Xarici musiqiçilər BAMF prezidenti ilə görüşüblər - Açıqlama və konsert anonsu + VİDEO

img

28-03-2017 [19:58]


Azərbaycanda Frankofoniya ayı münasibətilə Fransa və Yunanıstan səfirlikləri və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə təşkilatçılığı ilə azərbaycanlı, yunan və fransız musiqiçilərinin konserti keçiriləcək. 
 
Mia.az xəbər verir ki, üç ölkənin milli musiqi sənətinin aparıcı simaları – Qoçaq Əsgərov, Eleni və Suzana Vugiukli və Pier de Tregomen tədbirin əsas təşkilatçılarından olan BAMF-ın prezident Umud Mirzəyevlə görüşüblər.  
 
BAMF-ın ofisində baş tutan görüşdə U. Mirzəyev yunan və fransız qonaqlara Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil edən muğam sənətindən danışıb. O, bildirdi ki, muğam Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malikdir. 
 
BAMF prezidenti qeyd etdi ki, Xalqımızın köklü mədəni dəyərlərinin ayrılmaz hissəsi olaraq qəbul edilən Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilmişdir. 

U. Mirzəyev bildirdi ki, Azərbaycanda bir neçə tanınmış muğam ifaçılıq məktəbi var və onlardan biri və xüsusi maraq doğuranı Qarabağ muğam məktəbidir. O, qeyd etdi ki, Qarabağ muğam məktəbi əsasən Şuşada formalaşmışdır. Özünün əslən Qarabağ bölgəsindən olduğunu xatırladan U. Mirzəyev artıq 25 ildir Şuşanın və digər rayonlarımızın Ermənistan tərəfindən işğal altında saxlanıldığını söylədi. 
 
Musiqinin barış dili, sülh carçısı olduğunu deyən BAMF prezidenti belə tədbirlərin xalqlar arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirdi.

Səmimi görüşə və muğam haqda geniş məlumata görə təşəkkür edən qonaqlar, bildirdilər ki, müxtəlif mədəniyyətlərin təmsil olunduğu birgə konsertlər qədim tarixi olan ənənəvi sənət növlərinin inkişafına təkan verir.
 
Xatırladaq ki, konsert aprelin 1-də Muğam Mərkəzində baş tutacaq. 

Qeyd edək ki, Frankofoniya günü hər il Bakıda yazda keçirilir. Frankofoniya fransız dilində danışan insanları birləşdirir. 1970-ci ildən eyni adlı təşkilat da fəaliyyət göstərir və o, dünyanın frankdilli ölkələrinin əməkdaşlığı ilə məşğuldur.
 
Konsertə bilet əldə etmək istəyənlər (+99450) 229 39 11 nömrəli telefonla və [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər. 




Digər xəbərlər
SON XƏBƏRLƏR