zamanda, sahibkarların qoyduqları vəsaitlər hesabına icra edilən layihələr bu gün deməyə əsas verir ki, biz qeyri-neft ixracımızı artırırıq. Çünki əgər bu kreditlər olmasaydı, bir çox layihələr icra edilməmiş qalardı və bu gün nəinki ixrac potensialımızın artırılmasından, ümumiyyətlə, daxili tələbatın ödənilməsindən söhbət gedə bilməzdi. Ona görə dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir.

Əlbəttə, sahibkarlığın inkişafı haqqında danışarkən biz mütləq Regional İnkişaf proqramlarını qeyd etməliyik. Birinci proqram 2004-cü ilin əvvəlində - fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi mənim 2003-cü ildə seçkiqabağı proqramımın bir hissəsi idi. O vaxt bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, regionların inkişafı mənim üçün əsas vəzifələrdən biri olacaqdır və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci və 2014-cü ildə üçüncü Regional İnkişaf proqramları qəbul olunmuş və icra edilmişdir. Onu da qeyd etməliyəm ki, birinci və ikinci proqram artıqlaması ilə icra olunmuşdur. O proqramlarda nəzərdə tutulan bütün vəzifələr həyatda öz əksini tapmışdır. Hazırda biz üçüncü Regional İnkişaf Proqramının icrası ilə məşğuluq. Əminəm ki, bu proqram da uğurla icra ediləcək.

Bu proqramların icrası nəticəsində biz nələri əldə etdik? 

İlk növbədə, regionlarda müasir infrastruktur yaradıldı. Əgər biz infrastruktur layihələrinə vəsait qoymasaydıq, heç bir inkişafdan söhbət gedə bilməzdi. Onu biz o vaxt etməyə başladıq ki, hələ ölkəyə böyük həcmdə neft gəlirləri gəlməmişdi. Neft gəlirləri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istismara verilməsindən sonra gəlməyə başlamışdır. Ancaq biz birinci Regional İnkişaf Proqramını 2004-cü ildə qəbul etdik və onu icra etməyə başladıq. Yəni, bu, onu göstərir ki, bizim uğurlarımızın təməlində təkcə maliyyə vəziyyətimiz dayanmır. Eyni zamanda, düşünülmüş siyasət, güclü iradə və düzgün seçilmiş ardıcıl fəaliyyətimiz həm Regional İnkişaf proqramlarının icrasına gətirib çıxardı və bütövlükdə bütün digər sahələrdə də biz ardıcıl siyasət apararaq ölkəmizi gücləndiririk.

Demək olar ki, 2004-cü ildən bu günə qədər Azərbaycanda əsas infrastruktur layihələri icra edilmişdir. Biz elektrik enerjisini idxal edirdik, artıq ixrac etməyə başlamışıq, 30-a yaxın elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Bu, inkişaf üçün birinci şərtdir. Əgər enerji gücü olmasa, heç bir müəssisəni yaratmaq mümkün olmayacaq. Digər tərəfdən, infrastruktur layihələrimiz sosial xarakter daşıyır. Çünki dayanıqlı enerji ilə vətəndaşları təmin etmək hər bir dövlətin borcudur. Biz buna da nail olduq. Əvvəlki illəri yaxşı xatırlayırıq, işıqlar sönürdü, hətta Bakı şəhərində fasilələr yaranırdı. Bu gün isə biz dayanıqlı elektrik enerjisini demək olar ki, təmin etmişik. Hələ də işlər gedir, enerji infrastrukturu yeniləşir, yarımstansiyalar tikilir, yeni xətlər çəkilir, elektrik dirəkləri təzələnir. Ancaq demək olar ki, biz işlərin böyük hissəsini görə bilmişik.

Azərbaycanda qazlaşdırma 92 faizə çatıb. Xatırlayıram, Prezident kimi bölgələrə ilk səfərlərimdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən biri də qazlaşdırma ilə bağlı idi. O vaxt nəinki kəndlərdə, hətta rayon mərkəzlərində təbii qaz yox idi. Bakı şəhəri 100 faiz təbii qazla təmin edilmirdi. Biz bu məsələni də demək olar ki, həll etdik. Qazlaşdırmanı 92 faizə çatdırmaq hər bir ölkə üçün böyük nailiyyətdir. Ancaq biz bununla kifayətlənmirik. Növbəti illərdə daha da yüksək faizə çatacağıq.

Birinci proqram qəbul olunandan sonra 11 min kilometrdən çox uzunluğu olan yollar salınıb. Bütün qonşu ölkələrlə bizi birləşdirən yollar ya istismara verilib, ya da ki, artıq buna yaxındır. Kənd yollarının salınması geniş vüsət almışdır. Dünən Yevlax rayonunda iki yol layihəsini istismara verdik. Demək olar ki, Yevlax rayonunda əsas kənd yolları artıq normal vəziyyətdədir. Bu il yüzlərlə kəndi birləşdirən yeni yol layihələri icra ediləcək. Bu, həm sosial, həm də iqtisadi məsələdir. Çünki bu, həm insanlara rahatlıq verir, eyni zamanda, məhsulu bazarlara vaxtında çatdırmaq üçün yolların böyük əhəmiyyəti var. Həmçinin yol olmayan yerlərə investisiya da gəlmir və inkişaf da olmur. Bax, proqramın əsas istiqamətləri bu idi.

