Şriftin ölçüsü / 496 dəfə oxunub

Məmurların “daydayısı”...

14 Aprel 2017 [19:12]

Ölkədə daha bir jurnalist-məmur qalmaqalı yaşandı. Daha dəqiq desək, məmurun öz vəzifə borcunu yerinə yetirən jurnalisti şillələməsinin növbəti dəfə şahidi olduq.

Məlum olduğu kimi, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev gənc jurnalistə təzyiq göstərib. Hadisə icra başçısının "Sovetski”də tarixi "Hacı Cavad” məscidinin sökülməsinə etiraz edən paytaxt sakinləri ilə görüşü zamanı baş verib.

Fərqanə Novruzova adlı jurnalist hadisə yerinə gələn İbrahim Mehdiyevdən açıqlama almaq istəyib. Lakin başçı ona əsəbi tonda "açıqlama vermirəm” deyərək, yoluna davam edib. Xanım jurnalist təslim olmaq istəmədiyi üçün israrla İbrahim müəllimin arxasınca düşüb. Başçı çıxış yolunu, arıq, çəlimsiz jurnalisti vurmaqda görüb.

Düzü, bu hadisənin ölkə üçün heç bir əhəmiyyəti yoxdur. Bir həmkar kimi mən jurnalistə qarşı baş vermiş bu hadisəni şiddətlə qınayır, dərin təəssüf hissi keçirdiyimi bəyan etmək istəyirəm. Amma açıq yazacam: hansısa iriçaplı məmurun zavallı jurnalistə qarşı zorakılıq etməsi indi məni bir o qədər də təəccübləndirmir. Belə baxanda, ortada təəccüblənəsi bir şey yoxdur axı. Bizim ölkəmizdə hər gün o qədər qanunsuzluqlar baş verir ki, stajlı bir icra başçısının zavallı jurnalistə şillə vurması onların yanında toya getməlidir. Qısası, üz cırıb saç yolmağın, sinə döyməyin yeri yoxdur. Biz əvvəllər də bu cür davranışın şahidi olmuşuq...


Amma yenə də qısa xatırlatma etməyi özümə borc bilirəm. "Kütləvi İnformasiya haqqında”, eyni zamanda, "İnformasiya əldə etmək haqqında” qanunda jurnalist-məmur münasibəti, daha doğrusu, informasiya almaq proseduru təsbit olunub. Heç kimə bu hüququ pozmaq ixtiyarı verilmir. Nəhayət, məmurlarımız da dərk etməlidirlər ki, cəmiyyəti operativ informasiya ilə təmin etmək həm də onların vəzifəsidir.

Təəssüf ki, Azərbaycanda məmurların beyni pulla bağlı məsələlərdə daha yaxşı işləyir. Buna görə də digər işləri yarıtmadıqları kimi, cəmiyyəti operativ informasiya ilə təmin etməyi də bacarmırlar.

Amma burda daha maraqlı məqamlar da var. Məsələn, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli jurnalist xanıma qarşı kobudluğu pisləməklə yanaşı, həm də qarşı tərəfi haqlı çıxarmağa çalışıb. Müşfiq bəy deyir ki, informasiya almaq istəyən şəxs ilk növbədə informasiya verməyə məsul olan şəxsə müraciət etməlidir: «Bildiyimiz kimi, hər bir dövlət qurumunda informasiya verilməsinə məsul olan şəxslər var. Onlar mətbuat xidmətləridir, ictimaiyyətlə əlaqələr şöbəsidir və s. Bunlara istənilən formada müraciəət edib, istənilən hadisə barədə informasiya almaq olar və bunu vermək onların borcudur. Görüntüdən belə çıxır ki, özünü jurnalist kimi təqdim edən xanım informasiya əldə etməyə dair qayda və tələblərə əməl etmir və nəticədə də belə bir insident yaranır. İcra hakimiyyətlərinin informasiya verməyə məsul olan orqanları var, jurnalistlər onlara müraciət edib, öz sorğularının cavablarını ala bilərlər”, - deyən Müşfiq Ələsgərli ciddi-cəhdlə jurnalisti məmur qarşısında haqsız çıxarmağa çalışıb.

Birincisi, jurnalist informasiya almaq üçün müraciət edir, amma cavab almır. İkincisi, qurumun əsas söz sahibi dura-dura hansısa şöbə əməkdaşını axtarmaq naşılıq olmazdımı? Üçüncüsü, hörmətli Müşfiq Ələsgərli kimin dosutudur, kimin həmkarıdır? Görəsən, Jurnalistlərin Həmkarlar İttifaqı nə zaman həmkar təəssübü çəkəcək? Bu qurumun əsas işi jurnalistlərin huquqlarını qorumaq, onlara qahmar çıxmaq deyilmi? Görünən odur ki, biz yanlış bilirik.

Ümumiyyətlə, son dövrlər jurnalist təşkilatlarının əksəriyyəti media nümayəndələrinin əleyhinə işləyən, onları gözümçıxdıya salan qurumlar kimi çıxış edirlər. Səbəbi – hikməti bizə məlum olsa da, həmkar təəssübkeşliyi göstərib, hamını bu "hikmətdən” xəbərdar etmirik. 
Amma nooolar, bir dəfə də siz həmkar təəssübkeşliyi göstərin…

Zaur ƏHMƏD







SON XƏBƏRLƏR
17:14 21.04.2017
Qara zanbaq – An-12