Eyni zamanda, sosial infrastrukturun yaradılması – 3 mindən çox məktəb, 600-dən çox xəstəxana tikilmiş, yaxud təmir edilmişdir. Böyük meliorasiya layihələri icra edilmişdir. Deyə bilərəm ki, onların içərisində iki layihə - Taxtakörpü və Şəmkirçay su anbarları tarixi əhəmiyyət daşıyır. Həmin layihələrə böyük dövlət vəsaiti qoyulmuşdur. Bu su anbarlarının fəaliyyəti bundan sonra da kənd təsərrüfatına daim böyük dəstək olacaq. Digər meliorasiya layihələri icra edilmişdir və bu proses davam edir. Hesab edirəm ki, bu il bu istiqamətdə ən ciddi addımlar atılacaq. Mən bunu artıq demişəm, fermerlərə bu il təxminən 150 min hektar yeni suvarılan torpaq təhvil veriləcək. Bir il ərzində bu qədər suvarılan torpağı əldə etməyimiz tarixi nailiyyətdir.

Bir sözlə, regional inkişaf proqramlarının icrası öz gözəl nəticələrini vermişdir. Minlərlə yeni müəssisə yaradılıb. Bir milyon 700 min yeni iş yeri yaradılmışdır ki, onların bir milyon 300 mini daimi iş yeridir.

Regionlarımız abadlaşıb, şəhərlərimiz gözəlləşib. İndi hər bir bölgəyə səfər edərkən gözəllik, abadlıq görürsən. Bütün bunları biz etdik. Bunlar bizim siyasətimiz nəticəsində mümkün olmuşdur. Bu, bir daha onu göstərir ki, tutduğumuz yol düzgün yoldur və bu təşəbbüslərin yerinə yetirilməsi artıq tam yeni bir vəziyyət yaratdı.

Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir. İxracatda isə biz bunu hələ ki, deyə bilmərik. İxracımızın böyük hissəsi hələ ki, neft və qazla bağlıdır. Bu da yəqin ki, indiki dövr üçün təbiidir. Çünki biz neft-qaz potensialımızı artırırıq. Ancaq qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq.

Bu ilin göstəriciləri də çox sevindiricidir. 

Mən bu barədə artıq demişəm, bir daha demək istəyirəm ki, bu ilin üç ayının göstəriciləri bizi çox ruhlandırır. Bu, bir daha göstərir ki, 2016-cı ildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini vermişdir. Bu ilin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz artmışdır. Bu, çox yaxşı göstəricidir. Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır. Üç ay ərzində səksən mindən çox yeni iş yeri yaradılmışdır. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artmış, idxal 17 faiz azalmışdır. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artmışdır. Müsbət saldomuz 1 milyard dollardan artıqdır. Biz üç ayda 1 milyard dollar vəsait qazanmışıq. Bizim valyuta ehtiyatlarımız artır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz il ərzində daha da böyük nəticələrə gəlib çatacağıq. Çünki götürdüyümüz bu temp və geniş vüsət almış islahatlar, o cümlədən sahibkarlar tərəfindən bizim siyasətimizə göstərilən praktiki dəstək, - onlar öz işi ilə, öz investisiyaları ilə bunu göstərirlər, - deməyə əsas verir ki, 2017-ci il çox uğurlu il olacaq. Eyni zamanda, biz yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik.

Keçən il qəbul edilmiş qərarlar, qanunlar, imzaladığım fərman və sərəncamlar iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaratdı. Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir. Biz təşviq sistemini tətbiq etməyə başladıq. Mən əvvəlki illərdə də bu barədə demişdim. Çünki bir neçə ölkədə təşviq sistemi özünü doğrultmuş və ixracın sürətli artımına gətirib çıxarmışdır. Biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni öyrənmişik və Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərini tətbiq etməyə başlamışıq. Hər iki mexanizm işə salınıb və artıq uğurla icra edilir. Sahibkarlar bəlkə də ilk anlarda inanmırdılar ki, dövlət onlara bu güzəşti də edəcək. Bəzi hallarda buna təəccüb edirdilər. Ancaq indi görürlər ki, əgər o, ixracyönümlü məhsulu istehsal edirsə və onu dünya bazarlarına çıxarırsa, dövlət onun qiymətinin müəyyən faizini ona qaytarır. Yəni, bu, çox böyük stimul verən təşəbbüsdür. Sahibkar iqtisadi cəhətdən bundan həm əlavə qazanc əldə edir, eyni zamanda, hesab edirəm ki, bunun mənəvi cəhətdən də mənası var. Çünki sahibkarda inam artır, öz işini daha da böyük inamla qurur, ölkəmizə daha da böyük inamla sərmayə cəlb edir.

İnvestisiya təşviqi mexanizmi işə salındı. Artıq qısa müddət ərzində investisiya təşviqi üzrə 130 sənəd verilmişdir. Bu proqram çərçivəsində ölkə iqtisadiyyatına sahibkarlar tərəfindən 1 milyard 250 milyon manat həcmində sərmayə qoyulur və qoyulacaqdır. Yəni, bu investisiya təşviqi mexanizmini işə salmaqla görün, biz investisiya üçün nə qədər vəsait cəlb etmişik. Sahibkarlar özləri bunu təşkil edirlər. Dövlət, əlbəttə ki, öz dəstəyini göstərir.

Qeyd etdiyim kimi, güzəştli kreditlər, metodiki tövsiyələr və əlbəttə ki, infrastruktur layihələri öz bəhrələrini verir. Biz bu il 150 min hektara ilk dəfə olaraq su verəcəyik. Bütün bunlar iqtisadi potensialımızı artırır və imkan yaradır ki, sahibkarlar vəsait qoysunlar, məhsul yetişdirsinlər və xarici bazarlara çıxarsınlar, daxili bazarı təmin etsinlər. Yəni, bu iki təşviq təşəbbüsümüz çox böyük qiymətə layiqdir. Bununla bərabər, keçən il biz "Azexport” portalını yaratdıq. Bu da dövlət tərəfindən atılmış addımdır ki, biz sahibkarların işini yüngülləşdirək. "Azexport” bu gün portalı artıq dünya miqyasında özünü tanıtdıra bilib. Bu portala maraq getdikcə daha böyük olacaq. İndi əsas vəzifəmiz ondan ibarətdir ki, biz xaricdən sifariş olunan malların istehsalını təmin edə bilək. İndi bəzi hallarda sifariş olunur, ancaq ixraca göndəriləcək kifayət qədər məhsulumuz hələ ki, olmur. Ancaq "Azexport” portalının yaradılması çox müsbət hadisədir və getdikcə bu portala dünyada maraq artacaq.

"Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Artıq bu brend bu gün dünyada şöhrət qazanır. Əlbəttə ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır. Mənə verilən məlumata görə, bir neçə sərgidə artıq kontraktlar da imzalanmışdır. Əgər biz bu sərgilərdə iştirak etməsəydik, kontraktlar da imzalanmazdı. Yəni, biz gördük ki, sahibkarlara əlavə kömək göstərilməlidir.

Mən artıq qeyd etmişəm, kreditlər verilir, fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar. Texnika alınır, güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar verilir. Bütün bunlar qeyri-neft sektorumuzu canlandırdı. Ancaq sahibkarlara əlavə dəstək verilməlidir ki, onlar artıq öz məhsullarını xarici bazarlara çıxarsınlar. Çünki bu, onlara da, dövlətə də lazımdır. Bu, ölkəmizə valyuta gətirir. Ona görə, biz bu sərgilərdə iştirakımızı genişləndirməyə başladıq. Xarici ölkələrə bir neçə ixrac missiyası ezam edilmişdir. Bu missiyaların da çox böyük faydası var. Qərara gəldik ki, bir neçə ölkədə Azərbaycanın ticarət evlərini yaradaq və biz artıq buna yaxınlaşırıq. Yəni, dövlət tərəfindən atılmış bütün bu addımlar əlbəttə ki, sahibkarlar üçün yeni imkanlar yaradır.

Beləliklə, biz bundan sonra bu gözəl nəticələr əsasında işimizi daha da təkmilləşdirməliyik, fəaliyyətimizi genişləndirməliyik. Əlbəttə ki, qeyri-neft ixracını artırmaq üçün, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etməliyik və biz buna yaxınlaşırıq. Hər il regional inkişaf proqramına yekun vururuq. Bu mövzu daim gündəlikdə olur ki, biz hansı məhsullarla özümüzü nə qədər təmin edirik, hər il də dinamikanı görürük. Ancaq hələ ki, buna tam nail ola bilməmişik. Ona görə də hesab edirəm, növbəti 3-4 il ərzində biz çalışmalıyıq ki, əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin edək. Beləliklə, ixrac üçün əlavə imkanlar yaranacaqdır.

Bir məsələni də qeyd etmək istəyirəm ki, biz daim inkişafda olmalıyıq. Çünki ölkə dinamik şəkildə inkişaf edir və əhali artır. İnkişaf etmiş ölkələrdə əhalinin sayı ya sabit qalır, ya da ki, azalır. Bizim ölkəmizdə isə əhali artır. 2004-cü ildə birinci regional proqramı qəbul edərkən bizdə əhali az idi. İndi əhalinin sayı 10 milyona yaxınlaşır. Bu, əlbəttə ki, bizim böyük üstünlüyümüzdür, eyni zamanda, onu göstərir ki, iqtisadi inkişaf çox sürətli olmuşdur. Ona görə, insanlar daha da yaxşı yaşamağa başladılar, rifah yüksəldi və təbii ki, əhali də artır. Ancaq, eyni zamanda, bu müsbət tendensiya bizim qarşımızda çox ciddi vəzifələr qoyur. Biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabətqabiliyyətli mallar təqdim edək. Ona görə, növbəti illərdə daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir. Eyni zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Biz bunu edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək.

Biz növbəti illərdə görüləcək işlər haqqında danışacağıq. Bu müşavirənin əsas məqsədi ondan ibarətdir ki, biz gələcək fəaliyyətimizi planlı şəkildə aparaq. Bu gün veriləcək tapşırıqlar, qarşıya qoyulacaq vəzifələr, əlbəttə ki, icra edilməlidir və ediləcəkdir. Onların icrası nəticəsində biz daha da böyük ixrac potensialına nail olacağıq. Əlbəttə ki, biz bunu ancaq sahibkarların köməyi ilə, onların fəaliyyəti hesabına təmin edə bilərik. Dövlət isə həmişəki kimi sahibkarların yanında olacaqdır.

X X X

Sonra iqtisadiyyat naziri Şahin Mustafayev, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, "Azersun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş Uzan, "Az-Granata” MMC-nin direktoru Rövşən Fərhadov, "Gök-NUR Bakı” MMC-nin müdiri Fərid Fərhadzadə, "D-Fruits Kəndli Təsərrüfatı” MMC-nin təsisçisi İsaməddin Dəmirov, Biznes İnkubator iştirakçısı Ariz Mikayılov çıxış etdilər.

XXXX

Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib.

Həmin çıxışı da olduğu kimi təqdim edirik:

- Əminəm ki, bugünkü müşavirədən sonra ixrac potensialımız daha da artacaq və biz daxili tələbatı daha çox yerli məhsullarla təmin edəcəyik. Əminəm ki, 2017-ci ilə yekun vurarkən biz yaxşı dinamikanı görəcəyik. Əlbəttə, qeyd etdiyim kimi, ixracı artırmaq üçün, ilk növbədə, daxili tələbat tam ödənilməlidir - həm ərzaq məhsulları, həm də inşaat materialları ilə. Bu istiqamətdə konkret addımlar atılır və atılacaqdır. 

Növbəti illərdə ixracyönümlü müəssisələrin yaradılmasına daha böyük diqqət göstərilməlidir. Əslində, Azərbaycanda bundan sonra da yaradılacaq müəssisələr hər iki məqsədi güdməlidir - həm daxili tələbat ödənilməli, həm də ixrac imkanları olmalıdır. Buna nail olmaq üçün dövlət orqanları ardıcıl fəaliyyət göstərirlər. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə gələcəkdə ödəniləcək kreditlər ixracyönümlü müəssisələrin yaranmasına təkan verməlidir. Çünki ixracyönümlü məhsullar, eyni zamanda, daxili bazarlarda da asanlıqla öz yerini tapacaq. Bu məsələlərin həllində yerli icra orqanları da fəal iştirak etməlidirlər. Əlbəttə ki, burada əsas yük dövlət qurumlarının üzərinə düşür.

Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Biz son illər ərzində 200 milyard dollardan çox sərmayə cəlb etmişik. Bunun bir hissəsi neft, bir hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. Bütövlükdə, Azərbaycanda investisiya iqlimi çox müsbətdir. Mötəbər beynəlxalq qurumlar bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 37-ci yerə layiq görübdür. İl ərzində biz 3 pillə qabağa getmişik. Yəni, bütövlükdə iqtisadi liberallaşma, dərin islahatlar, gözəl investisiya iqlimi və MDB məkanında adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə ön sıralarda olmağımız, əlbəttə ki, xarici və daxili investorları cəlb etmək üçün əlavə şərait yaradır. Yerli icra orqanları da bu məsələni daim diqqətdə saxlamalıdırlar. Gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu amilə də əsaslanacaqdır - bu və ya digər rayona nə qədər sərmayə gətirilib. Yerli icra orqanları mərkəzi icra orqanları ilə birlikdə bu işləri təşkil etməlidirlər.

Təbii ki, ixrac ediləcək məhsullar beynəlxalq standartlara cavab verməlidir. Əks təqdirdə, onların ixrac perspektivləri olmayacaq. Ölkəmizdə fəaliyyət göstərən laboratoriyalar beynəlxalq akkreditasiyadan keçməlidir və bu məsələ tezliklə öz həllini tapmalıdır. Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatlar xarici ölkələr tərəfindən tanınmalıdır.

Kadr hazırlığına xüsusi diqqət göstərilməlidir. Biz ixrac üzrə mütəxəssislər hazırlamalıyıq. Ümumiyyətlə, kadr hazırlığı indi qarşımızda duran ən vacib məsələlərdən biridir. Çünki ölkə inkişaf edir, yeni müəssisələr yaradılır və bu müəssisələrdə fəaliyyət göstərən kadrlar hazırlıqlı olmalıdır. Xüsusilə ixracyönümlü müəssisələrdə hazırlıqlı kadrların təlimi mühüm məna daşıyır və dövlət orqanları bu işlərdə fəal olmalıdırlar.

İxrac prosedurlarını sadələşdirmək lazımdır. Bu istiqamətdə də addımlar atılır. Əvvəlki illərdə olduğu kimi, indi ixrac qarşısında süni əngəllər yoxdur. Ancaq, eyni zamanda, həm institusional tədbirlər görülməlidir, həm də real həyatda bütün müvafiq dövlət qurumları ixracı stimullaşdırmaq və asanlaşdırmaq üçün əlavə səylər göstərməlidirlər.

Mən giriş sözümdə qeyd etdim ki, Azərbaycan bir çox ölkələrdə ticarət evləri yaradacaq. Birinci ticarət evi yaxın həftələrdə Belarusda yaradılacaqdır. Digər postsovet ölkələrində - Rusiyada, Ukraynada, Qazaxıstanda belə evlərin yaradılması gündəlikdədir. Bu, həm ölkəmizi təbliğ edəcək, həm də ixracatçılar üçün yeni imkanlar yaradacaqdır. Bununla bərabər, Asiya qitəsinin böyük ölkələrində mütləq ticarət evlərimiz olmalıdır. İndi Körfəz ölkələrində bizim məhsullarımıza böyük maraq göstərilir. Əslində, bu marağın da mənbəyi bizim fəaliyyətimizdir. Çünki son vaxtlar biz Körfəz ölkələri ilə, o cümlədən bu istiqamətdə çox işgüzar əməkdaşlıq qura bilmişik və oraya Azərbaycan məhsullarının çıxarılmasına nail olmuşuq. Bizim xüsusilə kənd təsərrüfatı məhsullarımıza o ölkələrdə böyük maraq var və Körfəz ölkələrinin istehlak bazarı kifayət qədər böyükdür. Onlar bizdə istehsal edilən və ixrac olunan malların bir çoxunu xaricdən, başqa ölkələrdən gətirirlər, idxal edirlər. Ona görə, biz bu bazarlara fəal girməliyik. Bunun üçün də Körfəz ölkələrində mütləq ticarət evləri yaradılmalıdır.

Biz əlbəttə ki, bizim üçün prioritet olan ixrac bazarlarında böyük satış şəbəkələri ilə işgüzar əməkdaşlıq qurmalıyıq. Onların adları bəllidir. Onları Azərbaycana dəvət etmək, imkanlarımızı göstərmək, bizim əsas, qabaqcıl müəssisələrə səfərlərini təşkil etmək lazımdır. Gəlib öz gözləri ilə görsünlər ki, burada həm böyük potensial var, həm də bizim məhsullarımız rəqabətqabiliyyətlidir. Əlbəttə, mən öz həmkarlarımla, başqa ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər zamanı daim bu məsələni qaldırıram. Çünki bizim ticarət dövriyyəmiz artmalıdır və mallarımız o ölkələrin bazarlarına çıxmalıdır. Əlbəttə ki, siyasi dəstək göstərilir, ancaq biz müxtəlif səviyyələrlə işləməliyik və ən yaxşı yol, yenə də deyirəm, böyük satış şəbəkələri ilə münasibətlər qurmaq və onları Azərbaycana dəvət etməkdir.

İxrac missiyalarımız artıq öz səmərəsini göstərir. Bu missiyaların çox böyük faydası var və il boyu bu missiyalar təşkil edilməlidir. Bu, avtomatik rejimdə olmalıdır, yəni, artıq mənim göstərişimlə yox. Hər il müxtəlif dövlət qurumları öz iş planına salmalıdırlar ki, bu il neçə ixrac missiyası hansı ölkələrə ezam ediləcəkdir. Bizim üçün ən yaxşı potensial bazar olan ölkələrə hər il missiyalar getməlidir. Böyük ölkələrin müxtəlif bölgələrinə xüsusi missiyalar təşkil edilməlidir. O ölkələrin təkcə paytaxt şəhərlərinə yox, bütün bölgələrinə, bütün regionlarına müntəzəm olaraq bizim qruplarımız getməlidir.

Biz keçən il sahibkarlarımızın aparıcı beynəlxalq sərgilərdə iştirakını mütəşəkkil qaydada təmin etmişik. Əvvəlki illərdə bu, o qədər də geniş vüsət almamışdır və bəzi hallarda bizim beynəlxalq sərgilərdə iştirakımız formal xarakter daşıyırdı. Bir qrup insan ezam edilirdi. Onlar orada bir neçə gün vaxt keçirirdilər və demək olar ki, bu iştirakın o qədər də böyük əhəmiyyəti olmurdu. Bizim beynəlxalq sərgilərdə iştirakımızın əsas vəzifəsi məhsulumuzu orada təbliğ etməkdir. Ən gözəl nəticə ondan ibarət ola bilər ki, o sərgi zamanı hansısa bir kontrakt da imzalansın. Artıq birinci təcrübə var və bu, burada da səsləndi. Çində böyük partiya şərabımızla bağlı artıq kontrakt imzalanıb və ixrac ediləcək. Ona görə, sərgilərdə iştirakımız praktiki məna daşımalıdır. 

Biz dünyanın bütün aparıcı sərgilərində iştirak etməliyik. Dövlət qurumları və sahibkarlar bunu öz iş qrafiklərinə salmalıdırlar. Əlbəttə ki, dövlət orqanları, xüsusilə İqtisadiyyat Nazirliyi bu işləri təşkil edir, təşkil edəcək və sahibkarlar da fəal olsunlar. Çünki əvvəlki illərdə bizim problemlərimizdən biri də ondan ibarət olmuşdur ki, sahibkarlar tərəfindən də ixrac məsələlərinə lazımi diqqət göstərilmirdi. Bunun müxtəlif səbəbləri var. Onu da deməliyik ki, dövlət orqanları da buna o qədər də böyük fikir vermirdilər. Belə olan halda, işlər daha çox öz axarı ilə, kortəbii gedirdi. Ancaq bundan sonra biz ixrac məsələlərini mütəşəkkil qaydada, kompleks şəkildə həll etməliyik. Bugünkü müşavirənin məqsədi məhz bundan ibarətdir.

"Azexport” portalı yaradıldı. Bu barədə mən giriş sözümdə dedim. İndi biz "Azexport” portalını müfəssəl məlumatlarla təmin etməliyik. Sahibkarlar bu portala öz fəaliyyətləri haqqında məlumat yerləşdirsinlər və mütəmadi olaraq bu portalla maraqlansınlar, görsünlər ki, nəyə tələbat var, hansı sifarişlər yerləşdirilir. Çünki biz artıq bunun ilkin nəticələrini görürük. Portalın fəaliyyəti nəticəsində artıq bir çox kontraktlar imzalanıb. Ancaq, eyni zamanda, nəyi görürük? Bəzən sifariş gəlir, ancaq ixrac ediləcək məhsulumuz olmur. Ona görə, bu portalın mənası təkcə ondan ibarət deyil ki, biz öz məhsulumuzu ixrac edək, halbuki birinci vəzifə bundan ibarətdir. 

Eyni zamanda, bu portal bizə tələbat haqqında, regionlar haqqında məlumat verəcək, hansı regiondan, hansı ölkədən hansı məhsula tələbat var və bunu dövlət qurumları da, sahibkarlar da görəcək. Görəcək ki, misal üçün filan məhsula tələbat var, ancaq Azərbaycanda bunun istehsalı lazımi səviyyədə deyil. Deməli, dövlət də Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə o sahəyə kreditlər verəcək. Sahibkar da görəcək ki, əgər o məhsulu istehsal etsə, yetişdirsə, bunun bazarı olacaqdır. Ona görə, buna nail olmaq üçün birinci növbədə, bütün Azərbaycan şirkətləri öz məhsulları, ixracyönümlü məhsulları haqqında "Azexport” portalına məlumatlar yerləşdirsinlər və bu portalı izləsinlər. Əlbəttə ki, dövlət qurumları da daim monitorinq aparmalıdırlar. Tələbat əslində təklifi də stimullaşdıracaq.

Qeyd etdiyim kimi, "Made in Azerbaijan” brendi artıq dünyada özünü göstərir və dövlət xətti ilə bu brendin təbliği istiqamətində işlər gedir. Biz, eyni zamanda, böyük dövlət və özəl şirkətlərini də bu işə cəlb etməliyik ki, onlar da fəaliyyət göstərdikləri ölkələrdə bu brendi təbliğ etsinlər. Xüsusilə burada dövlət qurumlarından söhbət gedir. O şirkətlər ki, onların xaricdə geniş fəaliyyət dairəsi var, ilk növbədə, Dövlət Neft şirkəti - SOCAR, Azərbaycan Hava Yolları - AZAL, Dəmir Yolu və digər böyük dövlət şirkətlərimiz xarici tərəfdaşlarla təmasdadırlar, xarici ölkələrdə fəaliyyət göstərirlər. Onlar "Made in Azerbaijan” brendinin təbliğində fəal iştirak etməlidirlər və müntəzəm olaraq dövlət qurumlarına məlumat verməlidirlər ki, bu brendin təbliğində hansı işləri görüblər. Ola bilər İqtisadiyyat Nazirliyi onlar üçün xüsusi bir tövsiyə, necə deyərlər, metodiki kitabça da hazırlasın ki, onlar bu işi planlı şəkildə aparsınlar. Çünki bunu hamı yaxşı bilir ki, reklam, əlbəttə, ticarətin ayrılmaz hissəsidir.

Biz xarici bazarları da geniş təhlil etməliyik, araşdırmalıyıq. Çünki indi bazarlar uğrunda mübarizə gedir. Bizə elə gəlməməlidir ki, biz burada istehsalı artıracağıq, ixracyönümlü məhsulları istehsal edəcəyik və ondan sonra bütün məsələlər öz həllini tapacaq. Yox, biz bazarlar uğrunda mübarizə aparmalıyıq və aparırıq. 

Bunun üçün, ilk növbədə, xarici bazarlar dəqiq təhlil edilməlidir, həm onların indiki vəziyyəti, həm də perspektivləri. Biz də bunu yaxşı bilirik ki, indi bir çox ölkələr daxili tələbatını daxili istehsal hesabına təmin etmək istəyirlər və təkcə biz bu işlə məşğul olmuruq. Ona görə, bizim üçün bilmək vacibdir ki, məsələn, ənənəvi bazarlarda hansı tendensiyalar gedir, hansı dövlət proqramları icra edilir və bu proqramların nəticəsində hansı məhsulun yetişdirilməsi, istehsalı gözlənilir və öz işimizi buna uyğun şəkildə planlaşdırmalıyıq. Bizim üçün indi ənənəvi bazarlar var və o bazarlara ənənəvi məhsulumuz ixrac edilir. Ancaq bir gün o bazarlarda, o ölkələrdə onlar daxili tələbatı təmin edəcəklər, bizim məhsulumuza ehtiyac olmaya bilər, onda biz nə edəcəyik? Ona görə, bax, burada çox ciddi analiz aparılmalıdır ki, mövcud vəziyyət və potensial vəziyyət nədən ibarətdir.

Bununla paralel olaraq biz yeni bazarlara çıxmalıyıq. Elə fikirləşməməliyik ki, bizim burada ənənəvi qonşuluqda bazarlarımız var və nə istehsal ediriksə, onu da oraya göndəririk. Biz bu sahədə də çox dəqiq siyasət aparmalıyıq. İxracın şaxələndirilməsi məsələləri təkcə çeşidlərlə ölçülmür. Biz coğrafiyanın şaxələndirilməsinə və bütövlükdə yeni bazarlara çıxışa nail olmalıyıq, ənənəvi bazarlarda mövqelərimizi daha da möhkəmləndirməliyik. Bunun, əlbəttə ki, müxtəlif yolları var. 

İlk növbədə və ən başlıcası hesab edirəm ki, burada əsas məsələ yaxşı siyasi əlaqələrin mövcudluğudur. Azərbaycanın demək olar ki, bütün ölkələrlə, o cümlədən, ilk növbədə, qonşu ölkələrlə çox yaxşı işgüzar dostluq münasibətləri var. Bu, bu gün dünya miqyasında o qədər də tez-tez rast gəlinən mənzərə deyil. Daha çox qonşular arasında mübahisələr olur, problemlər yaranır. Ermənistan istisna olmaqla bizim heç bir qonşu ilə heç bir problemimiz yoxdur. Əksinə, son illər ərzində apardığımız siyasət nəticəsində dörd qonşu ölkə ilə bizim münasibətimiz sürətlə inkişaf edir və bu gün ən yüksək səviyyədədir. Ona görə, bu imkanlardan sahibkarlar da istifadə etməlidirlər. Onlar üçün qonşu bazarlara və hər hansı bir bazara çıxış əldə etmək üçün heç bir siyasi əngəl yoxdur. Amma biz görürük ki, harada siyasi problemlər var, bu, sahibkarlara da dərhal təsir edir, müxtəlif bəhanələrlə məhdudedici tədbirlər görülür, ixrac üçün problemlər yaranır. Bizim sahibkarlar bundan azaddırlar. Bizim siyasətimizin sayəsində bu, yoxdur.

Ancaq bir daha demək istəyirəm ki, biz bazarları, indiki durumu və perspektivləri çox dəqiq təhlil etməliyik və yeni bazarlara çıxış əldə etməliyik. Biz xarici bazarlarda öz mövqelərimizi möhkəmləndirməliyik və bunun üçün logistika mərkəzlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Birinci belə təcrübə var. Artıq burada çıxışlarda da səsləndi. Qazaxıstanın Aktau vilayətində Azərbaycanın xaricdə birinci logistika mərkəzi yaradıldı. Bu mərkəzin çox böyük əhəmiyyəti var. Bu, bizə imkan verəcək ki, öz məhsullarımızı rahatlıqla Orta Asiya, Qazaxıstan bazarlarına ixrac edək. Başqa ölkələrdə də bu mərkəzlər yaradılmalıdır. Bu işlərdə xaricdə yaşayan azərbaycanlılar da öz rolunu oynamalıdırlar.

Bilirsiniz ki, biz xaricdə yaşayan azərbaycanlıların problemlərinin həlli üçün böyük işlər görürük. Azərbaycan nadir ölkələrdəndir ki, artıq bizdə ənənəvi olaraq xaricdə yaşayan azərbaycanlıların qurultayı keçirilir. Biz onlara həm siyasi dəstək göstəririk, eyni zamanda, onlar üçün biznes imkanları yaradırıq. Onlar da bu işlərdə fəal iştirak etməlidirlər. Bildiyimə görə, onlar bizim yeni təşəbbüslərimizə fəal qoşulurlar. 

Xaricdə yaşayan azərbaycanlılar, xüsusilə MDB məkanında yaşayan soydaşlarımız, o cümlədən bizneslə məşğuldurlar, onların böyük imkanları var. Onlar da öz biznes imkanlarını genişləndirmək, eyni zamanda, öz Vətəninə kömək etmək üçün orada fəal işləməlidirlər. Bu işlər başlayıb və bizim dövlət qurumlarımız bu işlərlə məşğuldur. Mən onları da bu işlərə dəvət edirəm, onların da böyük ticarət şəbəkələri var. Onlar dünyanın müxtəlif yerlərindən məhsul idxal edirlər. Xüsusilə nəzərə alsaq ki, indi bizim imkanlarımız genişlənir, daha çox Azərbaycandan idxal etsinlər.

Biz məhsulun qablaşdırılmasına diqqət göstərməliyik. Mən şadam ki, son vaxtlar buna diqqət göstərilir. Bu Regional İnkişaf Mərkəzinin foyesində kiçik bir sərgi də nümayiş etdirilir. Mən bu sərgidə yeni qablaşdırılmış məhsulları, malları görürəm. Buna çox böyük diqqət göstərilməlidir. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, çalışmalıyıq ki, Azərbaycanda qablaşdırma sənayesi inkişaf etsin. Biz hələ ki, bir çox qabları, həmçinin yardımçı materialları xaricdən idxal edirik. Bunu Azərbaycanda istehsal etmək üçün heç bir problem yoxdur. Bizim indi şüşə zavodumuz fəaliyyət göstərir. Onun da işi təkmilləşdirilməlidir, istənilən növ şüşə qablar, bankalar istehsal olunmalıdır. Karton zavodumuz var. 

Ümumiyyətlə, qablaşdırma bizim idxaldan asılılığımızı azaldar. Çünki istehsal etdiyimiz məhsulların maya dəyərində biz həmişə xarici komponenti axtaranda görürük ki, qablaşdırma burada xüsusi rol oynayır. Ona görə, Azərbaycanda qablaşdırma tam təşkil edilməlidir və buna böyük diqqət göstərilməlidir. Əlbəttə ki, bizim təqdim etdiyimiz bu mallar göz oxşamalıdır.

Biz keçən ildən xarici kütləvi informasiya vasitələrində reklam kampaniyalarına başlamışıq. Bunu turizmə, eyni zamanda, Azərbaycanda istehsal olunan mallara aid etmək olar. Bu iş də müntəzəm olaraq aparılmalıdır. Bunun üçün müvafiq büdcə ayrılmalıdır və hesab edirəm ki, dövlət burada da sahibkarlara kömək göstərməlidir. Çünki sahibkar o əlavə vəsaiti xərcləmək üçün, əlbəttə, yüz dəfə fikirləşər ki, bu reklamı yerləşdirsin, yoxsa yox. Ona görə, bizdə hələ ki, reklamla bağlı o qədər də böyük anlayış yoxdur. Yəqin ona görə ki, indi ixrac ediləcək məhsulların həcmi böyük deyil. Biz bunu etiraf etməliyik. Odur ki, dövlət öz hesabına bizim əsas ixracyönümlü malların təbliği üçün xarici kütləvi informasiya vasitələrində, televiziyalarda, qəzetlərdə reklam kampaniyaları təşkil etməlidir.

Qoy, sahibkarlar istehsal etdikləri və hansı ölkələrə ixrac etdikləri məhsullar haqqında İqtisadiyyat Nazirliyinə öz təkliflərini versinlər. Biz buna başlamalıyıq. Əlbəttə ki, birinci mərhələdə buna qonşu ölkələrdə, MDB məkanında başlamalıyıq. Bu, bizim sahibkarlara növbəti çox gözəl dəstəyimiz olacaqdır.

Sənaye istehsalı ilə bağlı. İndi Azərbaycanda bir neçə böyük sənaye müəssisəsi yaradılır. Mən bu barədə demişəm, sahibkarlara tövsiyələrimi vermişəm, bir daha demək istəyirəm ki, onlar bu böyük müəssisələrin istehsal edəcəyi xammaldan səmərəli şəkildə istifadə etsinlər, yeni fabriklər, zavodlar qursunlar ki, biz hazır məhsulu Azərbaycanda istehsal edək, idxaldan asılılıq azalsın və hazır məhsul ixrac edək. Mən Sumqayıt Kimya Sənaye Parkındakı zavodları xüsusi qeyd etmək istəyirəm. Orada biznes üçün, kiçik və orta sahibkarlıq, ixrac üçün çox böyük potensial var. Sumqayıt polimer və gübrə zavodlar, Mingəçevir Sənaye Parkı. Bu il birinci zavodlar istifadəyə veriləcəkdir. Neftçala, Balaxanı, Pirallahı sənaye zonaları. Bu, artıq geniş vüsət alır və elə etməliyik ki, hər rayonda müasir sənaye zonası olsun. Biz bunu dəstəkləyirik, dəstəkləyəcəyik.

Ölkəmizdə yüksək texnologiyalar inkişaf edir. Biz indi kosmik sənayeni inkişaf etdiririk. Azərbaycan dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür. Bizim iki peykimiz var, üçüncü peyk hazırlanır və biz bu xidmətləri artıq xaricə satırıq. Bu da ixracın bir növüdür. Biz birinci və ikinci peykləri orbitə buraxanda əlbəttə ki, bir neçə məqsədi güdürdük. Bu, yenilikdir, texnologiyadır. Kadr hazırlığı baxımından bunun böyük əhəmiyyəti var. Azərbaycanın imici artacaq və eyni zamanda, biz buna bir biznes layihə kimi baxırıq və artıq ora qoyulan vəsaiti bu peyklər qaytarmağa başlayır. Bildiyimə görə, artıq üçüncü peykin xidmətlərinin bir hissəsi barədə kontraktlar imzalanıb. Ona görə, bu da ölkəmizə gəlir, valyuta gətirən bir sahədir. Biz bunu dövlət xətti ilə etmişik. Ancaq inkişaf etmiş ölkələrdə biznes qurumları özləri peykləri sifariş edirlər, özləri orbitə buraxırlar və özləri də pul qazanırlar. Bilirəm ki, elə ölkələr var ki, o qədər də böyük deyil, amma o ölkələrdə bəlkə də onlarla peyk var. Nəyə görə? Çünki bu, biznes üçün əlverişlidir. Biz artıq kosmik sənayenin biznes imkanlarını da genişləndirməliyik və qeyd etdiyim kimi, bu, bizim üçün valyuta mənbəyidir.

Eyni zamanda, bizim yeni bir ixrac istiqamətimiz yaradılıbdır. Bu da hərbi texnikanın ixracıdır. Bu da yenilikdir. On il bundan əvvəl bunu təsəvvür etmək mümkün deyildi ki, Azərbaycan silah, texnika ilə nəinki öz tələbatını özü təmin edəcək, eyni zamanda, bunu ixrac edəcək. Bu gün bu, reallıqdır, biz buna nail olmuşuq. On ildən çox bundan əvvəl Müdafiə Sənayesi Nazirliyi yarananda biz artıq bilirdik ki, bu gün gələcək və gəldi. Bu gün nəinki biz ordumuzun əsas tələbatını özümüz ödəyirik, biz ixrac da edirik. Biz beynəlxalq sərgilərdə iştirak etmişik. Bax, bu, bir daha göstərir ki, sərgilərdə iştirak etmək nə qədər əhəmiyyətlidir. Bakıda iki dəfə beynəlxalq silah sərgisi təşkil edilib. Bizim silah ticarətimiz artır. Bu da ölkəyə böyük valyuta gətirir. Hazırda Azərbaycanda mindən çox adda, o cümlədən ən son texnologiyalara əsaslanan hərbi təyinatlı məhsullar istehsal olunur. Ona görə, bu sahə də daim diqqət mərkəzində olmalıdır və burada ixrac potensialı artır.

Biz təbii ki öz resurslarımızdan səmərəli şəkildə istifadə etməliyik. Bu istiqamətdə də işlər ardıcıl gedir. Azərbaycanın zəngin təbii ehtiyatları var. Bizim təbii ehtiyatlarımız təkcə neftlə, qazla məhdudlaşmır. Bizim qızıl yataqlarımız var və bir müddət bundan əvvəl "AzerGold” dövlət qurumu, səhmdar cəmiyyəti yaradılmışdır. Artıq o, həm qızıl yataqlarının işlənilməsi, həm də ixracı ilə məşğuldur. Təkcə qızıl yataqları deyil, bizdə gümüş yataqları, digər qiymətli metalların ehtiyatları var. Bu sahə dövlətə çox böyük gəlir gətirəcək. Milyonlarla, on milyonlarla dollar ixrac potensialı yaranır və artıq bu işlər müasir əsaslar üzərində qurulub. Bu da böyük ixrac potensialımızdır. Dövlət əlbəttə ki, öz dəstəyini göstərir, göstərəcək ki, "AzerGold” dünya səviyyəli bir mədənçilik şirkətinə çevrilsin.

Bizim böyük bir sərvətimiz də var, ancaq ondan səmərəli şəkildə istifadə edə bilmirik. Bu da dəmir filizidir. Hələ Çar Rusiyası dövründə, həmçinin sovet vaxtında bizim dəmir filizimizə çox böyük maraq var idi. Hələ Çar Rusiyası zamanı Avropadan buraya gəlmiş insanlar, o vaxtın biznesmenləri buna çox böyük maraq göstərirdilər və işləri də təşkil etməyə çalışırdılar. Ancaq əfsuslar olsun ki, müstəqillik dövründə bu sahəyə kifayət qədər diqqət göstərilməmişdir. 

Əfsuslar olsun ki, biz bu günə qədər vahid bir istehsalat sahəsini yarada bilməmişik. Daşkəsən dəmir filizi yatağı dünya miqyasında böyük yataqlardan biridir və onun indiki vəziyyəti əlbəttə ki, bizi qane edə bilməz. Müxtəlif dövrlərdə müxtəlif təkliflər irəli sürülmüşdür. Hətta dövlət qurumu da yaradılmışdır, ancaq sonra işləyə bilmədi. Özəl sektor da buna vaxtaşırı maraq göstərirdi. Vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı ciddi addımlar atılsın. Bütün istehsalat zənciri yaradılmalıdır, filizdən başlamış son ixrac məhsuluna qədər. 

Həm bizim ixracımız artacaq və idxaldan asılılıq kəskin aşağı düşəcək. Çünki hazır məhsulun idxalı üçün xaricə böyük vəsait gedir və getdikcə daha çox gedəcək. Çünki bizim inkişaf dinamikamız bundan sonra da elə sürətli olacaq ki, daxili tələbat artacaq. Ona görə, Daşkəsən dəmir filizi yatağının işlənməsi və vahid istehsalat zəncirinin yaradılması gündəlikdə duran vacib məsələlərdən biridir".


Digər xəbərlər
SON XƏBƏRLƏR